Onlayn ictimai-siyasi qəzet
İntiharların hamısı dəhşətlidir, faciəvidir, ancaq özünü yandırmaqla intihar daha faciəvi, daha dəhşətlidir.
Bu addımı atan təkcə həyatla vidalaşmır, eyni zamanda üsyan edir və bu üsyanınından hamının xəbər tutmasını və təsirlənməsini istəyir.
Məşhur yazıçı Orxan Pamukun “Qar” romanında da qeyd olunur ki, bu kimi səs-küylü intiharların səbəbkarlardan qisas almaq, onlara acıq vermək xassəsi daha güclü olur.
Ötən il və bu il bəzi qazi qardaşların özlərini yandırmağa cəhd etməsi də məhz onların üsyanlarının ifadəsi idi. Onlar bu aksiya ilə diqqəti öz problemlərinə cəlb etmək istəyirdilər.
Vəkil Zaur Məmmədovun özünü yandırmaqla intihar etməsinə bu prizmadan yanaşmaq lazımdır.
O, başqa üsul da seçə bilərdi – məsələn, ağır depressiyada olanlar çox zaman ya hündür bir yerdən atılır, ya özünü asır, ya zəhər içir, ya da, varıdırsa, odlu silahdan istifadə edir.
Ancaq mərhum vəkil məhz ən ağrı-acılı, heç də hər kəsin əl ata bilməyəcəyi intihar üsulunu seçib. Adam özünə rəsmən dözülməsi mümkün olmayan əzab verib.
Köhnə vaxtlarda bu üsula daha çox şərlənən, böhtana məruz qalan qadınlar əl atırdı. Onlar özlərini yandırır, barələrində yaxşı-yaman danışanları peşman edir, öz təmiz adlarını qoruyurdular. Sonradan qadınlar sirkə turşusu içməyə keçdilər. Bu da özünüyandırma aktı idi. Turşu onların daxili orqanlarını yandırırdı.
İndiki dövrdə elə edən yoxdur, böhtana məruz qalan hüquq-mühafizə orqanlarına müraciət edir, onlar da böhtançını içəri aparıb cızdağını çıxarırlar.
Vəkil də, iddia olunduğu kimi, hansısa müstəntiq tərəfindən aldadılmışdısa, hüquq-mühafizə orqanlarına, media qurumlarına müraciət edə bilərdi. Onun başına gələnlər, əl-əlbət, ajiotaj doğuracaq, səbəbkar cəzalandırılacaqdı. Bu zaman o da zərər çəkə, bəlkə də vəkil mandatını, mantiyasını itirə bilərdi, amma başqa iş tapardı, ən azı həyatına davam edərdi.
O isə heç bir mübarizə aparmadan sonuncu addımı atıb. Bu, bir vəkilin heç vaxt atmamalı olduğu addımdır. Kim belə bir hərəkət etsə də, məhz vəkil etməməlidir.
Yadınızdadırsa, bir neçə ay öncə Bakı rayonlarından birinin hakimi intihar etmişdi. O, özünü müakicə aldığı xəstəxanın yuxarı mərtəbəsindən, hündürlükdən atmışdı. Onun intiharının səbəbi barədə danışan yaxınları bildirirdilər ki, hakim uzun müddət depressiyada olub və bu ovqatdan xilas ola bilməyib.
Zaur Məmmədov isə depressiyada olmayıb, böyük ehtimalla hansısa psixoloji sarsıntının şokunda olub. Depressiyada olsa, o, əyninə vəkil mantiyası geyməz, Vəkillər Kollegiyasının inzibati binasının önünə gəlməzdi. Z.Məmmədov öz həyatına qarşı qəsdi ona görə Salyanda yox, Bakı şəhərinin mərkəzində edib ki, bu addımının ictimai müzakirələrə, ajiotaja səbəb olmasını istəyirb.
O cür emosional adamlar var, anidən olduqca sərt qərarlar verə bilirlər – həm başqalarının həyatıyla bağlı, həm də öz həyatları barədə. Bu zaman onlara elə gəlir, yaranmış situasiyadan ən doğru çıxış yolu məhz budur. Kimsə onlara mane olsa, cəmi 10 dəqiqədən sonra törətmək istədikləri, amma “uğurlu” alınmayan akta görə peşman olar, hətta dəhşətə gələrlər.
Bəzən deyirlər ki, intihar iradəsiz adamların əl atdığı üsuldur. Guya hər zaman mübarizə aparmaq, öz haqqını, həyatını qorumaq lazımdır. Bu sözlərdə həqiqət payı çox böyükdür. Ancaq bu da faktdır ki, ikinci dəfə əldə etməyin mümkün olmadığı həyalta könüllü şəkildə vidalaşmaq barədə son qərarı qəbul etmək üçün də böyük iradə lazımdır. Bu, yüz mində bir adamın qol qoyacağı şeydir.
Dərindən götürəndə isə intihar yolunu seçmək rasional addım deyil. Bu, başqalarına, xüsusilə də əzizlərinə problem, ağrı-acı yaratmaq, onların həyatını çətinləşdirməkdir. Axtarsan, eqoistlikdir – “qoy mənə görə acı çəksinlər”.
Hər halda, Allah vəkil Zaur Məmmədova rəmət eləsin. Vəkillərin onsuz da az olduğu ölkədə onun həyatdan gedişi hüquqi yardıma ehtiyacı olanlar üçün itkidir.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ