Onlayn ictimai-siyasi qəzet
Prezident Administrasiyasının 3 gün öncə həbs olunan sabiq rəhbəri Ramiz Mehdiyev Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Baş İdarəsində aparılan istintaq çərçivəsində növbəti dəfə ifadə verib. Hazırda ev dustaqlığında olan Ramiz Mehdiyev oktyabrın 16-da 7 saata yaxın müstəntiqlərin suallarını cavablandırıb.
Bu haqda Gununsesi.info məlumat yayıb. Sayt yazır ki, Mehdiyevi dövlət tərəfindən təqdim edilən vəkil Zaur Abıyev müşayiət edib. Məlumatda o da bildirilir ki, Ramiz Mehdiyev istintaqa gələrkən əlində əsa olub.
Novella Cəfəroğlu
Məzlum obrazında ifadə verməyə gələn Mehdiyevin vəkili olsa da, onun ictimai müdafiəsi faktiki olaraq yox səviyyəsindədir. Hüquq müdafiəçisi Novella Cəfəroğlu “Yeni Müsavat”a deyib ki, Ramiz Mehdiyevin ictimai müdafiəsiz qalması təbii qarşılanmalıdır: “Ramiz Mehdiyevi bilirsiz kimlər müdafiə etməlidir? Ramiz Mehdiyevin kabinetindən keçib deputat, səfir olanlar, hansılar ki, bu gün parlamentdə oturublar. Dövlətdən bu gün də hər ay 10-20 min manat təqaüd, maaş alırlar. Hansılar ki, Ramizin qapısında saatlarla gözləyib onunla birgə kitab yazıblar! İndi müxalifətdədirlər, amma Ramiz Mehdiyevin yaxın silahdaşlarıdır. Onlar da gedib Ramizi müdafiə etsinlər”.
Hüquq müdafiəçisi deyib ki, Ramiz Mehdiyev hazırda təcridxanada yox, evində dustaqdır deyə, onun hüquqlarını qorumağa da ehtiyac yoxdur: “Əgər təcridxanada olsaydı, və ya cəza alıb türməyə göndərilsə idi, orada onunla pis rəftar olunsaydı, bu halda onu müdafiə etmək olardı. İndiliksə Ramiz Mehdiyev özünün imarətində oturub, ona kim təzyiq edəcək? 30 il Prezident Adminstarsiyasında əyləşib, orada dövlətin gücündən kimə qarşı istəyibsə, ona qarşı da istifadə edib. İndi də istintaq gedir. Nəticəsini gözləyək. Ramiz Mehdiyev türməyə göndəriləcəksə, o zaman bu məsələlərə qayıtmaq olar”.
Gülər Əhmədova
Bu arada keçmiş deputat Gülər Əhmədova Mehdiyevlə bağlı açıqlama verib. O, Ramiz Mehdiyevin əmri, tapşırığı, fitvası ilə ailəsinin bədbəxt edildiyini deyib: “Bu adamın əmri ilə, gecə-gündüz bilmədən sifarişlə yazdığınız şər-böhtanı təkzib etməyi? Mənim illərlə gördüyüm işləri, Respublika Uşaq Təşkilatında, ”Mərkəz" qəzetində, millət vəkili kimi yorulmadan çalışmağımı bir anda unudub, məhz bu siyasi timsahın əmri ilə məndən, şərəfsiz, namussuz, qatil, oğru, dələduz yaratdığınız üçün mənim də dəyişib siyasi buqələmun olacağımı gözləyirsiniz? Səhv edirsiniz, yanılırsınız!"
Gülər Əhmədova Modern.az-a Ramiz Mehdiyevi ilk dəfə harada tənqid etməyindən də danışıb: “Mən Ramiz Mehdiyevi ilk dəfə Gənclərin ikinci forumunda tənqid etmişəm. Həmin forumda rəhmətlik Ulu öndər, cənab Prezident İlham Əliyev və 2000 nəfər forum iştirakçısı vardı. Məhz ”təhlükəli" çıxış etdiyim üçün zalda ölü bir sükut hökm sürürdü. Mən çıxışımı bitirəndə 1-2 saniyə sonra Ulu öndər və o zaman gənc olan cənab Prezident əl çaldı və zalı alqış sədaları bürüdü. Daha sonra, 2001-ci ildə bizi Respublika Uşaq Təşkilatının qərargahından çıxarmaq istəyərkən, mən cənab Prezident İlham Əliyevlə görüşdüm və ona çox şeyi danışdım. Hələ dahası da var... Amma bu söhbətlərə indi ehtiyac yoxdur".
Sabiq deputat Ramiz Mehdiyevi “siyasi timsah” adlandırıb: “Ramiz Mehdiyevin mənə və ailəmə nələr yaşatdığını sizlər çox yaxşı bilirsiniz. Sadəcə, onları yazın. Zamanında onun fitvası ilə yazdığınız şər-böhtanı yadınıza salın. Sirus Təbrizlini, Alqış Musayevi, Musa Musayevi, məni - Gülər Əhmədovanı və daha neçə-neçə əsl Əliyevçini işsiz qoyan, siyasi karyerasını məhv edən, çərlədib öldürən, xəstə edən bu siyasi timsahı mənə tanıtmağa da ehtiyac yoxdur. Gedin gah iqtidar, gah müxalifət olan, onun başına pərvanə kimi dolanan, indi əlində ”p.. yemişəm" qaşığı ilə gəzənlərdən fikir soruşun. Mən kiməm ki? Mən zindanda, məzlum olarkən, səcdədə onu Allaha həvalə etmişəm. Mənə və ailəmə çəkdirdiklərinin 1000 qatını özü və ailəsi çəkəcək, inşallah!"
Mədət Quliyev
Bu arada Azərbaycan Təhlükəsizlik Şurası katibinin müavini general-polkovnik Mədət Quliyev Ramiz Mehdiyevin şurada qalıb-qalmayacağı məsələsinə aydınlıq gətirib. “Hər şey qanun çərçivəsində öz həllini tapacaq. Bir nəfər vaxtilə Şuranın üzvü olub, o da təbii ki, qanunla çıxarılacaq. Bizim ölkəmiz hazırda dünya miqyasında cənab Prezidentin sayəsində ən önəmli yerini tutub. Azərbaycan hüquqi və dünyəvi dövlətdir. Hər bir şəxsə qanunun gücü tətbiq olunub və olunacaq. Buna hər kəs əmin ola bilər. O, bir sıra təşkilatların, YAP-ın da üzvüdür. Zamanla və qanunun aliliyi çərçivəsində hər şey həllini tapacaq”, - deyə Mədət Quliyev əlavə edib.
Bir neçə gün qabaq isə YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə Ramiz Mehdiyevin Yeni Azərbaycan Partiyasından da çıxarılacağını açıqlayıb.
Xatırladaq ki, oktyabrın 14-də Səbail Rayon Məhkəməsində Ramiz Mehdiyev haqqında 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib. Ona qarşı Cinayət Məcəlləsinin 274-cü - dövlətə xəyanət, 278-ci - hakimiyyəti zorla ələ keçirmə və ya saxlama, 193-1.3.2-ci - cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri ilə ittiham irəli sürülüb. İttihamlar təsdiqini taparsa, Ramiz Mehdiyevi 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir. Cinayət işinin istintaqı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsi tərəfindən aparılır.
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
18 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ