Onlayn ictimai-siyasi qəzet
Düzünə qalsa, rəqqasə Fatimənin üzgərmə əməliyyatına ehtiyacı yox idi, onsuz da o, gəncliyindən “göyçək Fatma”ydı, rəqsi da yaxşıydı, rəhmətlik İlhamə Quliyeva demişkən, plastika və fakturası yerindədir, yəni o, plastik əməliyyata getməsə də, olardı.
Ancaq bu xanım da dünya trendinə qoşulub. Çünki adı üstündədir, qlobal dəbdir.
O gün Kolumbiya haqda bir sənədli filmə baxırdım, heç demə, Markes və Eskobarın (məncə, sinyorların geniş təqdimatına ehtiyac yoxdur) ölkəsi plastik əməliyyatların ilk dəbə mindiyi ölkələrdən biriymiş. Narkotik satışıından qazanılan pulların bir xeylisi qadınların gözəlləşməsinə sərf olunurmuş.
Hətta plastik cərrahlar latinos gözəllərə deyəndə ki, sinyora, elə edə bilərəm, sizin plastik əməliyyat keçirdiyiniz bilinməz, xanım etiraz edirmiş ki, xeyr, elə edin ki, hiss olunsun.
Qadınlar bunu ona görə edirmişlər ki, bu əməliyyat elitar cəmiyyətə mənsubluğun göstəriciymiş. Kasıb-kusub hara, ora-burasını əməliyyatla düzəltdirmək hara? O, uzağı yanbızındakı çibanı çərtdirə bilər, onun da mütləq izi qalacaq.
İndi bizimkilər bir az gec olsa da, dünya dəbinə ayaq, omba, burun, üz uydururlar. Əlbəttə, öz işləridir. Amma oxumuş adamlar deyir ki, xeyri yoxdur.
Yazar qardaş da mənə bu mövzuda bir nəzm parçası göndərib, deyir ki, bu gözəlləşmə trendini yalnız oynaq misralarla vəsf etmək olar.
***
Üzə, alına, gözə gəldisə qırış, barış, nə vur dizə, çalış-vuruş, göyə dırmaş, yerə sürüş, nə də etmə qaçış, yürüş, fitmes-filan... xeyri yoxdur, neynəsən də, göynəsən də, “ruhum gəncdir” saqqızını gündə qırx yol çeynəsən də, fərq eləmir, yaş ötürsə, iş bitirsə, onda gərək, dirənərək, öz abrına bürünərək, qalxmayasan tez üsyana, nə zamana, Yaradana, nə də ki dönən dövrana, eləcə də ötən ömrə, artan yaşa. Lap birbaşa aydın başa düşmək lazımdır ki, sən deyilsən tək, bu gələcək hər bir kəs üçün gələcək, pul töksən də ətək-ətək, büzüşəcək hamar dəri, ha şax yeri, diri-diri, iki ayağından biri sözə baxmayacaq sonda, bax, düz onda, həmin anda biləcəksən ötüb zaman, vermir aman, nə edəsən, pəriləri, huriləri, modelləri, gözəlləri vurur yaman, güzəşt etmir, qırışdırır üzlərini, zəiflədir gözlərini, bir çoxunun dizlərini haldan salır, çoxunu tez əldən salır, özlərini bu qismətlə barışmağa edir dəvət. Nə şikayət, nə vəsatət qəbul edir əlahəzrət, kim ki, əlbət, razılaşır taleiylə, deyir, neynək, budur həyat, yoxdur örnək, adam da var, deyir, gərək mən həmişə cavan olum, dözmür daha, qaçır plastik cərraha, işi qalır tək Allaha, bu silikon, o gel, dolqu, botoks-motoks, hə, nə oldu?
Bu mövzuda bizim şair, yazıb şeir, belə deyir:
Gözəllik alınmaz bıçaq gücünə,
Özünü kəsdirmə sən əbəs, xanım.
Buna yaş böhranı deyirlər, səbr et,
Keçəcək bir azdan bu həvəs, xanım.
Yox e, lap tutaq ki, qırxbeş yaşında,
Özünü yığdırıb oldun Madonna.
Onsəkkiz yaşlılar gəlir arxadan,
Onlarla rəqabət çətindir, anla.
Vaxt vardı, simvoldu Şaron Stoun,
Daha cəzb eləmir Maykl Duqlası.
Salamat qalsaydı Merilin Monro
O da olacaqdı qarı kuklası.
Hanı Zinət Aman, Xema Malini
Onları ağbirçək edib təbiət.
Solub gözəlliyi Bessincer Kimin,
Kardaşyan Kimdə də qalmayacaq ət.
Bir azca qaraşın olsa da rəngi,
Milyonlar vurğundur indi Beyonsa.
Qıraram qələmi, onbeş il sonra,
Üst-üstə qırx adam onu bəyənsə.
İnsan körpə, uşaq, gənc, qoca olur,
Demirəm ta nəyə dönür axırda.
Yaşını boynuna almasan da sən,
Yaş özü boynuna minir axırda.
Silikon vadisi olub buralar,
Əlac ya dolquda, ya da geldədir.
Qapıdan keçirlər özləri, di gəl,
Dolqulu quyruqlar hələ çöldədir.
Plastik həmlələr qəsd edir cana,
Var belə şeylərin betər fəsadı,
Atın bir kənara penoplastı,
Süni gözəlliyin ömrü qısadı.
Beləcə, söz tamama yetdi. Yenə hər kəs özü bilər, amma adamlar özlərini rişxənd obyekti etməsələr yaxşıdır. Kolumbiyalı həkimlər bu işin təhərini bilirlər, elə edirlər ki, hiss olunmur.
18 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ