Onlayn ictimai-siyasi qəzet
Beynəlxalq Valyuta Fondu (BVF) xam neftin qiymətinin bu ilin sonuna kimi 80,5 dollar olacağını, 2026-cı ilə qədər isə 72,7 dollaraz düşəcəyini proqnozlaşdırır. Bu barədə fondun Vaşinqtonda təqdim etdiyi dünya iqtisadiyyatının inkişaf perspektivlərinə dair hesabatında deyilir.
Sənəddə qeyd olunur ki, bu ilin fevral-avqust ayları arasında neftin qiyməti 4,4 faiz artsa da, keçən ilin iyun ayına qeydə alınan pik həddən - 115 dollardan əhəmiyyətli dərəcədə aşağı olub. Fond ekspertlərinə görə, ilin sonunadək neftin orta qiyməti 2022-ci ilin göstəriciləri ilə müqayisədə (96,4 dollar) 16,5 faiz azalaraq 80,5 dollar təşkil edəcək. Bu isə o deməkdir ki, BVF neft qiymətləri ilə bağlı proqnozunu bir qədər yaxşılaşdırıb: bu ilin iyulunda 2023-cü ilin sonuna neftin orta qiymətinin 76,43 dollar olacağı proqnozlaşdırılmışdı.
BVF mütəxəssislərinin fikrincə, yaxın perspektivdə neftin qiyməti ilə bağlı qeyri-müəyyənlik qalmaqdadır: OPEC+ çərçivəsində hasilatın əlavə azaldılması, Qara dənizdə hərbi eskalasiya və ənənəvi yanacaq istehsalına investisiyaların azaldılması qiymətlərə artırıcı təsir edəcək əsas faktorlardır. Hesabatda qlobal iqtisadi artım sürətinin azalması, Çində iqtisadi bərpa prosesinin zəifləməsi üzündən neftə tələbatın azalması və elektromobillərə keçidin sürətlənməsi neft bazarında qiymətləri endirəcək əsas amillər kimi qeyd edilir.
Musavat.com
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ