Onlayn ictimai-siyasi qəzet
Ağ Evdə “C5+1” formatında keçirilən sammit çərçivəsində ABŞ prezidenti Donald Tramp Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın liderləri ilə görüşüb.
Musavat.com xəbər verir ki, müzakirələrin əsas mövzusu Mərkəzi Asiyanın mineral ehtiyatlarına çıxış olub. Hazırda bu sahədə regionda əsasən Çin və Rusiya fəal şəkildə fəaliyyət göstərir.
“Biz tərəfdaşlığı möhkəmləndirir, təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirir və iqtisadi əlaqələri genişləndiririk”, – deyə Tramp bəyan edib. O, xüsusilə “strateji əhəmiyyətli mineralların” vacibliyini vurğulayıb.
Daha sonra ABŞ lideri Özbəkistanla “inanılmaz ticarət razılaşması” əldə olunduğunu açıqlayıb. Trampın sözlərinə görə, yaxın üç ildə Daşkəndin ABŞ iqtisadiyyatına yatıracağı investisiyaların həcmi 35 milyard dollar olacaq. Gələcək onillikdə bu rəqəmin 100 milyard dolları keçəcəyi bildirilir. Saziş aviasiya, kənd təsərrüfatı və İT sektorlarını əhatə edir.
Qazaxıstanın uran istehsalında lider mövqeyi, Özbəkistanın qızıl ehtiyatları və Türkmənistanın qaz resursları ABŞ üçün strateji əməkdaşlıq imkanlarını artırıb.
Sammit zamanı region liderləri Trampa açıq şəkildə rəğbətlərini ifadə ediblər. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev deyib: “Siz sanki göydən göndərilmiş böyük lidersiniz”.
Özbəkistan prezidenti Şavkat Mirziyoyev isə əlavə edib: “Bizdə sizə sülh prezidenti deyirlər”.
Tədbirdə həmçinin Qazaxıstanın İsraillə münasibətlərin normallaşdırılmasını nəzərdə tutan “İbrahim sazişi” qoşulacağı elan olunub. Astanada bu addım “təbii və məntiqli qərar” kimi qiymətləndirilib.
Musavat.com
07 Noyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ