Onlayn ictimai-siyasi qəzet
"Vaşinqton Rusiyaya qarşı sanksiyaların yumlaşmasına çalışacaqsa, Dehlinin Rusiyaya qarşı sanksiya tətbiqinin mənası olmayacaq".
Bu barədə Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Politoloq qeyd edib ki, Avropa İttifaqı bu il ərzində Hindistanla azad ticarət sazişi bağlamağa çalışacaq. Belə ki, Avropa İttifaqı nümayəndə heyətinin Hindistana iki günlük səfərinin əsas qayəsini bu mövzu təşkil edib:
"Brüssellə Dehli arasında münasibətlər tarixində ilk dəfə Avropa İttifaqı böyük nümayəndə heyəti ilə Hindistanda səfərdə olub. Bu təsadüfi deyil. Hindistan 2004-cü ildən Avropa İttifaqının strateji tərəfdaşı statusuna malikdir.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Dehlidə Hindistanın baş naziri Narendra Modi ilə görüşdən sonra nikbin açıqlama verərək Brüsselin Dehli ilə imzalayacaq gələcək sazişi dünyada bu tip ən böyük sövdələşmə kimi qiymətləndirib. Dehli ilə Brüssel arasında saziş barədə danışıqlar 2007-ci ildən başlanıb. Danışıqlarda müəyyən fasilə yarandıqdan sonra təmaslar 2022-ci ildə yenidən bərpa olunub. Narendra Modi açıqlama verərək, 2025-ci ildə Brüssellə müvafiq sazişin imzalanması üçün hökumət üzvlərinə tapşırıq verildiyini bildirib. Buna qədər isə Brüssel və Dehli yaşıl enerji, yarımkeçiricilər, süni intellekt sahəsində əməkdaşlığı genişləndirməyə qərar veriblər.
Dehli Brüssellə əməkdaşlığın inkişafına əhəmiyyət verir. Ticarət əlaqələrinin həcmi də bundan xəbər verir. 2023-2024-cü illərdə Avropa İttifaqı ilə Hindistan arasında ticarət mübadiləsinin həcmi 138 milyard dollara yaxın olub. Ümumiyyətlə Hindistanla Avropa İttifaqı arasında ticarət mübadiləsi son illərdə 90 faiz artıb. Hindistan Avropa İttifaqı üçün ən böyük bazarlardan biridir. Brüssel bununla kifayətlənmək istəmir.
Avropa İttifaqı Hindistanla ticarəti daha da artırmaq məqsədilə Dehlinin avtomobillərə və şərablara tətbiq etdiyi yüksək tarifləri azaltmasını istəyir. Bu Avropa İttifaqının Çin bazarından asılılığını azalda bilər. Avropa İttifaqı Hindistanla təhlükəsizlik sahəsində də əməkdaşlığın genişlənməsini arzulayır. Brüssel Dehli ilə kibertəhlükələr, Cənubi Çin dənizi və Hind-Sakit okean regionu da daxil olmaqla tərəfdaşlığı gücləndirməkdə maraqlıdır. Brüssel eyni zamanda Hindistanın Ukraynanın təhlükəsizliyi üçün “sülh və ədalətli razılaşma”nı dəstəkləməsini istəyir. Brüsselin bu istəyinə baxmayaraq, Dehli Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq. Digər tərəfdən Dehli Vaşinqtonun siyasətini diqqətdə saxlayır. Əgər Vaşinqton Rusiyaya qarşı sanksiyaların yumlaşmasına çalışacaqsa, Dehlinin Rusiyaya qarşı sanksiya tətbiqinin mənası olmayacaq. Narendra Modi ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsini bitirməsi təşəbbüsünü dəstəkləyir. Dehli kiminsə xeyrinə seçim etmək istəmir. Dehlinin həm ABŞ və Avropa İttifaqı, həm də Rusiya ilə əməkdaşlığı mövcuddur. Dehli bu siyasətini dəyişməyəcək".
Xalidə Gəray
Musavat.com
01 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ