Onlayn ictimai-siyasi qəzet
O vaxtlar hər şey daha sadə idi. Qonşuların qapısı bağlı qalmaz, uşaqlar axşamacan həyətlərdə tumançaq qaçardı. Küçələrin küncündə tum qabıqları səpələnər, nənələrin bükdüyü qəzet kağızlarının içindən günəbaxan tumlarının iyi gələrdi. Günəşin istisində əriməsin deyə kölgədə gizlədilən, şüşə bankalarda par-par yanan rəngbərəng “Şirinquş”lar isə həmin günlərin ayrılmaz simvolu idi.
O xoruz formasında bərk şəkərlər — sanki uşaqlığımızın öz dadı idi. Qırmızı, narıncı, bəzən qəhvəyi rəngdə, işığın altında bal kimi parlayan o “Şirinquş”lar əlimizə yapışardı. Ən çox da məktəbdən qayıdanda, cibimizdə qalan 20 qəpiyə o xoruzdan almaq dünyanın ən böyük xoşbəxtliyi idi. İllər keçdi. Küçələr dəyişdi, binalar ucaldı, bazarların yerini iri ticarət mərkəzləri tutdu. Amma 8-ci kilometr bazarının küncündə, hələ də bir köhnə stendin arxasında o şirin qoxu dayanır.
Musavat.com əməkdaşı olaraq həmin stendə yaxınlaşır, satıcı ilə söhbətləşirik.
Satıcının stendinə yaxınlaşanda bir anlıq özümü 1990-cı illərin küçəsində hiss edirəm. Masanın üzərində sıra ilə düzülmüş xoruz formalı “Şirinquş”lar, yanlarında pambıq kimi ağ şirin pambıqlar... Qəfil uşaqlıq illərimin şəkərli səsi qulağımda çalınır — “al, bu sənə, amma dişləmə, evdə yeyərsən”.

Satıcı özünü təqdim edir:
— Adım Turaldır. Dayım 35 ildən çoxdur bu işlə məşğuldur. Mən də uşaqlıqdan bu işin içindəyəm, indi 32 yaşım var. O, bir “Şirinquş”u əlinə alıb diqqətlə baxır, sanki uşaqlıq dostuna baxırmış kimi.
— Bunları biz özümüz hazırlayırıq. Dədə-baba üsulu ilə. Sadəcə şəkər və rəng qatırıq. Qəliblərə tökürük, çubuğu qoyuruq, sonra soyumağa buraxırıq. Əl dəymədən, təmiz şəraitdə. Bizim üçün bu təkcə qazanc deyil, uşaqlıq xatirəsidir.
Tural danışdıqca, arxadan bir nənə yaxınlaşır. Yanında balaca nəvəsi var. Nənə gülümsəyərək iki “Şirinquş” alır, biri nəvəsinə, biri özünə.
— Bilirsən, qızım, biz uşaqlıqda bunları çox sevərdik. Məktəbin qarşısında satardılar. Elə bil o illərin dadı idi bu. Nəvəsi maraqla xoruzu işıqda fırladır, bərq vuran qırmızı şəkərə baxa-baxa dişləyir. Nənə bir anlıq dalğınlaşır, sanki illərin o üzünə keçir.

Tural davam edir:
— İndi alıcılarımız əsasən o dövrü görənlərdir. Elə babalar, nənələr. Bəzən uşaqlarına, nəvələrinə alırlar, uşaqlıqlarından danışırlar. Gənclər elə də çox almır, amma görən kimi maraqlanırlar.
O, bir az hesablama aparır, sanki köhnə dəftərindəki rəqəmləri xatırlayır:
— “Şirinquş”un biri 50 qəpikdir. Gün ərzində 70-80 dənə satırıq. Amma bəzən 50 olur, bəzən 100. Biz 100 dənə gətiririk, satılana kimi dayanırıq.
Hazırlamaq bizə təxminən 13 qəpiyə başa gəlir. Çətin olsa da, işimi çox sevirəm.
Yayda çətir tutduğunu, qışda isə əlcək taxdığını söyləyir. “Əriməsin deyə çətir tuturam”, deyir, gülür.

Bazarda bir az dolaşdıqca sanki hər addımda uşaqlıq səhnələri canlanır. Günəbaxan tumlarının qoxusu, pambıq şirəsinin barmaqlara yapışan şəkəri… Hamısı bir filmin kadrları kimi gözümün önündən keçir.
Bir zamanlar sadə bir “Şirinquş” almaq üçün növbəyə duran uşaqlar indi valideyn, bəziləri isə baba-nənə olublar. Amma o xoruz şəkərinin dadı, sanki illərin yaddaşında ilişib qalıb. Bu kiçik bazar köşəsində Tural və onun kimi insanlar bir dövrün mədəniyyətini yaşadırlar. Bazardan ayrılarkən mənim əlimdə də üç “Şirinquş” var idi- biri mənim, digərləri isə övladlarımın. Qırmızı, yaşıl, qəhvəyi...
Afaq MİRAYİQ,
Fotolar müəllifindir,
Musavat.com
29 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ