Onlayn ictimai-siyasi qəzet
"Ermənistan rəhbərliyinin xarici siyasət arenasında absurd hərəkətləri xaosa gətirib çıxarır".
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Stenford Universitetinin siyasi elmlər doktoru Artur Xaçikyan deyib.
“Ermənistanın xarici siyasəti hələ də bəlli deyil. Öncə deyirlər Ermənistan Rusiyadan ayrılmaq istəyir, amma qopa bilmir, sonra bildirilir ki, Ermənistan Qərbə gedir, amma nəticədə bu da baş vermir”, – deyə Xaçikyan yerli “Beşinci kanal”da bildirib.
Onun fikrincə, xarici siyasət uşaq nağıllarına deyil, imkanların ayıq qiymətləndirilməsinə və praqmatizmə əsaslanmalıdır. Nümunə kimi Xaçikyan Ermənistanın Fransadan aldığı yeni topları göstərib. “Əlbəttə, bu, köhnəlmiş “Bastion” PDM-lərindən daha ciddi texnikadır. Amma sual budur ki, bu toplar Ermənistana necə çatdırılacaq. Ankaradan gələn bir zənglə Gürcüstan limanında erməni yükləri bir ay gecikdirilmişdi. Tutaq ki, biz həmin qurğuları Ermənistana gətirə bildik, lakin onların sursatları necə çatdırılacaq? Hamımız Gürcüstanın müharibə zamanı bizim üçün sərhədi bağladığını yaxşı xatırlayırıq. Yeni hücum zamanı bunun baş verməyəcəyinə dair təminatlar haradadır? Bütün hallarda həmin toplardan necə istifadə olunacaq?”- deyə Xaçikyan suallar ünvanlayıb.
Xaçikyanın sözlərinə görə, “bölgədə Ermənistanın mövcudluğunda maraqlı olan yeganə ölkə İrandır və məhz onunla hərbi-texniki əməkdaşlığı artırmaq lazımdır, lakin Ermənistan rəhbərliyi bu addımı da atmır:
“Bununla yanaşı, Ermənistan tərəfi Rusiya ilə münasibətlərini tamamilə korladı və bu da Moskva ilə Bakının yaxınlaşması ilə nəticələndi. Başqa sözlə, ölkənin xarici siyasəti tam fiaskoya çevrilib. Ermənistandan fərqli olaraq Türkiyə və Azərbaycan çox praqmatik və balanslı siyasət yürüdürlər, ona görə də hər şey onların xeyrinə olur. Azərbaycan güclü mövqedən çıxış edir və dayanmayacaq, çünki Bakı Ermənistandan hələ çox şey ala biləcəyinə inanır”.
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ