Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Ryazan şəhərində iki qadının – 41 yaşlı turagent Yelena Smirnova və 40 yaşlı bərbər Olqa Şilyayevanın Ukraynaya qarşı müharibədə döyüşmək üçün əcnəbiləri cəlb etdiyi məlum olub.
Musavat.com xəbər verir ki, bu məqsədlə 2023-cü ildə Ryazanda xüsusi “kanal” yaradılıb.
Bu vasitə ilə Rusiya ordusuna əsasən Kuba və Şri-Lanka vətəndaşları göndərilirmiş. Yeni gələnlər sosial şəbəkələrdə verilən elanlar vasitəsilə tapılıb. Onlara bəzən Müdafiə Nazirliyi ilə müqavilə bağladıqda yüksək ödənişlər vəd edilib, bəzən isə “tikinti işində əmək haqqı ilə iş” adı altında cəlb olunublar.
Smirnova və Şilyayeva öz pulları ilə həmin əcnəbilərə bilet alıb, Rusiyada qalma və digər xərcləri ödəyiblər. Müqavilə bağlayan şəxslərin bu xərcləri ilk maaşlarından geri ödəyəcəkləri güman olunub. Bu “fırıldaq firmasının” vasitəsilə təxminən 3 minə yaxın əcnəbi Rusiya ordusuna göndərilib.
Lakin sxem çox keçmədən pozulmağa başlayıb. Bəzi şəxslər Smirnovaya borclarını qaytarmayıb, digərləri isə bildiriblər ki, onlara ümumiyyətlə müharibədən danışılmayıb – guya tikintiyə işə aparılacaqları deyilib, amma sonradan hərbi hissələrə və səngərlərə zorla göndəriliblər. Bir çoxu rus dilini bilmədiyinə görə nə imzaladıqlarını anlamadan müqaviləyə qol çəkiblər.
2024-cü ilin aprel ayının sonunda bir neçə kubalı Rusiya polisinə şikayət ərizəsi təqdim edib. Bunun ardınca Smirnova və Şilyayeva həbs olunub və istintaq təcridxanasına yerləşdirilib. Lakin bir müddət sonra onları da oradan müharibəyə göndəriblər. Hazırda hər iki qadın “Ştorm V” adlı həmlə rotasının tərkibində döyüşür.
Olqa Şilyayevanın bacısı sosial şəbəkədə yazıb ki, onu “aldadaraq və zorla” təcridxanadan cəbhəyə göndəriblər.
Musavat.com
13 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ