İnsanlara hürriyət, millətlərə istiqlal!

Vahid Əhmədovu hansı cəza gözləyir - tənqidçi deputatlar haqlıdırmı?

Etik davranış qaydalarına görə deputat Milli Məclisin nüfuzuna xələl gətirə biləcək davranışa yol verməməlidir; qanunda 5 cəza tədbiri nəzərdə tutulub - xəbərdarlıq; söz kəsmə; iclas salonundan çıxarma; töhmət; deputat səlahiyyətlərinin itirilməsi...

Parlamentin 25 aprel tarixli iclasında deputat Vahid Əhmədov kəskin tənqid olundu. Bir sıra deputatlar çıxışlarında onun müsahibəsində 2-3 nəfərdən başqa qalan deputatların saxtakarlıqla seçilməsi, AXCP və Müsavatın seçkilərdə səs ala biləcəyi, habelə Türkiyə ilə bağlı bəzi fikirlərinin yanlış olduğunu bildirdilər.

Bundan sonra onunla bağlı İntizam Komissiyasına müraciət edilməsi təklif olunub. Milli Məclisin sədri Sahibə Qafarova tapşırıq verib ki, deputat Vahid Əhmədovla bağlı məsələyə İntizam Komissiyasında baxılsın.

Qeyd edək ki, ötən il deputatların etik davranışları pozması ilə bağlı da qaydalar sərtləşdirilmişdi, buna görə mandatdan məhrum olunma da nəzərdə tutulub.

Konkret olaraq Vahid Əhmədovun müsahibəsində etik davranış qaydalarının pozulması halının olduğunu isə təsdiqləyən faktlar təqdim edilməyib. Bir sıra siyasətçilər bildiriblər ki, istənilən deputatın tənqidi çıxışlar etməsi, tənqidi fikirlər bildirməsi söz azadlığının nümunəsidir və söz azadlığından istifadə hüququ məsuliyyət yaratmır. Şübhəsiz ki, təhqirə və böhtana yol verilməmək şərtilə. 

Bəs Vahid Əhmədov İntizam Komissiyasında hansı formada cəzalandırıla bilər? İntizam Komissiyasının cəza tədbirləri hansılardır və cəza tədbirləri hansı sənədlə tənzimlənir? Deputat mandatından məhrum edilə bilərmi? Edilərsə, bunun mexanizmi necədir?  

“Milli Məclis deputatının etik davranış qaydaları haqqında” Qanuna görə, deputat Milli Məclisin nüfuzuna xələl gətirə biləcək davranışa yol verməməlidir. Etik davranış qaydalarına əməl olunmasına nəzarəti Milli Məclisin İntizam Komissiyası həyata keçirir. Milli Məclisin daxili nizamnaməsinə əsasən, İntizam Komissiyası 1 il müddətinə 11 üzvdən ibarət tərkibdə seçilir. Hazırda quruma Eldar İbrahimov sədrlik edir. Deputat etik davranış qaydalarını pozduqda (kobud surətdə pozduğu hallar istisna olmaqla) parlamentdaxili məsuliyyətə cəlb olunur. Tətbiq edilən intizam tədbirləri belə sıralanır: xəbərdarlıq; söz kəsmə; iclas salonundan çıxarma; töhmət; deputat səlahiyyətlərinin itirilməsi.

Novator.az-ın yazdığına görə, indiki halda Vahid Əhmədova xəbərdarlıq edilməsi və ya töhmət verilməsi istisna deyil.

Sahibə Qafarova deputatın ailəsi ilə əlaqə saxlayıb

Sahibə Qafarova

Qeyd edək ki, aprelin 25-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası zamanı söz alan deputat Fəzail Ağamalı bildirib ki, bu yaxınlarda deputat Vahid Əhmədov xoşagəlməz müsahibə verib: “Vahid Əhmədovun dediklərindən belə çıxıb ki, ölkədə həyata keçirilən sosial siyasət nəticə verməyib. O cümlədən müsahibəsində siyasi partiyaların fəaliyyətinə kölgə salıb. Sizə kim bu haqqı verib ki, Milli Məclisdəki partiyaların üzərinə bu cür böhtanla gəlirsiniz”.

F.Ağamalı AXCP və Müsavatın 44 günlük müharibə dövründə imzalanan bəyanata qol çəkmədiklərini söyləyib. Deputat deyib ki, V.Əhmədov Milli Məclisin legitimliyini sual altına alıb, ancaq 3 nəfərin səs alması barədə fikirlər səsləndirib. “Ona görə də İntizam Komissiyasının sədr müavini kimi, onun dediklərinin İntizam Komissiyasının müzakirəsinə çıxarılması üçün göstəriş verməyinizi xahiş edirəm”, -  deyə F.Ağamalı bildirib.

Ardınca deputatlar Kamran Bayramov, İlham Məmmədov və Elşən Musayev də Vahid Əhmədovun dediklərinə etirazlarını bildiriblər. E.Musayev də spikerdən məsələnin İntizam Komissiyasının müzakirəsinə çıxarılması üçün göstəriş verməsini  xahiş edib.

Deputat Vahid Əhmədov isə Milli Məclisin iclasında əleyhinə səslənən fikirlərə belə münasibət bildirib: “Birincisi, mən uzun müddətdir Milli Məclisdə təmsil olunan və müxtəlif illərdə vəzifələrdə çalışan şəxs kimi, həmişə dövlətin yanında olmuşam, dövlətin mövqeyini müdafiə etmişəm, yenə də müdafiə edirəm. Bu çıxışlarla bağlı kim göstəriş verib, onu da bilirəm. Burada Fəzail Ağamalı təklif etdi ki, məsələyə İntizam Komissiyasında baxılsın. Etiraz etmirəm, baxılsın. Mən orada da bütün suallara cavab verməyə hazıram. Millətim də görər ki, mən orada dövlətin, millətin yanında olan insanam”. Ardınca V.Əhmədov bu müzakirələrin düzgün olmadığını bildirib. Spiker Sahibə Qafarova “Vahid müəllim, o sizin öz fikrinizdir, burada deputatlar çıxışa yazılıblar, mən söz verməliyəm” deyib.

Oxu.az - Eldar İbrahimov: Dövlətlər az qala sosial şəbəkələrdən idarə  olunur - MÜSAHİBƏ

Eldar İbrahimov

İntizam Komissiyasının sədri Eldar İbrahimov isə Milli Məclisin iclasında həmkarı Vahid Əhmədovun müsahibəsində bir sıra araşdırılmalı məsələlərin olduğunu söyləyib. “Məsləhət olsa, biz İntizam Komissiyasında məsələni müzakirə edərik” - deyərək E.İbrahimov sədrə müraciət edib. Spiker cavabında “İntizam Komissiyası bu məsələ ilə məşğul olsun” tapşırığını verib.

Vahid Əhmədov 1947-ci il aprelin 2-də Quba rayonunda doğulub. Azərbaycan Politexnik İnstitutunu və Bonn Menecment İnstitutunu bitirib. Texnika doktorudur. Bakının Maşınqayırma, Radio, Dəzgahqayırma zavodlarında məsul vəzifələr tutub, “Bakı fəhləsi”, Keşlə Maşınqayırma zavodlarının direktoru, “Bakneftmaş” İstehsalat Birliyinin baş direktoru, baş nazirin müavini, birinci müavini olub. 1990-cı ildə Ali Sovetin, 2005, 2010, 2015, 2020-ci illərdə Milli Məclisin deputatı seçilib. Parlamentdə 52 saylı Quba seçki dairəsini təmsil edir. “Şöhrət” ordeni laureatı, əməkdar mühəndisdir.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR