İnsanlara hürriyət, millətlərə istiqlal!

Uşaqları hansı yaşdan idmana qoymalı? - Balacalar üçün ən yaxşı idman növü

Fəzail Ağamalı:  “Elm və Təhsil Nazirliyi məsələni malalamağa çalışır, ehtiyac yoxdur”

Vaqif Qarayev: “Döyüş növlərində travma ehtimalı böyükdür”

Rövşən Nəcəfov: “Avropa, dünya və olimpiya çempionu olmaq məşqçi olmaq üçün səbəb ola bilməz”

Aprelin 29-da Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində 19 saylı məktəbin idman zalında 2016-cı il təvəllüdlü Fərid Bakarovun ağır xəsarətlər nəticəsində ölümü bütün cəmiyyəti sarsıtdı. Məşqçi adlandırılan Mehman Xəlilov, sən demə, təkcə Fəridə qarşı deyil, digər uşaqlara qarşı da zorakılıqlar edib. Onların üzərində təhlükəli fəndlər həyata keçirib, hətta uşaqları aşağılayıb.

Artıq onun haqqında 4 ay müddətinə həbs qərarı verilib. Hələlik onun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb. İstintaq tədbirləri davam etdirilir. Görüntülərin araşdırılması, şahidlərin dindirilməsi və digər zəruri istintaq hərəkətləri həyata keçirilir.

Aydındır ki, hər yaxşı idmançı yaxşı məşqçi, yaxşı müəllim ola bilməz. O, öncə yaxşı pedaqoq olmalıdır. Bu mənada məşqçilər psixoloji testdən keçirmi, keçməlidirlərmi? Başqa yandan, belə halları önləmək üçün qanunvericilik sərtləşdirələcəkmi? Ümumiyyətlə, uşaqları hansı yaşdan, hansı idman növünə qoymaq olar? Valideynlər nələrə diqqət etməlidir? Uşaqların fiziki inkişafı üçün ən yaxşı idman növü hansıdır?

Fəzail Ağamalı qalmaqallı yardımından danışdı: 2 kq şəkər, 2 kq düyü, 2 kq  yağ... Yeni Sabah

Millət vəkili Fəzail Ağamalı mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, bu vəhşiliyi lənətləyir: “Əminəm ki, Azərbaycanın hüquq-mühafizə orqanları, məhkəmə sistemi ona layiq olduğu cəzanı verəcək. 7 yaşında günahsız uşağı məşqçinin təpikləməsi, fiziki xəsarət yetirməsini sakit şəkildə, emosiyasız izləmək mümkün deyil. İnsan gərək özündə nə qədər vəhşi düşüncələri cəmləyə ki, günahsız uşağı o şəkildə fiziki təzyiqlərə, işgəncələrə məruz qoya. Uşaq yıxıldıqca qaldırıb yenə vurur. Bu vəhşilikdir. Bu kimi hallara qarşı qətiyyətli mövqe nümayiş etdirmək lazımdır.

Açıq deyim ki, dünən Elm və Təhsil Nazirliyinin məsələ ilə bağlı açıqlaması o qədər də tutarlı deyildi. Fiziki keçmişi, psixologiyası ilə bağlı sanki ona haqq qazandıracaq mövqe nümayiş etdirdi. Bu, əlbəttə, qəbul edilən deyil. Faktiki olaraq bəlli olur ki, hansısa direktor öz zalına pul almadan icarəyə kimisi buraxıb, bu, sadəcə olaraq, nağıldır. Bu mümkün deyil, məsələni bu şəkildə malalamağa ehtiyac yoxdur. Problemi aradan qaldırmaq  lazımdır. Burada boşluqlar var. Orta məktəblərin zallarından bu şəkildə istifadə olunur. Əlbəttə, fiziki sağlamlıq üçün, gənclərimizi pis vərdişlərdən uzaqlaşdırmaq üçün onların idmanla məşğul olması çox önəmlidir. Prezidentin də siyasətinin prioritet istiqamətlərindən biri budur. Çox sayda olimpiya kompleksləri tikilib. Bunlardan istifadə olunmalıdır. Uşaqlar, yeniyetmələr kütləvi şəkildə idman növlərinə cəlb olunmalıdır. Lakin elə etmək lazımdır ki, bu cür hallara yol verilməsin. Bunun üçün məşqçilər lisenziya verilərkən bütün psixoloji testlərdən, narkoloji testlərdən keçməlidir. Alkoqola meyilli olub-olmaması ilə bağlı testdən keçirilməlidirlər. Məşqçinin fiziki durumu, keçmişi  araşdırılmalıdır. Lisenziyaların verilməsinə ciddi yanaşmaq lazımdır. Lisenziyasız məşqçi kimi fəaliyyət göstərənlər nəzarətə götürülməlidir".

Deputat əlavə edib ki, valideynlər övladlarını idman zallarına apararkən müəllimin lisenziyasının olub-olmamsını dəqiqləşdirməlidir: “Qanunvericilikdə qeyri-qanuni, lisenziya olmadan bu cür şəxslərin məşqçi kimi fəaliyyət göstərməsini qadağan edən müddəalar olmalıdır. Əgər yoxdursa, salınmalıdır, sərtləşdirilməlidir. Hətta bu İnzibati Xətalar Məcəlləsi, Cinayət Məcəlləsinə də əlavələr edilməlidir ki, bu cür halların qarşısı alınsın”.

Həkimin qürurunu sındırırlar”- Tanınmış pediatr narazılıq etdi

Tanınmış pediatr Vaqif Qarayev “Yeni Müsavat”a dedi ki, bədən tərbiyəsi ilə idman anlayışları fərqlidir: “Uşaq böyümək üçün daim hərəkətdə olmalıdır. Bu baxımdan bədən tərbiyəsinin və idmanın önəmi var. Amma diqqət edilməli bir məqam var. Hamı soruşur, uşaq neçə yaşından idmana getsin. İllərdir bütün valideynlərə verdiyim məsləhət budur, uşağınızı ya üzgüçülüyə, ya da gimnastikaya qoyun. Belə deyəndə də deyirlər ki, bədbəxt hadisə orada da olur. Əslində bədbəxt hadisə idmanda da, idmandan kənarda da olur. Amma biz uşağı idmanın ağır növlərindən qorumalıyıq. Döyüş növlərində travma ehtimalı böyükdür. Əgər uşaq peşəkar idmançı olmayacaqsa, onu idmanın sərt növlərinə qoyulmasına qarşıyam. Hətta südəmər yaşda uşaqları da üzgüçülüyə qoymaq məsləhət görülür. Sadəcə, idman müəllimi uşaqlara qarşı məsuliyyətlə yanaşmalıdır.

Bu hadisədən sonra məsələ gündəmə gəlib, baxırıq, bu yaşda güləşə gedən kifayət qədər uşaq var. Bu həm yaxşıdır, həm pis. İdman həm də intellekti, əqli inkişafı formalaşdırır. Döyüş növlərinə gedəndə istəsək də, istəməsək də uşağın içində bir aqressiya yaranır. Ona görə bu dərəcədə kütləviliyin əleyhinəyəm. Amma üzgüçülük və gimnastikada heç bir aqressiya olmayacaq. Valideynlərdən soruşanda ki, uşağı idmana niyə qoyursan, cavabında: “İstəyirəm güclü olsun, özünü qorumağı bacarsın” deyirlər. Əksər valideynlər uşağını idmana buna görə qoyurmuş. Sağlamlıq üçün yox, dalaşmaq üçün. Halbuki sağlamlıq üçün etməliyik. Əslində uşaqların peşə seçimi 10-12 yaşından başlayır. Ona qədər bir gün bəstəkar, rəssam, bir gün kosmonavt, idmançı olmaq istəyir. 12 yaşından sonra peşəkar idmançı olmaq istəyirsə, o zaman seçim etmək olar. Amma 6-7 yaşlı uşağı boksa, güləşə, ağırlıq qaldırmaya qoyulmasının əleyhinəyəm".

Peşəkar psixoloq fikir cərrahıdır” – Psixoloq Rövşən Nəcəfov | İctimai.Az

Psixoloq Rövşən Nəcəfov da mövzu ilə bağlı fikirlərini qəzetimizə açıqladı. O dedi ki, sağlamlıq bərkimək deyil, düşünməkdir: “Düşüncəmizdə sağlam deyiliksə, fiziki olaraq əldə etdiklərimizə məna verə bilmərik. İnsan psixologiyası fiziki və bioloji müsbət amillərin mükəmməlliyini artırır. İnsan ali varlıq ola bilər, amma insanın ali olmağı onun şüurlu davranışıdır. İnsanı digər canlılardan fərqləndirən onun düşünən, yəni şüurlu varlıq olmasıdır. İnsanın şüuru olduğu üçün ətrafını qoruya bilir, yaşada bilir. Yaxşı idman məşqçisi anlayışı yoxdur, yaxşı idmançı, yaxşı məşqçi var. Yaxşı idmançı yaxşı məşqçi demək deyil. Məşqçilik pedaqoji bilik və bacarıqlara bağlıdır. Məşqçi, şəxslərin fiziki quruluşuna və sağlamlıq vəziyyətlərinə görə bədənlərini daha səmərəli istifadə etməkləri üçün təlimatları müəyyən edən peşə sahibidir. Məşqçi məşq zamanı təlimləri ilə həm fərdlərə, həm də qruplara rəhbərlik edir. Məşqçi öz vəzifəsini vicdanlı və peşəkar icra etməlidir. Vicdan və peşəkarlıq düşüncənin sağlamlığıdır.

İdman məşqçisi olmaq üçün dörd illik universitet təhsilini bədən tərbiyəsi müəllimliyi, məşqçilik və idman idarəçiliyi üzrə bakalavr dərəcəsi ilə başa vurmaq lazımdır. Həmçinin aidiyyətı dövlət qurumlarının xüsusi təkmilləşdirilmiş kurslarını uğurla bitirməklə məşqçilik statusu əldə etmək olar. Bunların hamısından əvvəl isə şəxsin psixodiaqnostika və digər psixoloji fəaliyyətlərdən yoxlanılması əsas meyardır. Avropa, dünya və olimpiya çempionu olmaq məşqçi olmaq üçün səbəb olma bilməz. Yanaşma dəyişməlidir. Bayrağı başı üstünə qaldırmaq məsuliyyət tələb edir. Zirvəni fəth etmək fiziki əziyyətdirsə, zirvədə qalmaq düşüncənin əziyyətidir. Məşqçi olmaq gələcək nəsil yetişdirməkdir. Gələcəyin sağlam yetişməsi üçün psixikanın da sağlam olması lazımdır. Hər kəsin psixikası fərdidir. Ona görə də, istər qrup terapiyasında, istərsə də fərdi seanslarda məşqçi olmaq istəyən şəxslər yoxlanılmalıdır. Məşqçi olmaq istəyən və hazırda məşqçi kimi çalışan şəxslər psixoloji yoxlanışdan keçməlidirlər".

Psixoloq valideynlərə bir sıra tövsiyələr də verib: “Valideynlər övladlarını hansısa idmana və ya digər fəaliyyətlərə cəlb edərkən özünü pedaqoq kimi təqdim edən şəxslərdən diplomlarını tələb etsinlər. Onlar övladlarını hansısa idmana və məşğuliyyətlərə cəlb edərkən, onları məcbur etməsinlər. Fəaliyyət istiqamətlərinin seçilməsində peşəkar psixoloqlara müraciət etsinlər. Üçüncü baxış və yanaşmanın olması düzgün seçimin imkanını artırmış olur. Valideynlər övladlarını özlərinin yarımçıq qalmış arzularına təhrik etməsinlər. Daha çox seçim etməkləri üçün şans yaratsınlar. Hər dəfə səhv seçim etdikcə doğruya doğru getmiş olacaqlar. Övladlarınıza mane olmayın, onları dinləyin, səhvlərinin yanında durun. Təkcə öz övladınıza deyil, özgə uşaqlara da öz övladınız kimi baxın. Biz gələcəyimizi sağlam fikir üzərində inşa etməliyik. Baş verən mənfi hadisələrdən dərs almalıyıq. Sağlam gələcək naminə sağlam övladlar yetişdirməliyik. Düşünmək üçün düşündürməliyik. Sual verməliyik, cavab axtarmalıyıq. Biganə qaldığımız hər şey və hər kəs bizim qarşımıza çıxmasa da, övladlarımızın qarşısına mütləq çıxacaq”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR