İnsanlara hürriyət, millətlərə istiqlal!

İsrailin yeni Müdafiə naziri kimdir? - Türkiyənin NATO-dan çıxarılmasını istəmişdi (DOSYE)

Xəbər verdiyimiz kimi, İsrailin Müdafiə naziri Yoav Qalant vəzifəsindən azad edilib. 

Musavat.com xəbər verir ki, bu vəzifəyə ölkənin Xarici İşlər naziri Yisrael Katz təyin edilib. 

Yisrael Katz dünya mediasında Türkiyənin NATO-dan çıxarılmasının tələbi ilə məşhur olmuşdu.

Katzın dosyesini təqdim edirik.

Yisrael Katz 1955-ci ildə İsrailin Aşkelon şəhərində anadan olub. Holokostdan sağ çıxan ailələrdən birində dünyaya gələn Katz, 1973-cü ildə İsrail Müdafiə Qüvvələrinə çağırılıb və Paraşütçülər Briqadasında əsgər və komanda rəhbəri kimi xidmət edib. Katz 1976-cı ildə Zabit Namizədi Məktəbini bitirib və taqım komandiri kimi Paraşütçülər Briqadasına qayıdıb. O, 1977-ci ildə tərxis olunduqdan sonra Yerusəlim İvrit Universitetində təhsil alıb və universiteti bakalavr və magistr dərəcələri ilə bitirib.

Siyasətçi 1980-ci illərin əvvəllərində tələbə ittifaqının prezidenti olub. 1981-ci ilin martında o, kampusda ərəb zorakılığına qarşı etiraz aksiyasında iştirak etdiyinə görə, bir il müddətinə azadlıqdan məhrum edilib.

Katz ilk dəfə 1992-ci ildə İsrail qanunvericilik seçkilərində Likud partiyasının siyahısında 45-ci yeri tutub. Lakin partiya seçkilərdə 32 yer qazandığı üçün Knessetdə (İsrail parlamenti) yer ala bilməyib.

1996-cı ildə yenidən parlament seçkilərinə qatılan Katz 34-cü yeri tutub. Bu dəfə də şansı gətirməyən siyasətçi parlamentə düşə bilməyib. Nəhayət o, 1998-ci ilin noyabrında Ehud Olmerti əvəz edərək Knessetə seçilir.

1999 və 2003-cü illərdə yenidən deputat seçilən Kantz, 2003-cü ildə Ariel Şaron hökumətində kənd təsərrüfatı naziri təyin edilib.

Katz 2006-cı ilin yanvarında Likud-Kadima parçalanmasından sonra kabineti tərk edib və 2006-cı il seçkilərində yenidən qələbə qazanıb.

Katz 2013-cü ildə Netanyahu hakimiyyətinin Nəqliyyat Naziri olaraq fəaliyyətini davam etdirir. Likud siyahısında dördüncü yeri tutduqdan sonra o, 2015-ci ildə yenidən kabinetə daxil ola bilir. O, daha sonra yeni hökumətdə Milli Təhlükəsizlik naziri təyin edilir. 

Katz 2019-cu ilin fevralında Xarici İşlər Naziri vəzifəsini icra edib.

17 may 2020-ci ildə o, İsrailin 35-ci Hökumətində Maliyyə Naziri olub.

1 yanvar 2024-cü ildə Knesset Eli Kohenin işdən çıxarılmasına səbəb olan səlahiyyətlərin bölüşdürülməsi sazişini təsdiq etdikdən sonra Katz ikinci dəfə xarici işlər naziri vəzifəsinə təyinat alır. 

Evlidir, iki övladı var.

Qeyd edək ki, Kantz 2024-cü ilin 30 iyulunda Türkiyənin NATO-dan çıxarılmasını təklif etmişdi. 

Toğrul İSMAYIL,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR