Onlayn ictimai-siyasi qəzet
Ötən ayın sonlarından etibarən Gürcüstan və ABŞ arasında siyasi və iqtisadi münasibətlərdə nəzərəçarpacaq dərəcədə canlanma müşahidə olunur və bu, Tramp adminstarsiyasının Gürcüstana münasibətdə Baydenin kursunu davam etdirdiyini söyləməyə əsas vermir.
Deputat Elçin Mirzəbəyli bunu Musavat.com-a açıqlamasında bildirib.
E.Mirzəbəyli qeyd edib ki, aprelin sonnda Gürcüstanın iqtisadiyyat naziri və baş nazirin birinci müavini Levan Davitaşvilinin Vaşinqtona səfəri də proseslərin arzuolunmaz istiqamətdə getmədiyini göstərir: “Levan Davitaşvilinin ABŞ Dövlət Departamentindəki danışıqlarda Gürcüstan hakimiyyətinin hazırkı ABŞ administrasiyası ilə “tam ideoloji uyğunluq” içində olması ilə bağlı verdiyi açıqlama isə, Tbilisinin xarici siyasətində prioritet dəyişikliyinin və Vaşinqtonla əlaqələri yenidən formatlamaq cəhdinin göstəricisidir. Gürcüstanın “Gürcü Arzusu” partiyasının mühafizəkar və suverenlik yönümlü mövqeyi ilə ABŞ-da Donald Trampın ikinci dönəm administrasiyası arasında daha uyğun bir sinerji yarandığı görünür”.
Deputatın vurğulayıb ki, Gürcüstan ABŞ üçün Cənubi Qafqazda mühüm geosiyasi platformadır: “Vaşinqton üçün Çini regional təşəbbüslərdə neytrallaşdırmaq baxımından Gürcüstanın logistika, enerji və rəqəmsal infrastrukturları əhəmiyyət daşıyır. Xüsusilə, Anakliya dərin su limanı layihəsinin Çinə yönəlməsi Vaşinqton üçün narahatlıq doğura biləcək amildir. Tbilisinin Tramp administrasiyasını inandırmalı olduğu əsas məsələ bu layihənin ABŞ maraqlarına zidd olmaması və ya Vaşinqtonun bu layihədə iştirak potensialının açıq qalmasıdır”.
E.Mirzəbəyli əlavə edib ki, Gürcüstanın Türkiyə ilə sərhəddə yerləşməsi, NATO və Avropa İttifaqı ilə təmas nöqtəsi olması, həmçinin Şərq–Qərb enerji və nəqliyyat marşrutlarında körpü rolu oynayan mövqeyi ABŞ üçün onu strateji ərazi subyektinə çevirir: “Gürcüstanın Rusiyaya qonşu olması, eyni zamanda sabitlik və təhlükəsizlik baxımından Avropa üçün “bufer zona” kimi çıxış etməsi Vaşinqtonun maraqlarına uyğun gəlir”.
Deputat deyib ki, Vaşinqton–Tiflis münasibətləri hazırda “yenidən yükləmə” mərhələsindədir: “Gürcüstan ABŞ-a daha yaxın olmaqla həm daxili sabitliyini qorumağa, həm də regional güc balansında mövqeyini möhkəmləndirməyə çalışır. Bununla belə, AÇİB (Anakliya Çin İnvestisiya Bloku) layihəsinin taleyi, ABŞ-ın bölgədəki strateji prioritetləri və Gürcüstanın daxili siyasi kursunun davamlılığı bu əməkdaşlığın gələcəyini müəyyən edəcək əsas amillərdən olacaq”.
E.Paşasoy,
Musavat.com
13 May 2025
12 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ