Onlayn ictimai-siyasi qəzet
Bu gün Binəqədi rayon məhkəməsində Xalq artisti Ağadadaş Ağayevlə əlaqəli daha bir məhkəmə prosesi keçirilib.
Musavat.com xəbər verir ki, hakim Elçin Ağayevin sədrlik etdiyi prosesdə hazırda şahidlərin dindirilməsi mərhələsidir.
Bu iş üzrə “MedEra” Hospitalın yerləşdiyi binanın mühafizəçisi Nurəddin Cəlilovun müttəhim, Ağadadaş Ağayev isə zərərçəkən statusundadır.
Ağadadaş Ağayev bu gün keçirilən, özünün müttəhim olduğu əvvəlki prosesə qatılsa da, bu prosesə qatılmayıb. Vəkili Ağadadaş Ağayevin səhhəti ilə əlaqədar prosesdə iştirak etmədiyini bildirib.
Prosesdə Binəqədi rayon Mənzil-Kommunal İstismar Sahəsinin işçisi Validə Cabbarova, “MedEra” Hospitalında xəzinədar vəzifəsində çalışan Güldəstə Aşurlu və xadimə Xuraman Abbasova dindiriliblər.
Təqsirləndirilən Ağadadaş Ağayevin vəkili hər 3 şahidin məhkəmədəki ifadələri ilə ibtidai istintaqa verdikləri ifadə arasında ziddiyyət olduğunu bildirib. Eyni zamanda şahidlərə yalan ifadəyə görə məsuliyyət daşıdıqlarını xatırladıb.
Cinayət işi üzrə şahidlərin dindirilməsi başa çatıb. Növbəti prosesdə sənədlərin tədqiqi mərhələsi başlayacaq.
Xatırladaq ki, məlum insidentlə bağlı bir deyil, 2 cinayət işi istintaq olunub. Cinayət işlərindən birində Xalq artisti Ağadadaş Ağayev təqsirləndirilən şəxs, mühafizəçi Nurəddin Cəlilov zərərçəkmiş şəxs statusundadır. Digər cinayət işində isə Nurəddin Cəlilov müttəhim, Ağadadaş Ağayev qarşı tərəfdir.
Xatırladaq ki, iyulun 22-də Binəqədi rayonu ərazisində baş vermiş insidentdən sonra Ağadadaş Ağayev videomüraciət yayaraq hadisə ilə bağlı öz versiyasını təqdim edib. Bundan sonra onun balta ilə hücum etdiyi mühafizəçi Nurəddin Cəlilov Musavat TV-nin qonağı olub. Baş vermiş insidentin detallarını açıqlayan Nurəddin Cəlilov Ağadadaş Ağayevin baltalı hücumuna rəğmən, onunla barışa biləcəyini dilə gətirib.
Deyib ki, Ağadadaş Ağayevi yerə yıxandan sonra vurduğuna görə peşmandır və üzrxahlıq da edib. Birbaşa efirdən Ağadadaş Ağayevə ünvanlanan sülh təklifinə xalq artisti bir müddət sonra reaksiya verib və məlum barışıq sazişi imzalanıb.
İnsidentlə bağlı yayılan videolardan aydın olur ki, Ağadadaş Ağayev “MedEra Hospital”ın yerləşdiyi binanın mühafizə xidmətində çalışan Nurəddin Cəlilova bir dəfə deyil, 3 dəfə hücum edib.
Nurəddin Cəlilov məhkəmədə deyib ki, Ağadadaş Ağayevlə insidentə səbəb Xalq artistinin ona nalayiq ifadələr işlətməsi olub:
“Hadisə səhər saat 8-ə qalmış baş verib. Mən “MedEra Hospital”a gələn xəstəyə aid avtomobili park edən vaxt yuxarıdan qışqırıq səsləri eşitdim. Ağadadaş Ağayev həmin vaxt öz balkonundan mənə qışqırırdı. Birinci ona fikir vermədim. Sonra o, yenə təkidlə mənə “bura gəl, qorxma, gəl bura” deyə səslənməyə davam etdi. Mən dedim ki, mənimləsiniz? Dedi ki, hə. Daha sonra mən ona cavab verdim ki, nə üçün qorxmalıyam? O, yenə təkidlə mənə dedi ki, gəl bura. Yenidən cavab verdim ki, mən hazırda iş başındayam və ərazidən uzaqlaşa bilmərəm. Daha sonra o, mənə üzünü tutaraq “ermənidən əmələ gələn, sənə demirəm bura gəl...”, - deyə qışqırmağa başladı.
Daha sonra o, yenə söyüşlərə davam etməyə başladı. Mühafizəçi bildirib ki, bu söyüşlərdən sonra Ağadadaş Ağayev əlində balta “MedEra Hospital”ın həyətinə doğru irəliləməyə başlayıb: “Mən həmin vaxt öz işimlə məşğul idim. Bir də gördüm ki, uzaqdan “mən səni baltalayaram və heç kim mənə heç nə edə bilməz!” ifadələrini qışqıra-qışqıra deyərək, mən tərəfə yaxınlaşmağa başlayır. O, yenə nalayiq ifadələr işlədir, mən yenə də ona fikir vermirəm və iki dəfə ərazidən uzaqlaşıram. Daha sonra o, baltanı mən tərəfə atır və bundan sonra baş verən hadisələr məlumdur. Əgər məsələ Ağadadaş Ağayevin dediyi kimidirsə, ona həkim lazım olubsa, niyə mənə hücum etmək əvəzinə elə “MedEra”ya daxil olmurdu? Məni 3 dəfə balta ilə “MedEra”nın qapısına qədər qovan Ağadadaş Ağayev niyə 1 dəfə hospitalın içinə daxil olub həkim istəmədi?”
Ağadadaş Ağayevə yekun olaraq Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə yekun ittiham elan edilib.
Proses fevralın 6-da davam etdiriləcək.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
23 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ