İnsanlara hürriyət, millətlərə istiqlal!

Uşaqların müdafiəsi yönündə daha bir addım

Prokuror valideynlərin valideynlik hüquqlarının məhdudlaşdırılması və valideynlik hüquqlarından məhrum edilməsi barədə iddia qaldıra biləcək

Azərbaycanda prokuror valideynlərin valideynlik hüquqlarının məhdudlaşdırılması və valideynlik hüquqlarından məhrum edilməsi barədə iddia qaldıra biləcək. Bu, Milli Məclisin İnsan hüquqları komitəsində müzakirəyə çıxarılaraq parlamentin plenar iclasına tövsiyə edilən Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, valideynlərin valideynlik hüquqlarının məhdudlaşdırılması və valideynlik hüquqlarından məhrum edilməsi barədə iddia qaldırmaq hüququ olan şəxslər sırasına prokurorluq orqanlarının da əlavə edilməsi təklif edilir.

Qeyd edək ki, hazırda uşağın yaxın qohumları, yetkinlik yaşına çatmayan uşaqları müdafiə edən orqanlar, məktəbəqədər, ümumtəhsil və başqa müəssisələr valideynlik hüquqlarının məhdudlaşdırılması barədə iddia qaldıra bilərlər.

Qeyd edək ki, hər bir valideynin övladları üzərində hüquq və vəzifələri bərabər və eynidir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur və borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin birbaşa himayəsindədir. Valideyn uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməli, həmçinin uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar və öz hüquqlarından məhrum belə oluna bilirlər. Belə ki, valideyn öz vəzifələrini yerinə yetirmədikdə, alimenti qəsdən ödəmədikdə, heç bir üzrlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı müalicə, tərbiyə, əhalinin sosial müdafiəsi müəssisəsindən, reabilitasiya müəssisələrindən götürməkdən imtina etdikdə, öz hüquqlarından sui-istifadə etdikdə, uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə, xroniki alkoqol və narkomaniya xəstəsidirsə, uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə valideynlik hüquqlarından məhrum edilə bilər. 

Valideynlik hüquqlarından məhrum edilmə halı şəxsi aliment ödəməkdən heç bir halda azad etmir. Yəni şəxs bu hüququndan məhrum edilsə belə, aliment ödəməyə davam etməlidir. Belə ki, valideynlik hüququndan məhrum edilən valideyn öz uşağını böyütmək hüququnu da  itirir, onun gələcək həyatı, məişət qayğıları  ilə bağlı olan problemlərlə maraqlanmaq hüququ olmur.

Valideynlik hüquqlarından məhrumetmənin nəticələri isə aşağıdakılardır:

Valideynlik hüquqlarından məhrum edilmiş valideynlər (onlardan biri) qohumluq faktlarına əsasən, uşaqlar üçün ayrılmış dövlət müavinətini almaq, uşaqdan təminat almaq kimi bütün hüquqlarını itirirlər.

Valideynlik hüquqlarından məhrum edilmiş valideynlər ilə uşaqların birgə yaşamaq məsələlərini məhkəmə Azərbaycan Respublikasının mənzil qanunvericiliyinə əsasən həll edir. Uşaqlar valideynlərin (hər hansı birinin) mənzildə xüsusi mülkiyyət hüququna - yəni mənzilə sahib olma, istifadə  hüququna, o cümlədən vərəsəlik hüququna malikdir. Yəni uşaq valideynlik hüququndan məhrum olunmuş ata və ya anasının əmlakının varisi olur.

Uşağın digər valideynə verilməsi mümkün olmadıqda və ya valideynlərin hər ikisi valideynlik hüquqlarından məhrum edildikdə, uşağa onları əvəz edən şəxs - qəyyum və ya himayəçi təyin oluna və ya qəyyumluq və himayə orqanına verilə bilər.

Bəs valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı edilən dəyişikliyin əhəmiyyəti nədən ibarətdir? Valideynlər nələrə xüsusi diqqət etməlidir? 

Oxu.az - Kəmalə Ağazadə: Donmamaq üçün elektrik şitinin içində ölən uşaqdan  sonra sığınacaq yaratdım - MÜSAHİBƏ

Kəmalə Ağazadə 

Mövzu ilə bağlı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə “Yeni Müsavat”a danışıb:

“Hələ bir neçə il öncə bu məsələ gündəmə gəlmişdi və mən hər zaman bu qanunu dəstəkləmişəm. Səbəb də odur ki, bir çox hallarda ailə daxilində uşaqlara qarşı cinayət törədildikdə, yəni, valideyn uşağa zorakılıq, şiddət törətdiyi üçün cəzalandırılır,  amma həmin valideynin valideynlik hüququndan məhrum edilməsi ilə bağlı dövlət ittihamçısı iddia qaldırmırdı.

Məsələn, dəfələrlə məhkəmə işlərimiz olub ki, uşağına qarşı cinsi zorakılıq edən ata cəzalandırılır, amma həmin atanın valideynlik hüququndan məhrumetmə məsələsi qaldırılmayıb. Qanunla həmin ata yenə də uşağın qanuni valideyni hesab olunurdu. 

Amma indi artıq bununla bağlı dəyişiklik edilir. Hesab edirəm ki, bununla belə bu məsələyə komissiya tərəfindən bir nəzarət olunmalıdır. Yəni, bu tək prokurorun verdiyi  qərar olmasın. Çünki gələcəkdə kim təminat verə bilər ki, sui-istifadə halı olmaya bilər. 

Valideynlər öz hüquqlarını bildikləri qədər övladlarının da hüquqlarını bilməlidir. Uşaqların onlara məxsus olması mifini  çoxdan qırmaq lazımdır. Valideyn təlim-tərbiyəsində uşağına qarşı məsuliyyətli olmalıdır, çünki o məsuliyyət daşıyır.

Xüsusən də məktəblinin bıçaqlanması ilə bağlı son hadisə də  onu göstərdi ki, ailənin uşağa verdiyi pis təlim-tərbiyə və xoşagəlməz ənənələr faciələrə səbəb ola bilir. Valideyn dərk etməlidir ki, övladının təlim-tərbiyəsində, təhsilində hansısa yanlışlığa  yol verilərsə o, valideynlik hüququndan məhrum edilə bilər.  Nə qədər ört-basdır  etməyə çalışsalar da dövlət həmin uşaqların arxasındadır".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR