İnsanlara hürriyət, millətlərə istiqlal!

Vətəndaş öz evinə "kupça" ala bilmir – PROBLEMİ YARADAN HANSI QURUMLARDIR?

İllərdir ki, Bakıətrafı kənd və qəsəbələrdə insanlar eyni bəlaya düçar olublar – torpaq sahələrinə "kupça" ala bilmirlər. Çünki dövlət orqanlarının yol verdiyi texniki səhvlərə görə torpaq sahələrinin sərhədləri xəritədə bir-birinə qarışıb.

Son acı nümunə Abşeron rayonunun Məmmədli qəsəbəsində yaşanıb. Burada yaşayan sakinlərin "Qafqazinfo" vasitəsilə etdiyi şikayətlər bir daha sübut edir ki, problemin kökü dərindədir və təəssüf ki, hətta Prezidentin verdiyi sənədləşmə fərman və sərəncamları belə bu yanlış idarəçiliklə toqquşur və nəticəsiz qalır.

Vətəndaşın torpağı başqasının sənədində – bu necə ola bilər?

Məmmədli sakinlərinin torpaq sahələrinin koordinatları sənəddə başqa ünvana "gedib". Başqa sözlə desək, çıxarışı, planı, ölçü sənədi olan torpaq faktiki yerdə həmin ölçüyə düşmür. Çünki kağızdakı və real torpaq üst-üstə gəlmir. Nəticədə vətəndaş min bir əziyyətlə tikdiyi, illərlə yaşadığı evə nə "kupça" ala bilir, nə də öz adına ünvan qeydiyyatına düşə bilir. Səbəb isə budur ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ bu koordinat səhvini özü etiraf edir. Və bunu da bildirir ki, "təqsir ilkin alqı-satqı zamanı yerində tanıtmanın aparılmamasındadır".

Yəni dövlət qurumu özü səhv edib, amma cəzasını vətəndaş çəkir.

İllərdir ki, Azərbaycan Prezidenti İlham Əliyev sənədsiz torpaq sahələrinin və fərdi yaşayış evlərinin leqallaşdırılması üçün fərmanlar imzalayıb.

2011-ci il, 27 aprel tarixli 429 nömrəli Fərmanda deyilir:

"Azərbaycan Respublikasında bəzi çoxmənzilli yaşayış binalarının istismarına icazənin verilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərman sənədsiz binaların leqallaşdırılması üçün əsas sənəddir.

2019-cu il, 19 fevral tarixli 506 nömrəli Fərmanda isə deyilir:

"Bəzi torpaq sahələrinin sənədləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmana əsasən, sənədsiz evlər və torpaq sahələri üçün mülkiyyət sənədlərinin alınması sadələşdirilməli idi.

2022-ci il, 23 noyabr tarixli 1859 nömrəli Sərəncam.

Dövlət başçısı Bakı və Abşeron yarımadasında mövcud olan sənədsiz fərdi yaşayış evlərinin sənədləşdirilməsi üzrə İşçi Qrup yaradıb. Əsas məqsəd bütün belə evlərin leqallaşdırılmasıdır. Leqallaşma isə tısbağa sürətini də keçmir. Bu fərman və sərəncamların icrasına aidiyyəti olan dövlət qurumları sadəcə bu məsələyə olduqca etinasız yanaşırlar. İnzibati məhkəmələr Azərbaycan vətəndaşlarının "kupça" davaları içində itib-batır. 1 "kupça"nın alınması 3 il müddət və bir ətək pula başa gəlir...

Dövlət başçısının bu mövzuda imzaladığı bütün fərman və sərəncamlar vətəndaşın uzun illərdir qanunsuz və qeyri-müəyyən statusda yaşamasına son qoyulmasına hesablanıb. Çünki əmlakın hüquqi statusu olmadan vətəndaş nə evini sata, nə girov qoyub kredit götürə, nə də varislərinə rahat şəkildə ötürə bilir.

Bu gün Məmmədli sakinlərinin real həyatı bu sənədlərə ziddir. Çünki orada dövlət səhv edib və bu səhvi düzəltməyə nə iradə, nə də real plan var.

Bəs baş verənlərə görə kim məsuliyyət daşıyır?

NATİQ.jpg (75 KB)

"Bakı" Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov Musavat.com-a deyib ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmalıdır:

"Əgər dövlətin səhvi nəticəsində hüquq realizə edilə bilmirsə, dövlətin məsul orqanı, bu halda Əmlak Məsələləri Dövlət Xidməti həmin səhvi düzəltməyə borcludur. Eyni zamanda "Vətəndaşların müraciətləri haqqında" Qanunun 10-cu maddəsi deyir ki, müraciətlər üzrə cavab qəti olmalı, problemin həll yolları göstərilməlidir. Sadəcə "araşdırılacaq", "gələcəkdə baxılacaq" cavabı qanun pozuntusudur. Bundan başqa, Prezident fərmanlarının yerinə yetirilməsi məsul icra hakimiyyəti orqanlarının birbaşa vəzifəsidir.

Bu cür problemlə üzləşən hər bir sakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə (mülki hüquqların müdafiəsi yolları) əsaslanaraq məhkəməyə müraciət etməklə Əmlak Məsələləri Dövlət Xidməti üzərinə koordinat səhvinin düzəldilməsi öhdəliyinin qoyulmasınəı tələb edə bilər".

N. Ələsgərov bildirib ki, vətəndaşlar Prokurorluğa müraciət etməklə vəzifəli şəxsin səhlənkarlığı səbəbindən zərərin yaranmasına görə tədbirlərin görülməsini tələb edə bilər:

"Bundan başqa, vətəndaşlar Ombudsmana müraciət etməklə yaşayış hüququ və mülkiyyət hüququ pozulmasının tanınması haqqına malikdir. Bu, təkcə Məmmədli qəsəbəsində yaşanan problemi deyil. Masazırda, Hökməlidə, Sarayda, Binədə minlərlə insan bu "kağız səhvlərinin" qurbanıdır. Dövlət bu texniki səhvləri aradan qaldırmadan Prezidentin sənədsiz evlər haqda bütün fərmanları icrasız qalacaq. Vətəndaş faktiki olaraq dövlət tərəfindən evsiz sayılır, çünki onun torpaq sahəsi sənədlərdə başqasının adına çıxır. Bu isə sosial partlayışa aparan real təhlükədir.

Bu problemin yeganə çıxış yolu dövlət səviyyəsində Məmmədli və digər ərazilərdə təkrar kadastr və xəritəçəkmə işlərinin aparılmasıdır. Bu olmadan nə Prezident fərmanları, nə də vətəndaşın çıxarışı real qüvvəyə minəcək".

Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR