İnsanlara hürriyət, millətlərə istiqlal!

“Vətənə xidmət etmək cinayət deyil” – Hitlerin şəxsi köməkçisi barədə SENSASİON FAKTLAR

Orta təhsilini müvəffəqiyyətlə başa vursa da, o, ali təhsil almaq haqqında düşünməyib. Ailənin maddi sıxıntıları Haynts Linqeyə təhsilini davam etdirməyə imkan verməyib. Elə bu ehtiyaclar içərisində də Linqe ilk əmək fəaliyyətinə daş karxanasında başlayıb. Sıravi fəhlə olmasına baxmayaraq, Linqe kollektivdə intellekti, iş bacarığı, fiziki hazırlığı və bir də kitablara olan sonsuz marağı ilə fərqlənib. Bu fərqlilik ona həyatında yeni qapılar açıb...

LİNGE.jpg (78 KB)

1933-cü ildə SS qoşunlarının generalı Ditir Yozef Adolf Hitlerin mühafizəsi üçün kollektivlərdən kadr seçimi edəndə Linqe onun diqqətindən yayınmayıb. Kiçik sorğu-sualdan sonra general öz qərarını verib:

- Siz sabahdan Adolf Hitlerin mühafizəsində xidmət edəcəksiniz. Bunun üçün əvvəlcə xüsusi yoxlamadan keçəcəksiniz, daha sonra bir aylıq təlimlərdə iştirak edəcəksiniz.

Beləliklə, Haynts Linqe 1933-cü ildən Hitlerin mühafizə dəstəsində xidmətə başlayıb. O, qısa müddət ərzində bu xidmətində də fərqlənib. Bir neçə aydan sonra mühafizə rəisi ona işdən azad olunduğunu bildirib. Səbəbini soruşanda Linqeyə bildiriblər ki, sabah Hitlerin qəbulunda olmalıdır.

Hitlerlə Linqenin görüşü bir neçə dəqiqə çəkib. Fürer ona bir-iki sual verdikdən sonra mətləbə keçib:

- Siz bu gündən sonra işinizi mənim xidməti personalımda davam etdirəcəksiniz.

Bu görüşdən sonra Linqe bir neçə gün təlimatları öyrənib və o, fürerin kamerdineri təyin olunub. Qeyd edək ki, hələ əsrlər öncə Avropada xidmət sferasında belə bir vəzifə mövcud olub. Digər xidmətçilərdən fərqli olaraq kamerdiner yüksəkçinlilərin, zəngin insanların saraylarında xidmət göstərib. Alman dilindən tərcümədə “otaq qulluqçusu” mənasını versə də, bu işi icra edənlərin xidmət sahəsi daha böyük olub. Sahibinin qidalanmasına, geyiminə, təmizlik işlərinə, gün rejiminə riayət olunmasına, iş və istirahət vaxtının düzgün bölünməsinə, xidmət etdiyi şəxsin qonaqlarının qarşılanmasına, yola salınmasına cavabdehlik daşıyan kamerdiner həm də bütün səfərlərdə öz “şef”ini müşayiət edib.

LİNGE SON.jpg (117 KB)

Bu təyinatdan sonra Haynts Linqe həmişə Hitlerin bir addımlığında dayanıb. Yeganə şəxs olaraq yalnız ona səlahiyyət verilib ki, Linqe səhərlər Hitlerin yataq otağına keçib onu yuxudan oyatsın, bir çox hallarda sahibinin səhər yeməyini onun yatağına aparsın. Linqe Hitlerin vanna otağını hazırlayıb, geyimlərini seçib, sənədlərini portfelə yığıb, xidməti personala Hitlerin menyusu, qida rasionu, digər təsərrüfat və məişət məsələləri ilə bağlı göstərişlər verib. Linqenin vəzifəsi elə bunlardan ibarət olsa da, Hitler rəsmi tədbirlərdə, görüşlərdə, qəbullarda, ziyafətlərdə də ondan onun yanında olmasını tələb edib. Bu, fürerin Linqeyə son dərəcə etibar etməsindən irəli gəlib.

Sonralar Linqe müəllifi olduğu “Hitlerlə sona qədər” kitabında xidməti fəaliyyəti ilə bağlı maraqlı açıqlamalar verib:

“Fürerin şəxsi kamerdineri olmaq mənim üçün böyük məsuliyyət idi. Xidməti personalda məndən başqa heç kim Hitlerə yaxın dura bilməzdi. Mən hər gün səhər saat 11-də onun yataq otağının qapısını döyüb içəri keçirdim:

- Mənim fürerim, oyanmaq vaxtıdır. Sizin səhər yeməyiniz hazırdır.

Sonra mən kiçik diyircəkləri olan stolu onun yatağının yanına aparırdım. O, səhərlər adətən çay içirdi, peçenye və alma yeyirdi. Həmin stolun üstünə mən həmçinin yeni qəzetləri, tələb etdiyi sənədləri, karandaş və eynəyini də qoyurdum. Saat 14-30-da onun üçün xüsusi hazırlanmış vegetarian yeməkləri də süfrəyə mən gətirirdim. Hitler şam yeməyini hər gün eyni vaxtda, 20-00-da yeyirdi və yaxın ətrafından bir neçə nəfəri də dəvət edirdi. Şam süfrəsində də onlara yalnız mən xidmət edirdim. Əslində mənim vəzifəm Hitlerin yaşadığı iqamətgahda yekunlaşmalı idi. Amma demək olar ki, o, hər gün səhərlər mənə göstərişlər verirdi, görüşləri, qəbulları xatırladırdı, müəyyən sənədləri götürməyi göstəriş verirdi, görüşlər zamanı bəzi məsələləri ona xatırlatmağı tapşırırdı. Beləliklə də mən günün bütün saatlarında onun yanında olurdum...”

LİNGE YENİ.jpg (40 KB)

Haynts Linqe yüksək ranqlı dövlət məmurları arasında böyük nüfuza malik olub. Hətta Hitlerin ən yaxın silahdaşları belə onunla ehtiyatla davranıblar. 3-cü Reyx rəhbərləri Linqeni Hitlerin ən yaxın adamı kimi qiymətləndiriblər.

Yoxsul bir ailədə böyüyən Linqe bu illər ərzində Almaniyada ən zəngin insanlardan birinə çevrilib. O, çoxsaylı iqamətgahlara, böyük torpaq sahələrinə malik olub.

Haynts Linqenin sonsuz səlahiyyətləri, zəngin həyatı çox da uzun sürməyib. Hitlerin intiharından sonra Linqe 1945-ci ilin iyun ayında SSRİ-nin xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən Berlində həbs olunub. Məhkəmənin hökmü ilə o, 25 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Proses zamanı Linqe ona qarşı irəli sürülən ittihamları qəbul etməyib və ona ünvanlanan sualları cavablandırmayıb:

“Mən Almaniyaya, vətənimə xidmət etmişəm, mən fürerimə xidmət etmişəm. Bundan şərəf duyuram. Vətənə xidmət etmək cinayət deyil. Əgər bunu cinayət sayırsınızsa, onda məni istədiyiniz kimi mühakimə edə bilərsiniz. Amma onu da nəzərə alın ki, siz mənim yalnız fiziki varlığımı azadlıqdan məhrum edə bilərsiniz, mənim ruhum həmişə azaddır. Sizin suallarınıza isə cavab verməyəcəyəm”.

Haynts Linqe 25 illik cəzasının yalnız 10 ilini çəkib. 1945-ci ildən 1955-ci ilə qədər həbsxana həyatı yaşayan Linqe sonrakı həyatını memuarlarını yazmağa həsr edib. O, 1980-ci ildə, 66 yaşında yaşadığı Hamburq şəhərində vəfat edib.

İlham Cəmiloğlu,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR