İnsanlara hürriyət, millətlərə istiqlal!

“Vətənpərvərlik təlim-tərbiyə, təhsil və elmlə cilalananda daha böyük fayda verər”

Elçin Mirzəbəyli: “Gənclərin iş yerləri yaratmağa, öz işinin sahibi olmağa meyllənmələri də çox vacib amillərdən biridir”

Sağlam gələcək həm də keyfiyyətli təhsildən asılıdır. Bugünlərdə ali təhsil müəssisələrinə qəbulun nəticələri açıqlandı. Maraqlıdır, görəsən, gənc nəsil daha çox hansı ixtisaslara maraq göstərib? Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri mətbuata bildirib ki, builki rəqabət ötən illərlə müqayisədə daha fərqli və həyəcanlı olub:

“Gərginlik yüksək səviyyədə idi. Çünki buraxılış imtahanında toplanan ballar daha yüksək oldu. Bu da rəqabəti artırdı. Hər il olduğu kimi, yüksək ballı ixtisaslarda, məsələn, hüquqşünaslıq, beynəlxalq münasibətlər, kompüter elmləri, tibb kimi peşələrdə də ciddi rəqabət var idi. Buna görə də biz keçid ballarının artmasını müşahidə etdik”. 

Elmin Nuri əlavə edib ki, III ixtisas qrupunda tarix-coğrafiya (TC) altqrupu üzrə rəqabət bu il daha çox olub. Ötən illə müqayisədə bu il coğrafiya fənnini seçərək, ondan imtahan verib, bu altqrupa daxil olan ixtisasları (Beynəlxalq münasibətlər və Regionşünaslıq) seçənlərin sayı çoxluq təşkil edib. Həmçinin I qrup üzrə informatika yönümlü (Rİ altqrupuna daxil olan) ixtisaslar uğrunda mübarizə aparanların da sayı az olmayıb. Bu altqrupa daxil olan ixtisaslar isə  komputer və İT əsaslı olan peşələrdir. 

Aydındır ki, gənclər həm də seçdikləri peşə ilə dövlətə töhfə verirlər. Peşəkar mütəxəssislər gördükləri işlərlə dövlətə xidmət edirlər. 

Ceyhun Məmmədov: Ölkəmizdə milli-mənəvi dəyərlərimizə yüksək diqqət və  qayğı var - AZƏRTAC

Ceyhun Məmmədov

“Yeni Müsavat”a açıqlamasında millət vəkili Ceyhun Məmmədov bildirdi ki, hər bir dövlətin formalaşmasında, güclənməsində gənclər siyasətinin xüsusi rolu var: “Bu gün bir çox dövlətin qarşısında olduğu kimi, bizim qarşımızda da duran ən mühüm məqsədlərdən biri gənclərin sağlam yetişdirilməsi, onlarda milli mənlik şüurunun gücləndirilməsidir. Azərbaycanda Ulu öndər tərəfindən qoyulan gənclik siyasəti bu gün cənab Prezident tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan gəncliyi dövlətinin yanındadır, dövlətin siyasətini uğurla həyata keçirir və bu istiqamətdə davamlı olaraq müxtəlif addımlar atır. Potensiallı gənclərin üzə çıxarılmasında onların ixtisas seçimi də çox önəmlidir. Bu gün Azərbaycan gəncliyinin savadlı yetişməsi üçün dövlət tərəfindən davamlı olaraq həm ölkə daxilində, həm də ölkə xaricində müxtəlif layihələr, tədbirlər həyata keçirilir. Son illər çox sayda Azərbaycan gənci təhsil üçün xarici ölkələrə göndərilir. Bu gün ən önəmli məsələlərdən biri düzgün ixtisas seçimi, gənclərin müxtəlif sahələrdə iştiraklılığının təmin edilməsidir. Bu məsələdə gənclərin üzərinə böyük vəzifə düşür. Əvvəlki illərdə gənclər humanitar sahələrə maraq göstərirdilər. Hazırda isə yeni yanaşmanın şahidi oluruq. Texniki fənlərə maraq artıb. Hesab edirəm ki, bu sahədə hər birimizin - dövlət qurumlarının, valideynlərin üzərinə böyük vəzifə düşür. Gənclər tələbat olan sahələrə yönəlməlidirlər. Azərbaycanda gənclərin formalaşması üçün dövlət tərəfindən bütün işlər uğurla həyata keçirilir”.  

Millət vəkili hesab edir ki, gənclər təkcə ali təhsilə yox, eyni zamanda peşə təhsilinə də yönəlməlidirlər: “Bəzi hallarda valideynlər övladlarını özlərinin arzu etdikləri ixtisaslara yönəltməyə çalışırlar. Odur ki, gənclər ixtisas seçimində diqqətli olmalıdırlar. Valideynlər də övladlarına düzgün istiqamət verməlidirlər. İş yerləri, imkanlar kifayət qədərdir. Gənclər bu imkanlardan doğru yararlanmalıdır”.

Elçin Mirzəbəyli

 Elçin Mirzəbəyli

Əməkdar jurnalist, Ədalət, Hüquq, Demokratiya Partiyasının sədr müavini Elçin Mirzəbəyli deyib ki, vətənpərvərlik təlim-tərbiyə, təhsil, ətraf mühit, cəmiyyət, qan yaddaşı ilə yanaşı, həm də xarakter məsələsidir, toplumsal yox, fərdi keyfiyyətdir: “Bu amili təsdiqləyən çoxsaylı nümunələr var. Yəni yaxşı təlim-tərbiyə görməyən, təhsil almayan insanların arasında da əksər hallarda vətənpərvər, bir ovuc Vətən torpağı üçün canını fəda etməyə hazır olan, cəsarətli, qətiyyətli insanlara rast gəlmək olur. Şübhəsiz ki, vətənpərvərlik təlim-tərbiyə, təhsil və elmlə cilalananda daha böyük fayda verə bilər. Düşünürəm ki, əgər vətənpərvərlik amilindən çıxış etsək, gənclər daha çox ölkəmizin iqtisadi inkişafına, müdafiə qabiliyyətinin güclənməsinə, elmi-texnoloji tərəqqiyə, tibbə, ekologiyaya, qeyri-enerji sektorunun inkişafına töhfə verə biləcək sahələrə üz tutsalar daha yaxşı olar. Gənclərin iş yerləri yaratmağa, öz işinin sahibi olmağa meyllənmələri də çox vacib amillərdən biridir. Şübhəsiz ki, ölkəmizə vətənpərvər hüquqşünaslar, mədəniyyət adamları, tarixçilər də lazımdır. Amma əsas hədəf daha öncə sadaladıqlarım olmalıdır. Çünki məsələn, iqtisadiyyat güclü olanda, milli sahibkarlıq inkişaf edəndə, bu istər-istəməz digər sahələrə, mədəniyyətin, ədəbiyyatın inkişafına da ciddi təsir göstərir. İqtisadi intibahın davamı mədəni intibahdır. Ümumilikdə isə bu məsələdə xüsusi "vətənpərvərlik" reseptinin olmadığını düşünürəm".

Hazırladı: Nigar HƏSƏNLİ

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR