İnsanlara hürriyət, millətlərə istiqlal!

Usta-müştəri davaları - rəsmi müqavilə bağlanmalıdırmı?

Ölkədə heç şübhəsiz ki, hər birimiz ev və ya maşın təmir edərkən ustanın yarıtmaz iş görüməsi ilə rastlaşmışıq. Həmçinin ustalar da onun pulunu kəsən, ödənişini etməyən müştərilərlə mütəmadi üzləşirlər. Bir çox hallarda bu səbəbdən davalar da olur.

Avqustun 20-də usta-müştəri davası güllələnmə ilə nəticələnib.

Biləsuvar rayonunun Aşağı Cürəli kənd sakini 1981-ci il təvəllüdlü Mayis Nəsirov hər iki ayağından odlu silah xəsarəti alıb. O, rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Hadisəyə səbəb usta işləyən Mayil Nəsirovun evini təmir etdiyi şəxsdən qalan borcu istəməsi olub. Bir müddət borclu qalmış ev yiyəsinin ustanı kənd məscidinin qarşısına çağırdığı, orada onun ayaqlarına ov tüfəngindən atəş açdığı bildirilir.

Məlumata görə, ev sahibinin ustaya 1000 manat borcu olub.

DİN-in mətbuat xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosunun sorğusuna cavab olaraq bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən Aşağı Cürəli kənd sakini, 1978-ci il təvəllüdlü Zabir Qurbanxan oğlu Soltanov polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.

Usta-müştəri davalarının əsas səbəbi odur ki, görülən işlərin keyfiyyətinə, təhvili vaxtına, habelə müştərinin ödəyəcəyi məbləğə dair hər hansı bir müqavilə, rəsmi öhdəlik olmur. Bu səbəbdən borcunu ala bilməyən usta və ya narazı qalan müştəri problem hüquqi yolla aradan qaldıra bilmir, nəticədə iş cinayətə gətirib çıxara bilər.

Sahib Məmmədov: "Azərbaycan polisi əsl fədakarlıq göstərdi"

Sahib Məmmədov 

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov “Yeni Müsavat”a bildirdi ki, bu kimi məsələlər Mülki Məcəllə ilə tənzimlənir. Ekspert qeyd etdi ki, mülki hüquqi münasibətlər rəsmiləşdirilmədikdə mübahisələrin ortaya çıxması labüddür: “Hətta müqavilə olduqda da mübahisələr ortaya çıxa bilər. Əqd bağlandıqda mülki hüquqi müqavilədə mübahisələrin həlli qaydası nəzərdə tutulmalıdır. Müqavilədə görülən işlər sadalanmalıdır, müddəti, keyfiyyəti, qiyməti, ödəniş qaydası, fors-major halları göstərilməlidir.  Müqavilədə o cümlədən mübahisələrin həlli qaydası göstərilməlidir ki, mübahisə yarandıqda danışıqlar yolu ilə, bu mümkün olmadıqda isə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll olunsun. Mübahisənin konkret hansı məhkəmədə həll olunacağı da qeyd olunmalıdır. Bu yoxdursa, söhbət qanunsuz sövdələşmədən gedir. Bu halda, tərəflərdən birinin, məsələn, zərərçəkmiş tərəfin sübutları varsa, məhkəməyə müraciət edə bilər. Bu, konkret mülki hüquqi münasibətlər olduğu üçün Dövlət Əmək Müfəttişliyi xidməti bu kimi məsələlərə qarışa bilmir. Yoxlamalara məhdudiyyət qoyulub. Müraciət olduqda belə onlar üçün çox çətindir. Faktiki əmək münasibətləri ortaya çıxsa da, əslində söhbət mülki hüquqi münasibətdən gedir. Təcrübədə bu kimi məsələlərin həlli çətindir. Bu məsələlər iki yolla həll oluna bilər. İşə cəlb edən tərəf hüquqi şəxsdirsə, vergi uçotunda durubsa, digər tərəflə ya mülki hüquqi müqavilə ya da əmək müqaviləsi bağlamalıdır”.

Xalid Kərimli: ADNF- nun gəlirlərinin yüksəlməsi proqnozlaşdırılır

Xalid Kərimli

İqtisadçı ekspert Xalid Kərimli isə qeyd etdi ki, əmək münasibətlərinin rəsmiləşdirilməsi həm də vergi amilini önə çıxarır. “Yeni Müsavat”a açıqlamasında ekspert bu kimi məsələlərin Mülki Məcəllə ilə tənzimləndiyini diqqətə çatdırdı: “Söhbət işverən-işçi münasibətindən getmir. Mülki müqavilənin bağlanması mütləq yazılı olmaya bilər. Mülki Məcəlləyə görə, əqdin bağlanması şifahi formada da ola bilər. Mübahisələrin ortaya çıxmaması üçün vətəndaşlar şifahi razılaşmalara etibar etməməlidirlər. Bu o demək deyil ki, müqavilə bağlanmadığı təqdirdə xidmət göstərilə bilməz, yaxud borcun tanınması mümkün deyil. Sadəcə, görülən işin, xidmətin dəqiq müəyyənləşməsi,  sonradan mübahisələrin yaranmaması üçün öncədən yazılı razılaşmanın olması məqsədəuyğundur. Bununla mübahisələr tamamilə aradan qalxmayacaq. Amma mübahisələri sivil qaydada həll etmək üçün müqavilə bağlanması nəzərdə tutulur. Əmək Məcəlləsinə görə, işçi ilə mütləq müqavilə bağlanmalıdır. Bu həm də Vergi Məcəlləsinin tələbidir. Buna baxmayaraq, müqaviləsiz məşğulluqla rastlaşırıq. Yəni tələbin olması, bunun tam olaraq icra edilməsi demək deyil. Xidməti müqavilədə nəzarət imkanları məhduddur, müddətli olduğu üçün nəyisə sübut etmək çətindir.  Eyni zamanda kiçik həcmli müqavilə olması amilini də nəzərə almaq lazımdır. İstilən halda müqavilənin olmaması xidmətin göstərilməsini qanunsuz etmir, yaxud bu vergi ödənməməlidir anlamına gəlməməlidir. Vətəndaş qazancından vergi ödəməlidir. Əmək müqaviləsi olduqda işəgötürən bu hesabatı təqdim edir. Digər halda isə vergi müqaviləyə daxil edilir, xidmət göstərən şəxs xidməti göstərdikdən sonra vergi hesabatını təqdim edir. Vergi öhdəliyi ortaya çıxdığına görə sənədlərin olması vətəndaşın gələcəkdə vergi ilə münasibətlərdə probleminin aradan qalxmasına gətirib çıxara bilər”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR