İnsanlara hürriyət, millətlərə istiqlal!

Vergi Məcəlləsində ciddi dəyişiklikliklər edildi

“Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi müzakirəyə çıxarıldı. Komitə sədri Tahir Mirkişili layihəsinin əsaslandırılması ilə bağlı çıxış etdi. O bildirdi ki, məlum olduğu kimi, ötən dövr ərzində vergi sistemində bir sıra müsbət dəyişikliklər baş verib və dövlətin ümumi sosial-iqtisadi siyasətindən irəli gələrək bir sıra islahatların həyata keçirilməsinə başlanılıb: “Eyni zamanda, sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, “kölgə iqtisadiyyatı”nın və vergidən yayınmanın miqyasının azaldılması və vergi münasibətlərinin bütün iştirakçılarının fəaliyyətində şəffaflığın təmin edilməsi məqsədilə vergi qanunvericiliyində və inzibatçılığında müsbət dəyişikliklərin aparılması prosesi davam etdirilir. Aparılan iqtisadi siyasət çərçivəsində ölkə başçısının müvafiq fərman və sərəncamları ilə verilən tapşırıqların icrasının təmin edilməsi, eləcə də ötən dövr ərzində biznes subyektləri ilə keçirilən görüşlərin və aparılan müzakirələrin nəticəsi olaraq bir neçə istiqaməti əhatə edən “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının qanun layihəsi hazırlanıb”.

T.Mirkişili dedi ki, cari ilin büdcə vergi siyasəti çərçivəsində hazırlanmış layihə aşağıdakı istiqamətlər üzrə mühüm dəyişiklikləri əhatə edən müddəalar daxil edilib. Birinci, investisiya mühitinin, o cümlədən yerli istehsalın təşviqi ilə vergi yükünün azaldılmasından söhbət gedir. Buraya işğaldan azad edilmiş ərazilər üzrə vergi təşviqlərinin verilməsi daxildi. Layihəyə əsasən təklif edilir: “İşğaldan azad edilmiş ərazinin rezidentlərinin 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad edilməsi; ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazinin rezidentləri tərəfindən istehsal fəaliyyəti sahələri üzrə xammal və materialların idxalının 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində ƏDV-dən azad edilməsi; İşğaldan azad edilmiş ərazinin rezidenti olan hüquqi şəxslərin səhmdarlarının (payçılarının) dividend gəlirlərinin 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azad edilməsi; İşğaldan azad edilmiş ərazilər daxilində mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin 30 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin isə 5 faizi həcmində ƏDV-nin fiziki şəxs olan istehlakçılara geri qaytarılması”. Komitə sədri qeyd etdi ki, vergi azadolmalarının aşağıdakı fəaliyyət növlərinə və əməliyyatlara şamil edilməyəcək: “Maliyyə xidmətlərinin göstərilməsi sahəsində fəaliyyət; avtonəqliyyat vasitələri ilə yük daşıma xidmətləri; dövlət büdcəsinin vəsaitləri hesabına podratçı (işğaldan azad edilmiş ərazi daxilində istehsal fəaliyyətini həyata keçirən rezident podratçılar istisna olmaqla) tərəfindən malların (işlərin və xidmətlərin) təqdim edilməsi”.

Dəyişikliklər sırasında aqrar emal fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə vergi təşviqlərinin verilməsi də var. Burada verilən tapşırıqların icrası çərçivəsində müvafiq sahə üzrə aşağıdakı vergi güzəştlərinin verilməsi nəzərdə tutulur: “Siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş idxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida (ərzaq) məhsulların istehsalçıları əldə etdiyi gəlirin (mənfəətin) 50 faizinin vergidən azad edilməsi; Həmin fəaliyyət prosesində istifadə etdikləri əmlaka və torpağa görə əmlak və torpaq vergilərindən 7 il müddətinə azad edilməsi”.

Bundan əlavə, digər təşviq tədbirləri də nəzərdə tutulur. Belə ki, yuxarıda qeyd edilən məsələlərin tənzimlənməsi məqsədilə aşağıdakı istiqamətlərdə müvafiq layihənin qəbul edilməsi təklif olunur: “Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki şəxslərin bu fəaliyyət üzrə satışdankənar gəlirlərinin, onlara dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyaların gəlir vergisindən azad edilməsi; Bu məsələ ilə bağlı Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqi şəxslərin bu 2023-cü il yanvarın 1-dən 1 il müddətinə mənfəət vergisindən azad edilməsi; İri neft emalı zavodlarının (xam neft üzrə illik emal gücü 3 milyon tondan az olmayan) yenidən qurulması layihələri çərçivəsində avadanlıqların və materialların idxalının ƏDV-dən azad edilməsi müddətinin 2 il artırılması (2025-ci ilin 1 yanvarınadək); İcbari tibbi sığorta fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsinin ƏDV-dən azad edilməsi müddətinin 2024-cü il yanvarın 1-dək uzadılması; siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş əsas vəsaitlərin idxalının müddətsiz olaraq ƏDV-dən azad edilməsi; müəssisələrin mülkiyyətində (balansında) olan mülki müdafiə təyinatlı əmlakların əmlak vergisindən azad edilməsi”.

Layihədə digər güzəştlər də əksini tapıb.

E.Paşasoy,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR