İnsanlara hürriyət, millətlərə istiqlal!

Vidadi Zeynalovun qızının evini baş həkimə satacaqdı - Həbs edilən MTK sədrinin işinin TƏFƏRRÜATI

Ləğv edilmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş aparat rəhbəri olmuş Vidadi Zeynalovun mənzilini başqa şəxsə satmaq istəyən MTK sədri həbs edilib. MTK sədri istintaqdan yayındığı üçün axtarışa verilibmiş.

Musavat.com xəbər verir ki, iş üzrə zərərçəkmiş şəxs 1 saylı uşaq poliklinikasının keçmiş baş həkimi Ceyran Məmmədovadır.

O, "Azər-Ross İk” MTK-dan mənzil almaq istəyərkən aldadılıb. MTK-nın sədri Rauf Kərimov 2015-ci ildə 87 min 500 manat dəyəri olan evi Ceyran Məmmədovaya satacağını deyib. İlkin ödəniş olaraq 46 min manat alıb. Qalan məbləğləri isə hər ay hissə-hissə əldə edib.

Mənzilin pulunu ödədikdən sonra C.Məmmədova öyrənib ki, mənzil başqa şəxsə məxsus olub. Mənzilin sahibi isə Vidadi Zeynalov olub. Məlumata görə həmin mənzildə hazırda Vidadi Zeynalovun qızı yaşayır.

Rauf Kərimov uzun illər dəymiş zərəri qaytaracağını vəd edib. Lakin çox az bir hissəsini ödəyib. Onun barəsində çoxsaylı şikayətlər edilib. R.Kərimov əvvəl həbs edilsə də, sonradan azadlığa buraxılıb. Sonra yenə axtarışa verilib. İstintaqdan yayınsa da polislər onu tapa bilib.

Məhkəmədə dindirilən zaman Rauf Kərimov deyib ki, pula ehtiyacı olduğu üçün həmin mənzili zərərçəkmiş şəxsə satıb:

“Mənzilin başqa sahibi olduğunu bilirdim. Amma pula ehtiyacım olduğu üçün satmağı qərarlaşdırdım. Fikirləşdim ki, sonra pulu qaytararam. Aldığım pulları xəstəliyim üçün xərcləmişəm. Zərərin cəmi 16 min manatını qaytara bildim. Sonra onların zənglərinə cavab vermədim”.

Zərərçəkmiş Ceyran Məmmədova deyib ki, evin pulunu tam ödədikdən sonra məznilin başqa adamın olduğunu biliblər:

“Rauf telefonda ağlayırdı ki, pulu qaytaracaq. Sonra telefonlara da cavab vermədi. Dəfələrlə Raufun anası və qohumları ilə görüşmüşük. Anası iş yerimə gələrək Raufdan şikayət etməməyimi xahiş edirdi. Yaylığını önümə ataraq vaxt istəyirdi. Mən də həmişə güzəşt etmişəm. Amma sonradan gördüm ki, pulu qaytarmaq fikirləri yoxdur”.

Məlumata görə zərərçəkmiş tərəf mənzilin başqa şəxsə məxsus olduğunu mənzilin eyvanında kondisioner quraşdırıldığını görən zaman biliblər. Belə ki, onlar binanın yanından keçəndə eyvanda kondisioner görüblər. Maraqlanan zaman evin Vidadi Zeynalova məxsus olduğunu, qızının yaşadığını biliblər.

Zərərçəkmiş tərəfin ifadələrindən məlum olub ki, ödənilən 16 min manatı Rauf Kərimovun qohumları veribmiş. O da məlum olub ki, Rauf Kərimov özünü Vidadi Zeynalovun kirvəsi kimi təqdim edirmiş.

Vidadi Zeynalovun qızı Leyla da məhkəmədə ifadə verib. Deyib ki, həmin mənzil 2008-ci ildə alınıb və hazırda çıxarışla ona məxsusdur.

Məhkəmə Rauf Kərimovu törətdiyi cinayət əməlində təqsirli bilib. Hökmə əsasən Rauf Kərimov 5 il 6 ay azadlqıdan məhrum edilib.

Xatırladaq ki, Vidadi Zeynalov 2015-ci ildə həbs edilmişdi. Onun çalışdığı qurumda korrupsiya cinayətlərinə görə həbslər başlayan zaman o da saxlanılmışdı. Onun çoxsaylı əmlaklarının üzərinə həbs qoyulmuşdu. Vidadi Zeynalov 2015-ci ildə həbs edilərkən 13 il azadlıqdan məhrum edilmişdi. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 4 ilə endirmiş, 2019-cu ildə cəzasını çəkərək azadlığa çıxmışdı.

İlkin Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Mart 2025

BÜTÜN XƏBƏRLƏR