Onlayn ictimai-siyasi qəzet
"Face Studio" gözəllik salonları və bir sıra biznes obyektlərinin, restoranların sahibi Rüfət Badirov 5 yaşlı oğlunu keçmiş həyat yoldaşından almağa çalışır.
Tərəflər boşanmaq üçün məhkəməyə müraciət ediblər. Artıq boşanma prosesi yekunlaşıb. Lakin digər məhkəmə müstəvisində bir sıra müəmmalı məqamlar narazılığa səbəb olub. Belə ki, heç bir əsas göstərilmədən və hüquqi əsaslandırma aparılmadan, Fidan Həsənovanın Azərbaycan dilini yaxşı bilməməsindən istifadə olunaraq, 9 saylı Mediasiya təşkilatının (mediator Mehriban Qafarova) tərtib etdiyi barışıq sazişində ananı aldadaraq azyaşlı övladını atasına vermə barədə razılaşma imzalanıb.
Bu nüansları əsas götürən məhkəmə də uşağın atanın yanında saxlanması barədə qərar qəbul edib.
Birinci instansiya prosesi Xətai Rayon Məhkəməsində hakim Pərviz Zamanlının sədrliyi ilə, apellyasiya mərhələsi isə hakim Məmməd Məmmədovun rəhbərliyi ilə keçirilib. Hər 2 instansiyada uşaq atasında qalıb.
Ana Fidan Həsənova məhkəmə proseslərinin qərarlarından narazı qalıb və Ali Məhkəməyə müraciət edib.
İşin maraqlı tərəfi bundan ibarətdir ki, uşaq ataya verilsə də, sazişdə hər ay anaya 10 min manat aliment ödənilməsi nəzərdə tutulur. Belə məqamda sual yaranır. Əgər uşaq atadadırsa, aliment nəyə və hansı əsasla anaya ödənilir? Buradan belə nəticəyə gəlmək olur ki, adıçəkilən barışıq sazişi Fidan Həsənovanın aldadılması ilə bağlı tərtib olunmuş bir sənəd olub. Bu kimi ziddiyyətli məqamlar məhkəmələr tərəfindən nəzərə alınmadan "Face Holding"in rəhbəri Rüfət Badirovun xeyrinə çıxarılıb.
Hazırda iş Ali Məhkəmədədir. Ali Məhkəmənin qərarı maraqla gözlənir.
Qeyd edək ki, Fidan Həsənova tanınmış rəssamlardan biridir. Onun Azərbaycanda və ölkədən kənarda bir çox rəsm sərgiləri keçirilib.
Məsələ ilə bağlı Ali Məhkəmə Musavat.com-a rəsmi açıqlama verib.
Həmin açıqlamada deyilir:
Fidan Fariz qızı Bədirova (Həsənova)və Rüfət Çingiz oğlu Bədirov arasında 25 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri 9 saylı Mediasiya Təşkilatında Barışıq sazişi bağlanıb.
Barışıq sazişinin şərtlərinə əsasən nikahları pozulduqdan sonra 2020-ci il təvəllüdlü uşaqlarının yetkinlik yaşına çatanadək Rüfət Bədirovun himayəsinə verilməsi, Fidan Bədirovaya isə uşaqla hər həftənin cümə günü görüş və ünsiyyət imkanın yaradılacağı, habelə Fidan Bədirovaya aylıq 10 min manat məbləğində alimentin ödənilməsi, 1 avtomobilin Fidan Bədirovaya verilməsi, digər daşınar və daşınmaz əmlakların isə Rüfət Bədirovun mülkiyyətində saxlanılıb.
Bundan sonra, Fidan Bədirova məhkəməyə müraciət edərək, Azərbaycan dilini yaxşı bilməməsi səbəbindən imzaladığı sazişin şərtlərini anlamadığına, habelə vəkil və mediator tərəfindən aldadılmasına istinad etməklə Barışıq Sazişinin bir sıra bəndlərinin etibarsız hesab olunmasını xahiş etmişdir.
Birinci instansiya məhkəməsində işə baxılarkən iddiaçının istinad etdiyi əsaslar öz təsdiqini tapmamışdır.
Bununla yanaşı, birinci instansiya məhkəməsində izahatı alınmış mediator M.Qafarova bildirmişdir ki, hər iki tərəf vəkilləri ilə təmsil olunaraq mediasiya prosesində könüllü olaraq iştirak etmişlər, barışıq sazişinin imzalanması zamanı iddiaçıya hər hansı psixoloji təzyiq göstərilməmiş, habelə barışıq sazişinin şərtləri birgə müzakirə edilmiş və Fidan Bədirova sazişin şərtlərinin azərbaycan dilində oxunduqdan sonra ona aydın olduğunu göstərmişdir.
Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2024-cü il 20 iyun tarixli qətnaməsi ilə Fidan Bədirovanın iddiası iddia tələbinin əsaslarının öz təsdiqini tapmaması əsası ilə təmin olunmamışdır.
Daha sonra, iddiaçı Fidan Bədirovanın bu qətnamədən verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 17 yanvar tarixli qətnaməsi ilə təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərkən göstərmişdir ki, iddiaçı, yuxarıda qeyd edilən şəxslər tərəfindən aldadıldığını bildirsə də, bu hal sübuta yetmir.
Məhkəmə F.Bədirovanın sazişin şərtlərini dərk etməsini işdə olan səsli videoyazı ilə mübahisələndirilən sazişin imzalanması tarixindən 2 gün əvvəl F.Bədirova və R.Bədirovun birlikdə sonuncunun ofisində aralarındakı nikahın pozulması ilə bağlı mübahisənin bağladıqları sazişin şərtlərinə uyğun qaydada həll olunacağına dair danışıqlarının mövcudluğu ilə də əsaslandırmışdır. Belə ki, həmin audio-video yazıdan aşkar surətdə bəlli olmuşdur ki, iddiaçı onunla R.Bədirovun arasında gedən söhbətin mahiyyətini anlamış, uşağın R.Bədirovda qaldığı halda kimin tərəfindən qulluq olunacağı barədə sual vermiş, uşağın atada qalması təkliflərini rədd etməmiş, əlavə olaraq istifadəsində olan avtomobilin onda qalmasını xahiş etmişdir.
Apellyasiya instansiyası məhkəməsi həmçinin göstərmişdir ki, iddiaçı Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Azərbaycan dili bölməsində ali təhsil almışdır. Bundan əlavə olaraq, F.Bədirovanın məhkəməyə ünvanlanmış audio-video müraciətində də Azərbaycan dilində səlis və aydın tərzdə çıxış edə bilməsi müəyyən edilmişdir.
İddiaçı tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayəti 2025-ci ilin 2 may tarixində Azərbaycan Respublikasının Ali Məhkəməsinə daxil olmuş və prosessual qanunvericiliyin müəyyən etdiyi müddət ərzində baxılaraq, Mülki kollegiyasının 2025-ci il 21 iyun tarixli qərarı ilə təmin edilməmişdir.
Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən işin həlli zamanı maddi və prosessual hüquq normaların pozulmasının müəyyən olunmadığı qənaətinə gəlmişdir.
Əlavə olaraq qeyd olunmalıdır ki, hazırki işdə barışıq sazişinin etibarsızlığı tələbinə baxıldığından, iddianın rədd edilməsi uşağın anadan məcburi qaydada alınaraq ataya verilməsi üçün əsas deyildir.
Uşağın anadan məcburi qaydada alınaraq ataya verilməsi üçün mediasiya sessiyasında imzalanmış bu barışıq sazişinin R.Bədirovun iddiası üzrə məhkəmə qaydasında təsdiqi tələb olunur.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
22 Iyun 2025
21 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ