Onlayn ictimai-siyasi qəzet
İki həftə əvvəl Belmarşda Culian Assanca baş çəkdim və gördüm ki, onun səhhəti çox pisdir. O, beş ildən artıqdır ki, ciddi rejimli həbsxanada davam edən həbsdən əziyyət çəkir.
Bu sözləri “WikiLeaks”in baş redaktoru Kristin Hrafnson AZƏRTAC-a eksklüziv açıqlamasında deyib. O bildirib ki, həbsdən əvvəl də Culian Assanc yeddi il Londonda Ekvadorun səfirliyində, kiçik bir binada mühacir olub, oradan çıxa bilməyib. “Bundan əvvəl isə iki il ev dustaqlığında olub. Beləliklə, o, ümumilikdə 14 il bu və ya digər formada azadlıqdan məhrum edilib. Təbii ki, bu, insanın psixi sağlamlığına təsir göstərir. O, əziyyət çəkir, çox əziyyət çəkir. Amma onun buna dözməsinin yeganə səbəbi bütün dünyadakı insanların dəstəyidir. Ən əsası da həyat yoldaşı Stella Assancın böyük dəstəyinin bunda rolu var”,- deyə Kristin Hrafnson qeyd edib.
Birləşmiş Krallıqda məhkəmə sisteminə o qədər də inanmadığını söyləyən baş redaktor vurğulayıb: “Məhkəmə zallarında məntiqin, sağlam düşüncənin rədd olunmasını müşahidə etdikdən sonra Birləşmiş Krallıqda məhkəmə sisteminə o qədər də inanmıram. Belə nəticəyə gəldim ki, Culian Assancla bağlı bütün proses təhrif olunub. Bu, proses korrupsiyalaşıb və siyasiləşib. Ona görə də ədalətli nəticəyə inanmıram”.
O, Culian Assancın ABŞ-da da ədalətli şəkildə mühakimə olunmayacağını düşündüyünü deyib. “Sadə bir faktdır ki, o, ABŞ-a ekstradisiya edilsə, Virciniya ştatının şərq bölgəsindəki "casus məhkəməsi" adlandırdıqları yerə sürgün olunacaq. Burada hamı bilir ki, həmin məhkəmədə jüri heyəti o ərazidəki dövlət qurumlarında işləyən şəxslərdən ibarətdir. Casusluq ittihamı ilə məhkəmənin qarşısına çıxarılan hər kəs 100 faiz günahkar bilinir. Ona görə də Culianın heç bir ədalətli mühakimə şansı yoxdur. Üstəlik, ölkə liderlərinin şərhləri ilə iş bu qədər siyasiləşib”, - deyə baş redaktor əlavə edib.
Qeyd edək ki, Kristin Hrafnson 2018-ci ildən “WikiLeaks”in baş redaktorudur. O, islandiyalı tədqiqatçı-jurnalistdir. Kristin 2010-2017-ci illərdə “WikiLeaks”in sözçüsü olub.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
29 Dekabr 2024
28 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ