Onlayn ictimai-siyasi qəzet
Deputat Vahid Əhmədov Milli Məclisdəki çıxışında Avropa İttifaqının üzvlərinin və bir sıra digər ölkələrin Azərbaycana qarşı qərəzli siyasət yürütməsindən bəhs etdi.
Musavat.com-un məlumatına görə deputat bildirdi ki, 44 günlük müharibədə və 19-20 sentyabr antiterror tədbirində Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi bir sıra çevrələri qane etmir və onlar qələbəmizi həzm edə bilmirlər.
V.Əhmədov Qarabağdan ermənilərin köçməsinə görə Azərbaycanın ittiham olunmasını əsassız adlandırdı və bildirdi ki, bu iddianı sübut edəcək heç bir arqument yoxdur. “Hətta bizim əlimizdə BMT kimi nüfuzlu təşkilatın rəyi var. Rəydə bildirilir ki, Azərbaycan erməniləri qovmayıb”-V.Əhmədov bildirdi.
Deputat qeyd etdi ki, Tehranda baş tutan 3+3 formatında keçirilən görüşdə də ərazi bütövlüyü, suverenlik məsələsinə xüsusi önəm verilib, bu məsələlər yekun bəyanatda əksini tapıb. Ermənilərin yenidən Qarabağa qayıtması məsələsinə gəldikdə, V.Əhmədov bu məsələyə həssas yanaşmanın zəruri olduğunu vurğuladı:
“Heç kim təminat verə bilməz ki, 20-30 ildən sonra həmin icma yenidən Azərbaycana qarşı təxribatlara əl atmayacaq. Bizim humanistliyimiz həmişə bizə qarşı problem yaradıb”.
E.Paşasoy,
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ