Onlayn ictimai-siyasi qəzet
ABŞ Ermənistan vasitəsilə bu planı reallaşdırmaq istədiyini də gizlətmir
ABŞ Dövlət Departamentindən “Amerikanın səsi”nə bildirilib ki, ABŞ Cənubi Qafqazdakı bütün ölkələrin demokratik inkişafını, suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir. ABŞ Dövlət Departamenti Cənubi Qafqaz xalqlarına sülh və sabitlik gətirən istənilən vicdanlı öhdəliyi alqışlayır, ancaq qeyd olunur ki, Rusiya Cənubi Qafqazda və ya başqa yerlərdə etibarlı və ya vicdanlı müttəfiq və ya tərəfdaş kimi görünə bilməz.
“Biz Rusiyanın Ukraynaya qarşı davamlı, dağıdıcı təcavüzünün, Gürcüstanın suveren ərazisinin davamlı işğalının, regionda və dünyada sabitliyi pozan hərəkətlərin şahidi olduq. Ona görə də biz Rusiyanı Cənubi Qafqazda və ya başqa yerlərdə etibarlı və ya vicdanlı müttəfiq və ya tərəfdaş kimi qəbul edə bilmərik”, - deyə Dövlət Departamentindən bildirilib.
İrana gəlincə, Dövlət Departamenti vurğulayıb ki, ABŞ ardıcıl olaraq Cənubi Qafqaz ölkələrini İranın niyyətlərini hərtərəfli qiymətləndirməyə və İran rejimi ilə bağlı bütün əməliyyatlarda ehtiyatlı davranmağa təşviq edib.
ABŞ-ın Qafqazda öz qaydasını yaratmaq istəyi - bəs Ankara, Moskva və Tehran?
Elşən Mustafayev
AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev Rusiyanı bölgədən çıxarmaq istəyən ölkələrin şanslarını yüksək görmür: “ABŞ regiondakı proseslərə təsir imkanlarını artırmaq istəyini heç vaxt gizlətməyib və bu istiqamətdə Rusiyanı bölgədən sıxışdırıb çıxartmaq məqsədilə mümkün olan bütün işləri görməyə çalışır. Hazırda Ermənistan vasitəsilə bu planı reallaşdırmaq istəyir. Amma istəyinə çatması ilə bağlı şansları yüksək görünmür. Çünki Rusiyanın buna qarşı müqaviməti kifayət qədər sərt ola bilər və nəticədə bütünlükdə Cənubi Qafqazda yeni qaynar nöqtə yarana bilər. Rusiyanın Cənubi Qafqazda mövqelərinin necə olacağı Ukraynadakı müharibənin gedişatından asılı olacaq və ona uyğun olaraq ABŞ-ın bölgədə hansı şəkildə mövcud olması bəlli olacaq. Yəni Rusiya bölgədən məcbur qalıb könüllü çəkilməyəcəyi halda, başqa variantlardan istifadə olunacaqsa, o zaman durum daha kritik nöqtəyə çıxacaq. Çünki hazırkı vəziyyətdə Rusiyaya qarşı Ermənistandan istifadə olunduğunu görürük və hadisələr artan xətt üzrə inkişaf edərsə, Ermənistanda "ikinci Ukrayna" yarana bilər. Amma fərq ondadır ki, Ermənistan əhalisinin sayı azdır, ərazisi kiçikdir, silahları zəifdir, dənizlərə çıxışı yoxdur və ən əsası onları müdafiə etməyə söz vermiş Fransadan, Amerikadan çox uzaqdadır ki, hətta yaxında olsa belə onun əvəzinə heç kim gəlib Rusiya ilə döyüşməyi ağlından belə keçirməyəcək. Yəni Cənubi Qafqaza bu şəkildə girmək cəhdləri sülh və təhlükəsizliyi zərbə altında qoyar və bunun fəsadlarından doğan nəticələri uzun müddət neytrallaşdırmaq mümkün olmaz. ABŞ Ermənistana, Azərbaycana, Gürcüstana tərəfdaş deyə və strateji müttəfiqlik arzusunda olduğunu bildirə bilər. Amma buna mane olan problemləri ortadan qaldırmadan hansı şəkildə bu istəyini həyata keçirmək istəyir? Burada İran faktorunu da unutmamalıyıq. Belə məsələlərdə mühüm gəlişmələr baş verməsə, İran və Rusiya eyni hədəfləri vururlar və bu istiqamətdə müttəfiqlik təcrübələri də var. Aprel ayının 5-də Brüsseldə Avropa İttifaqı, ABŞ, Ermənistan görüşlərinin olacağı, aralarında təhlükəsizliklə bağlı hansısa razılaşmaların müzakirə edilməsi hesab edirəm ki, ABŞ-ın Cənubi Qafqaz siyasətində uğurlu addım olmayacaq. Çünki belə bir razılaşmanın Rusiyaya qarşı hədəflənməsi bildirilsə də, Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını da böyük təhlükə altında qoya bilər. Əgər belə anlaşmalar sülh müqaviləsi imzalanandan sonra həyata keçirilsəydi, bu, anlaşılan olardı. Paşinyan, Alen Simonyan Qazağın anklav olmayan 4 kəndinin qaytarılması məsələsinin gündəlikdə olduğunu deməsindən sonra Ermənistan Müdafiə Nazirliyinin Baş Qərargah rəisi bildirir ki, hələ torpaqların qaytarılmasından söhbət gedə bilməz və hərbiçilər həmin ərzilərdən geri çəkilməyəcək. Yəni artıq planlı, yaxud plansız belə fikirlər də dövriyyəyə buraxılmağa başlayıb. Əminəm ki, bu cür fikirlər Qərbin və ABŞ-ın Ermənistana dəstək bəyanatlarından sonra daha da inkişaf edir. Yəni Qərb bəyanatların əsasən Rusiyaya hədəfləndiyini desə də, ermənilər bunu ilk olaraq Azərbaycana qarşı istifadə etməyə çalışacaqlar. Bunu Qərb və ABŞ bilməmiş deyil. Əgər bilirlərsə, o zaman Cənubi Qafqaz respublikalarına bilərəkdən fərqli yanaşmanı görürük, belə görüntü isə ABŞ-ın bölgədə sülh və əmin-amanlığın yaranması, hər 3 dövlətlə dostluq və tərəfdaşlıq əlaqələrinin qurulması fikirləri ilə üst-üstə düşmür. Bütün bunlara baxmayaraq, hələ də verilən bəyanatlardan fərqli olaraq görülən işlərin bölgə üçün gələcəkdə ciddi problemlər yaradacağına işarə vurur".
Ekspert burada təhlükəli məqam da görür: “Digər bir məsələ isə Qərbin Rusiya ilə qarşıdurmanı məhz üç Cənubi Qafqaz ölkəsinin əli ilə aparmaq istəməsidir ki, bu da çox təhlükəlidir. Hələlik görünən odur ki, Azərbaycan bu planda alət olmaq istəmir, həmçinin Gürcüstan da Rusiya ilə vəziyyətin gərginləşməsində maraqlı deyil. Hazırda Ermənistanla bu işlərin üzərində işlənilir. Avropa İttifaqı, NATO üzvlüyünə qəbul olunacağı, təhlükəsizliklərini təmin edəcəkləri, silah və maddi yardım göstərəcəkləri ilə bağlı vədlər verməklə rəsmi İrəvanı inandırmağa çalışırlar ki, Rusiyaya qaşı fəaliyyətlərini gücləndirsinlər. Ümumiyyətlə, düşünürəm ki, Türkiyənin maraqları və istəyi nəzərə alınmadan Cənubi Qafqazda təmsil olunmaq imkanları yoxdur. Bir neçə il öncə Rusiya bunu başa düşdü və Türkiyənin regionda mövcudluğu ilə barışdı. Əgər ABŞ Cənubi Qafqazda mövcud olmaq istəyirsə və hər 3 dövlətlə yaxın əlaqələr qurub bölgəyə sülh və iqtisadi yüksəliş gətirmək istəyirsə, Ukrayna cəbhəsində uğurlar olmadan bunu edə bilməyəcək. Daha doğrusu, Ermənistan vasitəsilə bunu etməyə cəhd edəcəksə, region üçün böyük fəlakətlər olacaq. Yəni dediyim kimi, Rusiya məcbur qalıb könüllü şəkildə geri çəkilməyəcəyi halda onun üzərinə getmək özünə qəsd kimi bir şeydir. O səbəbdən hesab edirəm ki, ABŞ-ın Cənubi Qafqazda mövcudluğu Ukrayna cəbhəsindəki vəziyyətdən asılı olacaq. Orada da vəziyyət Rusiyanın xeyrinə dəyişməyə gedə bilər. Yeri gəlmişkən, burada Ukraynaya yardım olaraq ayrılmış 61 milyard dolların ABŞ Konqresindən asılıb qalmasının da rolu böyükdür. Ortada bu problemlər varsa, o zaman bölgəyə yanaşmalar da adekvat olmalıdır. Azərbaycan hazırda maksimum şəkildə regionda qaynar ocaqların yaranmasına qarşı iradəsini ortaya qoyub. O bilər ki, bu öz çıxarları səbəbindən kimlərisə qane etməyə bilər, amma alternativini görənə qədər bizi bu siyasət hələ ki qane edir”.
Cavanşir ABBASLI
“Yeni Müsavat”
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ