Onlayn ictimai-siyasi qəzet
Autizm spektr pozuntuları zamanı həssas və məsuliyyətli yanaşma olduqca vacibdir.
Musavat.com xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin psixoloqu Lalə Nəzərova deyib.
Müsahibəni təqdim edirik:
- Lalə xanım, ilk öncə bilmək istərdik ki, autizm nədir?
- Autizm və ya autizm spektr pozuntusu (ASP) uşağın ünsiyyətinə və davranışına təsir edən nevroloji inkişaf pozğunluqları kompleksidir. Simptomları bəzən çox erkən yaşlarda müşahidə olunur.
Qeyd edilən pozuntunun müxtəlif növləri var. Bunlara autizm, Asperger sindromu, Rett sindromunu aid edə bilərik.
- Autizm/İƏDP diaqnozu nə zaman qoyulur?
- Sadalanan bu halların arasında dərəcələrinə görə incə fərqlər olsa da, müalicə üsulları, müvafiq tədris planları bütün hallar üçün olduqca oxşar bir məzmundadır. Müayinə olunan şəxsdə üç əsas sahəyə aid müvafiq əlamətlər müşahidə edildiyi təqdirdə autizmlə bağlı diaqnoz müəyyən edilir. Biz bura başqaları ilə qarşılıqlı münasibətlərin qurulması, ünsiyyət və davranışı aid edə bilərik. Uşaqlar oxşar davranışlar göstərən zaman autizmə (yaxud yuxarıda qeyd olunan digər pozuntulara) aid səciyyəvi dəyərləndirmədən kənar hərəkətlərə yol verirlərsə, onlara inkişaf əngəlləyici dərin pozuntu diaqnozu qoyula bilər.
- Autizmin əlamətləri hansılardır?
- Uşaqlarda ASP üç yaşınadək müəyyən edilir. Bunlara nitqin inkişafının ləngiməsi və sözləri başa düşməkdə çətinlik, müəyyən hərəkətləri ardıcıl olaraq dəfələrlə təkrarlama, məişət jestlərini anlamamanı daxil edə bilərik. Həmçinin, bu pozğunluğu olan uşaqlar nadir hallarda göz kontaktı qurur, onlarda gülümsəmə çox gec inkişaf edir, uyğun üz ifadələrinin ötürülməsində çətinlik çəkir və yaxud etmir, uşaqlarla oynamır, digər uşaqlara maraq göstərmirlər və s. Qeyd etdiyimiz xüsusiyyətlərin bəziləri, yaxud da hamısı pozuntuların bütün formalarında (ən zəifindən kəskininədək) müşahidə oluna bilər. Bu uşaqların bəziləri danışmırlar. Digərləri danışmağa can atırlar, lakin dedikləri sözlər sadəcə təkrarlanmadan ibarət olur.
Danışıq qabiliyyətləri nisbətən, daha çox inkişaf edən uşaqlar yalnız sadə və məhdud mövzulardan danışmağa meyilli olurlar. Onlar özlərinə mücərrəd görünən məsələlərdən danışmağa çətinlik çəkirlər. Oynayan zaman eyni hərəkətlərin təkrarlanması, maraqların çox məhdud ölçüdə ifadə olunması, ünsiyyət qabiliyyətlərinin zəifliyi, bütün bunlar çoxsaylı müşahidələr nəticəsində aşkar edilən əlamətlər sırasındadır. Autizm spektr pozuntulardan əziyyət çəkən uşaqlar əsasən səs-küy, işıq, müəyyən yeməklər, yaxud əşyalara da qeyri-adi reaksiya verə bilərlər. Bundan əlavə, çox vaxt autizmli uşaqlar qeyri-adi qabiliyyətlərə malik olurlar.
- Bu zaman uşağı öyrənməyə cəlb etmək nə dərəcədə önəmlidir?
- Belə uşaqlar 3 yaşa qədər erkən müdaxilədən istifadə etməklə yanaşı, fərdi ehtiyaclarına uyğun hər hansı bir tədris proqramına, yəni uşaq bağçalarına da cəlb edilməlidirlər. Autizm/İƏDP-ı olan şagirdlər (3 yaşından 22 yaşına qədər) üçün nəzərdə tutulan tədris proqramları təhsil təlimatları ilə yanaşı, danışıq, ünsiyyət, davranış qabiliyyətlərinin və gündəlik yaşayış vərdişlərinin yaxşılaşdırılması məsələləri üzərində cəmlənir.
Eyni zamanda, davranış və ünsiyyət problemlərinə qarşı ciddi diqqətin tələb edildiyi şagirdlərlə autizm sahəsində işləmək üçün xüsusi biliklərə malik olan peşəkar mütəxəssislərin tədris prosesinə cəlb edilmələri mütləqdir. Həmin mütəxəssislər istər məktəbdə, istərsə də məktəbdənkənar fəaliyyətlərin yerinə yetirilməsi zamanı, eləcə də reabilitasiya mərkəzində uşaqlarla işləməli, onlar üçün Fərdi Qayğı Planını hazırlamalı və bu planın həyata keçirilməsinə yardım etməlidirlər. Fərdi Qayğı Planı uşağın bütün ehtiyaclarına əsaslanaraq, uşağa aid olan müdaxilələri, tədris (Fərdi Tədris Planı), reabilitasiya və s. xidmətləri özündə əks etdirməlidir.
Tədris proqramının davamlı və etibarlı bir tərzdə həyata keçirilməsi məqsədilə autizm spektr pozuntuları olan uşaqlar üçün dərs və məşğələləri uyğun mühitdə təşkil edilməlidir. Belə şagirdlər vizual olaraq təqdim edilən informasiyanın həm də şifahi şəkildə ifadə olunduğu təqdirdə dərslərini daha yaxşı mənimsəyə bilirlər.
Digər həmyaşıdlarla qarşılıqlı münasibətlər də əhəmiyyətlidir. Belə ki, danışıq, ünsiyyət və davranış qabiliyyətlərinə dair müvafiq nümunələrlə onlara müsbət təsir göstərə bilirlər. Autizm/İƏDP-ı olan uşaqlar üçün davamlılıq və davamiyyət məsələsi olduqca önəmlidir. Valideynlər həmişə övladları üçün nəzərdə tutulan tədris proqramlarının işlənib hazırlanmasında iştirak etməlidirlər. Bu, dərslərin mənimsənilməsi, təcrübələrin qazanılması və müəyyən yanaşmaların tətbiqində daha çox səmərə əldə edilməsinə kömək edir.
Autizm/İƏDP-ı olan şagirdlərin tədris ehtiyaclarını təmin etmək üçün tərtib olunan təhsil proqramları yetkinlik yaşında olanlara iş və məişət məsələlərində, xüsusi dəstəyin göstərilməsi gələcək fəaliyyətlərində onlar üçün geniş imkanlar aça bilər.
- Valideynlərə tövsiyələriniz nə ola bilər?
- Autizm/İƏDP haqqında nə qədər məlumatlı olsanız, bir o qədər özünüzə və övladınıza kömək edə bilərsiniz.
Övladlarınızla qarşılıqlı münasibət yaradarkən və ona nəyisə öyrədərkən, onda müsbət reaksiya və cavab oyatmağa çalışın. Uşaqlarınızın zəif cəhətlərini müəyyən etməyi öyrənməlisiniz ki, onları aradan qaldırmaq mümkün olsun.
Təcrübələr göstərir ki, övlad qayğısına qalmaq məsələsində həssas, sevgi dolu, səbirli və intizamlı yanaşmanın çox böyük köməyi olur. Övladınızın bacarıqları və ehtiyaclarını nəzərdə tutan təhsil proqramlarının işlənib hazırlanması üçün erkən müdaxilə üzrə mütəxəssislərlə yanaşı, müəllimlərlə birgə səy göstərməlidirlər.
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ