İnsanlara hürriyət, millətlərə istiqlal!

Virtual Ermənistanın gücü, Paşinyanın manipulyasiyaları- sülh sazişi nə zaman imzalanacaq?

Ermənistan 2020-ci ildəki məğlubiyyətlə barışmamaqla yanaşı, bu günə qədər də təxribat törətməyə davam edir. Bu günə qədər müharibə itkilərini açıqlamayan, üstəlik davamlı təxribat törətməklə Paşinyan hakimiyyəti siyasi ideyalarından vaz keçmədiyini sübut edir.

Təxribatların pik həddi 13-14 sentyabr tarixlərində yaşandı. Görünür, Ermənistan rəhbərliyi vəziyyətə müdaxilə etmək üçün bu yolu seçdi, böyük itki ilə cavabını aldı. Ötən gün erməni silahlı qüvvələri növbəti təxribata əl atdı. Azərbaycanın Kəlbəcər rayonu istiqamətində törədilən təxribat nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin bir əsgəri yaralandı. Ermənistan Müdafiə Nazirliyi 3 hərbçisini itirdiyini etiraf edib.




Millət vəkili Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, Ermənistanın məqsədi yeni müdafiəçi tapmaqdır: “Ermənistan sülh prosesini Rusiya çökənə qədər uzatmaq istəyir. Danışıqların imitasiyasını da davam etdirirlər. Guya danışıqlar aparılır, saziş üzərində işləməyə hazırdırlar. Lakin son 30 ildə olduğu kimi əsas məqsəd beynəlxalq ictimaiyyəti aldatmaqdır. Təxribatlar davam etsə, Azərbaycan 44 günlük müharibədə olduğu kimi “dəmir yumruğu” işə sala bilər. O ki qaldı Ermənistanın Qərbdən dəstək gözləməsinə, hərbi mənada hər hansı dəstəyin göstəriləcəyinə inanmıram. Bir sıra ölkələrdə erməni lobbiləri çox güclüdür, siyasi proseslərə təsir etmək imkanları var, məsələn, ABŞ konqresi, Fransa parlamenti və s. Eyni zamanda mediaya da təsir imkanları genişdir. Hesab edirəm ki, Ermənistan bundan sonra da iftiralara davam edəcək”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu qeyd etdi ki, nə ABŞ, nə də Fransa Ermənistana dəstək verməyəcək: “ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin İrəvana səfəri ilə Rusiya ilə münasibətlər pozuldu, hətta bizim manevr imkanlarımız artdı. NATO-nun bölgədə əsas tərəfdaşı Azərbaycan və Gürcüstandır. NATO-nun ikinci ən böyük dövləti Türkiyə bizim müttəffiqimizdir. NATO bizimlə qarşı-qarşıya gəlməyəcək. ABŞ, Fransada ermənipərəstlər var, lakin rəsmi qurumlar belə anlayırlar ki, bölgənin əsas dövləti Azərbaycandır. N.Pelosinin səfərindən dərhal sonra Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken prezident İlham Əliyevə zəng etdi.
E.Makron N.Paşinyanı qəbul etdi, lakin Cənubi Qafqaz üzrə xüsusi elçisi Bris Rokfeyi Bakıya göndərir. Onlar da anlayırlar ki, Azərbaycana qarşı ikili oynamaq olmaz. Azərbaycan Rusiya deyil ki, hər hansı sanksiya tətbiq edilsin. Paşinyan çıxılmaz vəziyyətdədir, rəqibləri bölgədə güclü Türkiyə və Azərbaycan amilini mütəmadi vurğulayırlar. Levon Ter-Petrosyan deyib ki, Azərbaycan və Türkiyə ilə sülh sazişi imzalanmalıdır. Əsas rəqibi R.Köçəryan belə deyib ki, Rusiya Azərbaycana təsir etməyəcək. Reallıq budur ki, sülh sazişi imzalanmalıdır. Əks halda, Qərb belə Ermənistanı xilas etməyəcək, bölgədə vəziyyət gərgin olaraq qalacaq. Dünya gücləri Ermənistanı başa salmalıdırlar ki, Azərbaycanın ərazi bütövlüyünü tanımaq lazımdır. Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanımağa hazırdır. Bu halda Zəngəzurla bağlı qorxu bitər. Proses sürətlənməsə, bölgədə müharibə olacaq. Sülh sazişi ilə bağlı işçi qrup yaradılmayıb, sərhədlər müəyyənləşməyib, dəhliz açılmayıb. Prosesin uzanması Ermənistana ziyandır. Biz yenə də hərbi gücdən istifadə edib, daha da irəliləyəcəyik. Biz şəhidlər verərək strateji yüksəklikləri ələ keçiririk. Ermənistan isə sadəcə itkilər verir. Sülh sazişi imzalansa, bu proses dayanar. Lakin Paşinyan qorxur ki, onu satqın adlandırarlar. Praqada Avropa İttifaqının qeyri-rəsmi sammitində görüşlərin keçiriləcəyi nəzərdə tutulur. Lakin zənnimcə, ciddi nəticə olmayacaq”.

Ekspertin fikrincə, Ermənistandakı daxili təzyiqlər Azərbaycana manevr imkanı qazandırır: “Rusiyanın əlində bizə təzyiq etmək üçün alətlər var, lakin Paşinyana münasibət mənfidir. Putin Azərbaycanla münasibətləri korlamaq istəməz. Ukraynaya işğalçı müharibə fonunda Azərbaycanla qarşıdurma Rusiyanın maraqlarına ziddir. Biz iki istiqamətdə işləməliyik: sərhədlərin müəyyənləşdirilməsi üçün təzyiqləri artırmalı; Qarabağda separatçıları tərksilah etməli, alternativ yolu nəzarətə götürməliyik, orada gömrük və sərhəd xidmətimiz olmalıdır”.

Nigar HƏSƏNLİ,
Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR