İnsanlara hürriyət, millətlərə istiqlal!

Vaşinqtonda üçtərəfli görüş: sülh müqaviləsi harda imzalanacaq? - Brüsseldə, Tiflisdə, yoxsa...

Rusiya bütün paytaxtlara qarşı

Soçidəki üçtərəfli sammitdən sonra Azərbaycan-Ermənistan sülh müqaviləsi ətrafında siyasi intriqa qızışıb. Vəziyyəti qəlizləşdirən əsas səbəb isə rəsmi İrəvanın eyni zamanda, bütün vasitəçilərə “hə” deməsidir. Halbuki, məsələn, Rusiyanın ABŞ və Avropa İttifaqının sülh təşəbbüslərinə nəinki qısqanc, isterik yanaşdığı çoxdan məlumdur. Bu və digər səbəblərdən müqavilə ətrafında müzakirələrin yaxın həftələrdə, necə və harada davam etdiriləcəyi və nə ilə sonuclanacağı qeyri-müəyyən olaraq qalır.

Bəllidir ki, kollektiv Qərbin mövqeyi ilin sonunadək tərəflər arasında sülh müqaviləsinin imzalanmasından yanadır. Moskva isə bunu özünə ciddi təhdid sayır. Çünki o halda həm Qarabağdan, həm də Ermənistandan hərbi kontingentinin çıxarılacağından narahatdır. Rusiya açıq-aşkar işarə vurur ki, buna imkan verməyəcək. Başqa sözlə, Kremli əsla sülh müqaviləsi, bölgədə daimi əməkdaşlıq, xalqlar arasında barışıq-zad maraqlandırmır. Təsadüfi deyil ki, Kremlin özünün təklif elədiyi, haqqında danışılan “sülh varinatı” məhz iki Azərbaycan və erməni xalqları arasında konfliktin “dondurulmasına” hesablanıb, nəinki onu tarixin arxivinə verməyə.

Gürcüstan mediası isə Azərbaycan - Ermənistan arasında sülh müqaviləsinin Tiflisdə imzalana biləcəyini yazıb. İddialara görə, sənədin imzalanması üçün hətta hazırlıqlar da başlanıb. Hərçənd rəsmi səviyyədə hələ ki, hansısa açıqlamalar yoxdur. Bununla belə, iddialara Azərbaycan qaynaqlarının da ciddi yanaşması müşahidə olunur. Gürcüstan mediasında gedən müvafiq iddialar Ermənistan informasiya məkanında da trend olmaqdadır.

İlham Əliyevin Gürcüstana işgüzar səfəri » Azərbaycan Prezidentinin Rəsmi  internet səhifəsi

Bu yerdə yada salaq ki, ötən həftə Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstana səfər edib. Məlumdur ki, səfər çərçivəsində Güney Qafqazın 3 ölkəsi arasında (3-lü formatda) əməkdaşlığa başlamağın mümkünlüyü də diqqət mərkəzində olub. İlham Əliyev qeyd eləmişdi ki, bunun üçün Ermənistan tərəfindən Bakının 5 məlum prinsipini əsasında sülh müqaviləsi imzalaması yetər ki, bölgədə yeni bir era başlasın. Azərbaycan lideri habelə ümid elədiyini bildirmişdi ki, rəsmi İrəvan bundan ötrü özündə siyasi iradə tapacaq. 

Sadalanan xüsusatlar İrəvan-Bakı anlaşması yönündə Tiflis tərəfindən də diplomatik fəallığın artması ehtimalını gücləndirir.

Bu arada məlum olub ki, yaxın günlərdə Vaşinqton şəhərində Amerika Birləşmiş Ştatları dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüşün keçirilməsi planlaşdırılır. Bu haqda Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

Qərbin diplomatik fəallığı göz önündədir. Elə isə sülh müqaviləsi nə vaxt, harada imzalana bilər - Brüsseldə, Tiflisdə, Vaşinqtonda, yoxsa...

Qabil Hüseynli: “Nikol Paşinyana sui-qəsd ola bilər” » Reyting.az

Qabil Hüseynli 

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, Rusiyanın son zamanlar nümayiş etdirdiyi davranmış Moskvanın öz variantından başqa kənar bir tərəfin sülh sazişi variantının qəbul olunmasına qarşı olduğunu açıq nümayiş etdirir: “Vladimir Putinin ”Valday" Diskussiya Klubundakı son çıxışı hər şeyi deyir. Kreml ABŞ variantına qarşı olduğunu ortaya qoyub. Rusiyanın irəli sürdüyü variant əsas götürüləcəksə, sülh sazişi də əgər imzalanacaqsa məhz həmin tərəfin müəyyən etdiyi ünvanda imzalanacaq. Gürcüstanın sülh sazişi variantının olduğu barədə açıqlamalar olmayıb. Gürcüstan rəhbərliyi tərəflər arasında vasitəçiliyə hazır olduğunu bir neçə dəfə bəyan etsə də, Moskvanın Tiflisin bu istəyinin də reallaşmasına əngəl yaratdığı məlumdur. Vasitəçilik təklifi isə sülh sazişi variantı təqdim etmək deyil hələ. Moskva Gürcüstanın vasitəçilik təşəbbüsünün reallaşmasını Ermənistana təzyiq etməklə indiyə qədər əngəlləyibsə, təbii ki, sülh sazişinin Tiflisdə imzalanmasına ümumiyyətlə imkan verməyəcək.

Qərbin, ABŞ-Avropa İttifaqı cütlüyünün arzusu ola bilər ki, Brüsselin təqdim etdiyi sülh sazişi üçüncü Cənubi Qafqaz ölkəsi Gürcüstanda imzalansın. Bununla onlar necə deyərlər, “bir gülləyə iki dovşan vurmuş” sayılarlar. Lakin Kreml İrəvana imkan verməz ki, sülh sazişini Tiflisdə imzalasın. Əvvəla, Rusiya sülh sazişinin yaxın vaxtlarda imzalanmasında maraqlı görünmür. Onun irəli sürdüyü 15 maddədən ibarət sülh variantının olduğu deyilir. Bu sənədin xüsusilə 15-ci bəndinin Azərbaycan tərəfindən qəbul edilməz olduğu, buna görə də Bakının bundan imtina etdiyi barədə məlumatlar var. Soçi görüşünün nəticələri də bunu deməyə əsas verir. Rusiya özünün hazırladığı sülh sazişi variantının qəbul edilməyəcəyi halda bütün gücü ilə çalışacaq ki, heç bir tərəfin irəli sürdüyü sənəd qəbul edilməsin. Deməli, imzalanmanın Moskvada da baş tutması sual altındadır, Vaşinqtonda da imzalanması az ehtimal edilir. Brüsseldə imzalanması ehtimalı nisbətən yüksəkdir. Bu isə ABŞ-ın, Avropa İttifaqının, eləcə də Azərbaycan və Ermənistan tərəfinin atacağı addımlardan xeyli dərəcədə asılıdır".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR