İnsanlara hürriyət, millətlərə istiqlal!

Özəlləşdirmə “çek”ləri yenə gündəmdə

Postsovet ölkələrində məsələ çoxdan həllini tapıb; ekspertlərə görə, Azərbaycanda bu məsələnin həlli real görünmür

1996-cı ildə mərhum prezident Heydər Əliyevin fərmanı ilə vətəndaşlara mülkiyyət sahibi olmaq üçün paylanmış qiymətli kağızlar 2011-ci ildən bu yana tədavüldə deyil. Əllərində qiymətli kağız olan vauçerləri qalmış yüzminlərlə vətəndaş tədavül müddətinin bitməsinin qanunsuz olduğunu, hüquqlarının bərpa olunmasını istəyir. Zaman-zaman özəlləşdirmə payları (çekləri) ilə bağlı müxtəlif sahələrin ekspertləri, hüquqşünaslar, deputatlar, ziyalılar hökumətə müraciətlər edirlər. Ancaq problem həllini tapmayıb. Təxminən 1 milyona yaxın insan bu çekləri dəyərləndirə bilməyib. 

Deputat Elman Nəsirov da Ayna.az-a deyib ki, özəlləşdirmə çekləri ilə bağlı problem qalmaqdadır. Onun sözlərinə görə, əvvəlki illərdə vətəndaşlardan oxşar müraciətlər edilib: “Xatirimdədir ki, vətəndaşların müraciəti ilə bağlı aidiyyəti orqanlara ünvanlanan müraciəti imzalayanlardan olmuşam. Təəssüf ki, hələlik özəlləşdirmə çekləri ilə bağlı hansısa qərar verilməyib. Görünür, ya məsələ araşdırılma mərhələsindədir, ya da hansısa çatışmazlıq var”. 

Onun fikrincə, əlində çeki qalmış vətəndaşların bundan yararlana bilməsi lazımdır: “Bu məsələnin hansısa formada həlli vacibdir. Aidiyyəti dövlət orqanları araşdırma aparmalı, yekun qərar verməlidir. İndi Milli Məclisdə gələn ilin dövlət büdcəsi ilə bağlı müzakirələr gedir. Komitə müzakirəsi zamanı fürsət düşərsə, vətəndaşların müraciətini aidiyyəti hökumət nümayəndələrinin diqqətinə çatdıracağam”.

Aydın Hüseynov: Tarixi missiyasını uğurla başa vuran Azərbaycan Ordusu ilə  fəxr edirik - AZƏRTAC

 Aydın Hüseynov 

Deputat Aydın Hüseynov da bildirib ki, çeklərindən istifadə etməyən vətəndaşların haqqı tanınmalıdır. Onun həmkarı Elman Məmmədov da qeyd edib ki, hökumət hüququ pozulan insanların hüquqlarının bərpasını təmin etməlidir. Deputat Tahir Rzayev isə qeyd edib ki, bu problemə birdəfəlik nöqtə qoyulması vacibdir: “Özəlləşdirmə çeklərinin dövriyyəyə buraxılması vətəndaşların mülkiyyət hüququna sahib olmasına imkan yaradırdı. Təbii ki, zamanında çeklərindən faydalanan insanlar oldu. Əksəriyyət isə özəlləşdirmə çeklərini "qara bazar"da satdı və bu çekləri alan şəxslər qiymətləndirmə əsasında müəyyən sexləri, zavodları özəlləşdirdilər".

Bu çeklər həllini tapsa, onun qiymətləndirməsi necə olacaq? Axı üzərindən illər keçib, manatın dəyərində dəyişikliklər olub, o zaman bir çekin məbləği nə qədər hesablana bilər?

Hüquqşünaslara görə, özəlləşdirmə çekləri dövlət tərəfindən verilmiş mülkiyyət sənədi hesab olunur və konstitusiyanın 29-cu maddəsinə əsasən, vətəndaşın mülkiyyət hüququ dövlət tərəfindən qorunmalıdır. Çeklərin dövriyyədən çıxarılması zamanı hər hansı kompensasiya və ya əvəz mexanizminin təqdim edilməməsi, hüquqşünasların fikrincə, mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilə bilər. Bu baxımdan, dövlətin məsuliyyəti yalnız iqtisadi deyil, həm də hüquqi və sosial xarakter daşıyır.

Əgər hökumət bu məsələni yenidən gündəmə gətirərsə, əsas sual çeklərin dəyərinin necə müəyyən ediləcəyi ilə bağlı olmalıdır. 1996-cı ildə bir özəlləşdirmə çeki təxminən 11 min köhnə manat, yəni 2,2 yeni manat nominal dəyərinə malik idi. O vaxtdan bəri manatın dəyəri dəyişib, inflyasiya və iqtisadi artım tempi də fərqlənib. Müxtəlif iqtisadi modellər əsasında aparılan təxmini hesablamalar göstərir ki, bu gün bir çeki 50-100 manat aralığında qiymətləndirmək olar. Beləliklə, bir vətəndaşın dörd çek üçün təxminən 200-400 manat dəyərində kompensasiya ala bilməsi mümkün görünür. Bu, rəsmi hesablamadan çox iqtisadi əsaslandırmaya söykənən qiymətləndirmədir və dövlət qərarı qəbul edilərsə, daha dəqiq inflyasiya indeksləri ilə hesablanmalıdır.

Dünya təcrübəsinə baxdıqda, postsovet ölkələrinin əksəriyyətində oxşar problemlər müxtəlif formalarda həll edilib. Çexiyada vətəndaşların çekləri səhmlərə çevrilib və onlar real mülkiyyət payı əldə ediblər. Rusiyada çeklərin bir hissəsi qara bazarda satılsa da, sonradan dövlət müəyyən kompensasiya proqramları həyata keçirib. Gürcüstanda vaxtı keçmiş çeklər üçün kompensasiya mexanizmi yaradılıb, Baltik ölkələrində isə vauçerlər dövlət istiqrazlarına çevrilib. Bu ölkələrin təcrübəsi göstərir ki, əsas məqsəd vətəndaşın mülkiyyət hüququnu tanımaq və onun itkilərini müəyyən qədər kompensasiya etməkdir.

Mütəxəssislər Azərbaycan üçün bir neçə real həll variantı irəli sürür. Bunlardan biri çeklərə görə simvolik pul kompensasiyasının ödənilməsi, digəri isə dövlət müəssisələrində vətəndaşlara kiçik səhmdar paylarının verilməsi ola bilər. Həmçinin çeklərin dövlət istiqrazlarına çevrilməsi və ya sosial layihələrdə vətəndaş payı kimi istifadə edilməsi kimi alternativlər də təklif oluna bilər.

Maşınım 7 saatdır ofisin qarşısında olduğu halda cərimə gəlib” — Natiq  Cəfərli

Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli mövzu ilə bağlı “Yeni Müsavat”a deyib ki, özəlləşmə çekləri ilə bağlı hər hansı qərarın veriləcəyini düşünmür: “Belə bir ehtimal çox aşağıdır. Çünki onların dövriyyədə olan müddəti çoxdan bitib. Onların dövriyyəyə yenidən qaytarılması mexanizminin Milli Məclis, ya Nazirlər Kabineti tərəfindən qərarın veriləcəyini, açığı, düşünmürəm. Düzdür, insanları narahat edən məsələdir, anlayıram. Amma onun həlli yolları ilə bağlı hökumət tərəfindən addım atılacağını da söyləmək çətindir”. 

İqtisadçı-ekspert Akif Nəsirli: "Hökumət iqtisadiyyata nadir hallarda  qarışmalıdır" - MÜSAHİBƏ - VİDEO

Akif Nəsirli

İqtısadçı Akif Nəsirli də mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Əlində çek olan insanların hissləri ilə oynamaq bəzi məmurların, deputatların mərəzinə çevrilib. 1996-cı ildə həmin çeklər buraxılanda müəyyən olunmuşdu ki, bu çeklər 3 il müddətində dövriyyədə olacaq. 3 olmadı, 5 il dövriyyədə oldu. Bu, uğursuz bir layihə kimi dəyərləndirildi. Keçmiş postsovet məkanında bu çeklərlə özəlləşdirilmə heç bir yerdə uğurlu olmadı. Ən uğurlu olanı Baltikyanı ölkələrdə oldu, orada da vətəndaşlar narazılıq edirdi. Yəni 2011-ci ilə qədər bu proses oldu və bitdi. Ona görə bu barədə mülahizələr yürütmək, hansısa izahatlar vermək artıqdır. Həmin insanlar üçün şərait yaradılmışdı. Qanunvericilikdə nəzərdə tutulmuşdu 3 il olsun, amma bu çeklər beş il dövriyyədə qaldı,  dövriyyədə qaldıqca da öz dəyərini itirdi. Son vaxtlarda 3-5 manata həmin çeklər satılırdı. Bitmiş məsələni müzakirə etmək lüzumsuzdur”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR