İnsanlara hürriyət, millətlərə istiqlal!

Üstünlük ƏRDOĞANDA! Kılıçdaroğluna verilən səslər isə... - Dünya Türkiyədəki seçkiləri necə görür?

Məlum olduğu kimi, mayın 14-də Türkiyədə prezident və deputat seçkiləri keçirilib. Türkiyə xalqı 5 il müddətinə fəaliyyət göstərəcək 13-cü prezidenti və 28-ci dönəm parlamentini seçmək üçün səs verib. 

Prezidentlik uğrunda 3 namizəd - hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və “Ata İttifaqı”nın namizədi Sinan Oğan mübarizə aparır. “Cümhur İttifaqı”nda Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası, Hür Dava Partiyası və Demokratik Sol Partiyası birləşib. “Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur. “Ata” İttifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaqı partiyaları daxildir.

Türkiyə Ali Seçki Qurumunun məlumatına görə, hazırkı vəziyyətdə Rəcəb Tayyib Ərdoğan 49,50 faiz, Kamal Kılıcdaroğlu 44,89 faiz, Sinan Oğan 5,17 faiz, Məhərrəm İncə isə 0,44 faiz səs alıb.

Türkiyədə keçirilən prezident seçkiləri dünya mediasında geniş işıqlandırılıb. Musavat.com olaraq həmin materialların xülasəsini təqdim edirik:

"Parlament seçkilərində Ədalət və İnkişaf Partiyasının nəticələrinin daha yaxşı olacağı üçün prezident Ərdoğan ikinci turda böyük ehtimalla üstünlük qazanacaq".

Bu sözləri amerikalı tarixçi Hovard Eissenstat Associated Press (AP) xəbər agentliyinə açıqlamasında deyib.

St. Lawrence Universitetinin professoru Eissenstat bildirib ki, türk seçicilər "bölünmüş hökumət" istəməzlər.

İngiltərənin The Telegraph qəzeti isə Türkiyədə gərgin yarışın ikinci turda da davam edəcəyini bildirib.

"Qeyri-rəsmi xəbərlər səsvermədə rekord sayda seçicinin iştirak etdiyini ortaya çıxarıb. Müşahidəçilər səsvermədə iştirakın yüzdə 90-a yaxın olduğunu bildirdilər" - qəzet yazıb.

Britaniyanın BBC telekanalı “Gərgin gecədən sonra Ərdoğan üstünlük qazandı” başlığı ilə oxucularının qarşısına çıxıb.

"Çox çətin bir neçə ay keçməsinə baxmayaraq, Türkiyə prezidenti üstünlüyünü əlində saxlayır", - deyə, materialda bildirilib.

6461c4db2269a2191879a4a0.jpg (60 KB)

BBC-nin xəbərində qeyd olunub ki, gözlənilən ikinci turun nə qədər yaxın olacağı bəlli deyil və seçkidə üçüncü namizəd olan millətçi Sinan Oğana verilən 5 faiz səsin taleyi ilə bağlı artıq ciddi fərziyyələr var: "Sinan Oğanın səsləri ikinci turda həlledici rol oynayacaq. Hər iki liderin onu özünə cəlb etməyə çalışacağı və bəzi sərt şərtlər qoyacağı qaçılmaz görünür".

Economist Rəcəb Tayyib Ərdoğan rəqibi Kamal Kılıçdaroğlundan xeyli irəlidə olduğunu yazıb: "CHP-nin qurduğu ittifaq parlament seçkilərində cəmi 35% səs qazandı və daha da pis çıxış etdi. Ərdoğanın partiyası və MHP-nin rəhbərlik etdiyi “Cumhur İttifaqı” kimi tanınan bloq rahat səs çoxluğu tutmağı bacaracaq".

Amerikanın Washington Post qəzeti dünənki seçkinin Türkiyənin ən uğurlu siyasətçisi və iyirmi ildir liderlik edən Ərdoğanın ən çətin sınağı olduğunu vurğulayıb.

Wall Street Journal isə Türkiyənin perspektivli qlobal güc və NATO üzvü olduğuna diqqət çəkərək, seçkilərin geniş geosiyasi nəticələrinin ola biləcəyini yazıb.

CNBC nəşri qeyri-rəsmi nəticələrə görə siyasi üstünlüyün prezident Ərdoğana aid olduğunu vurğulayıb və Türkiyə liderinin performansına diqqət çəkib: “Ərdoğan tərəfdarlarına müraciət edərkən özünə arxayın və mübariz görünürdü”.

The New York Times seçkilərin ikinci tura keçəcəyini yazıb:  “Səsvermənin nəticəsi Ərdoğan və müxalifət lideri Kamal Kılıçdaroğlu arasında ikinci turunda qələbəni təmin etmək üçün iki həftəlik mübarizə yolunu açdı. Səsvermənin nəticəsi Türkiyənin siyasi mənzərəsini yenidən formalaşdıracaq".

Alman mediası da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın performansına diqqət çəkib. "Tagesschau" kanalı Almaniyada seçici fəallığının hər zamankından daha yüksək olduğunu bildirib.

Welt qəzeti seçkinin ikinci tura keçəcəyinə baxmayaraq, Ərdoğanın öndə olduğunu qeyd edib: "O, yaxşı çıxış etdi..."

İsveçin Svenska Dagbladet nəşri xəbər saytı isə seçkilərin ikinci tura keçəcəyi təqdirdə Stokholmun NATO üzvü olmasının gecikəcəyini və bunun "İsveç üçün ən pis ssenari" olduğunu yazıb.

Yunanıstanın ən böyük qəzeti olan Kathimerini Rəcəb Tayyib Ərdoğanın ilkin nəticələrlə müqayisədə üstünlüyə malik olduğunu ifadə edib, Kılıçdaroğlunun rəy sorğularına cavab verə bilməyəcəyinə diqqət çəkib. Qəzet ikinci turda Sinan Oğanın roluna işarə edib: "Birinci turda Ərdoğana səs verənlərin ikinci turda mövqeyini dəyişməsi və ya iki həftə sonra seçkiyə getməməsi ehtimalı çox azdır. O səbəbdən Ərdoğan səs itirməyəcək, Kılıçdaroğluna verilən səslərin isə artıb-artıramayacağı sual doğurur".

Yunan mediası nəticələri prezident Rəcəb Tayyib Ərdoğan və Ədalət və İnkişaf Partiyasının (AK Partiya) qələbəsi kimi qiymətləndirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR