İnsanlara hürriyət, millətlərə istiqlal!

USAİD-in yıxdığı evlər - udan kim, uduzan kim...

ABŞ dövlət katibi Marko Rubio USAİD-in 6200 proqramından 5200-ə yaxınını rəsmi olaraq bağladıqlarını açıqlayıb. Bundan əvvəl prezident Tramp və Mark Rubio USAİD-in müxtəlif ölkələrdə lazımsız, hətta zərərli layihələr həyata keçirdiklərini bildirmiş, Bayden hakimiyyətini ittiham etmişdi.

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, USAİD-in 6200 proqramından 5200-ə yaxınının bağlanması o deməkdir ki, yaxın zamanda digər layihələrin bağlanması da reallaşacaq:

Çingiz Qənizadə: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi  partiyasıdır - AZƏRTAC

 Çingiz Qənizadə

“Bu, dünya ölkələrində sabitliyin bərqərar olmasına gətirib çıxaracaq. Çünki bu proqram vasitəsilə müxtəlif adlar altında müəyyən dövlətlərdə "məxməri inqilablar" da daxil, ictimai-siyasi həyatı pozan addımların atılmasına yönələn tapşırıqlar var idi. Bundan bəhrələnən, yaxud USAİD-dən qrant alan ölkələrin nümayəndələri o tapşırıqları yerinə yetirirdilər. Bu baxımdan hesab edirəm ki, təkcə ABŞ yox, ölkələrində stabilliyin olmasını istəyən bütün dövlətlər USAİD-lə əlaqələrini kəsə bilərlər. “Soros fondu” rəngli inqilabları maliyyələşdirdiyi kimi, USAİD də buna bənzər fəaliyyət göstərib. Yerdə qalan 1000 proqramın bağlanması ilə əlaqədar bəzi dövlətlər özləri də ABŞ-dan öncə addımlar ata bilərlər. Azərbaycan hələ Donald Tramp hakimiyyətə gəlməzdən öncə USAİD-lə əlaqələrin kəsilməsi ilə bağlı açıqlama yaymışdı. Azərbaycanda da USAİD-in maliyyələşdirdiyi şəxslər, təşkilatlar var. Kimlərin nə qədər qrant aldığını deyə bilmərəm. Bunu xüsusi xidmət orqanları və dövlət orqanları daha yaxşı bilirlər. Bu layihələrin əksəriyyətinin məqsədi ictimai-siyasi sabitliyi pozmaq, hətta hakimiyyət dəyişikliyinə gətirib çıxaran, bəzən zorakılıqla müşayiət olunan addımlar atmaq, yanlış bəyanatlar vermək idi. Azərbaycan haqlı olaraq USAİD-lə əlaqələri dayandırıb. Hesab edirəm ki, ABŞ tərəfindən USAİD proqramlarının bağlanması dünya dövlətləri tərəfindən müsbət qarşılanır".

Əliməmməd Nuriyev də namizədliyini geri götürdü

Əliməmməd Nuriyev

“Konstitusiya” Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev isə “Yeni Müsavat”a açıqlamasında mövzunu belə şərh etdi: “USAİD-in yaradılması qlobal inkişaf və humanitar yardım məqsədi daşıyırdı. Bəlkə də ilk dövrdə həqiqətən bu sahədə fəaliyyət göstərirdi. Sonrakı illərdə isə USAİD ayrı-ayrı ölkələrdə demokratların yumşaq gücünə çevrilməyə çalışırdı. Tramp administrasiyasının qərarı ilə USAİD-in fəaliyyəti 90 gün müddətinə donduruldu. Eyni zamanda İlon Mask tərəfindən USAİD cinayətkar təşkilat elan olundu. Qeyd edildi ki, USAİD-in fəaliyyətində həm də korrupsiya sövdələşmələri ilə bağlı şübhələr var, o cümlədən bir çox proqram ABŞ-ın maraqlarına uyğun deyil. USAİD-in büdcəsi 40 milyard dollardan artıqdır. Bu, çox nəhəng büdcədir. USAİD-in bəzi ölkələrdə hakimiyyət dəyişikliyində iştirak etməsi ilə bağlı da fikirlər səslənir. Amma onu qeyd etmək lazımdır ki, USAİD-in Azərbaycandakı fəaliyyətinə dair həm rəsmilər, həm də Azərbaycan cəmiyyəti tərəfindən tənqidlər səslənirdi. USAİD-in mövqe dəyişikliyini xüsusilə maliyyə dəstəyinin yönələcəyi istiqamətlərdə gördük ki, bu, Azərbaycanın milli maraqları ilə uzlaşmır. USAİD-in rəhbəri Samanta Pauerin fəaliyyəti birmənalı şəkildə təşkilatın Azərbaycanın əleyhinə olduğu imicini yaratdı. O, Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı qeyri-obyektiv mövqe tutdu, Ermənistanı, onun işğalçı mövqeyini müdafiə etdi. Bu məsələdə USAİD konkret siyasi mövqe nümayiş etdirdi. Halbuki təşkilat humanitar məqsədlərlə yaradılmışdı. Onu da qeyd etmək lazımdır ki, ABŞ-ın eks-prezidenti Cozef Baydenin çıxışlarında anti-Azərbaycan mövqeyinin şahidi olmuşuq. O, Ermənistana külli miqdarda vəsaitin ayrılmasında bilavasitə özü iştirak edirdi. Bu da Ermənistanın revanşist siyasətinin güclənməsinə dəstək kimi qəbul edilə bilərdi”.

USAİD-in Azərbaycandakı fəaliyyətinə gəlincə, Ə.Nuriyev vurğuladı ki, təşkilat Azərbaycanda xüsusilə hakimiyyət əleyhinə olan təsisatlara münasibətdə daha loyal idi: “ABŞ hökuməti USAİD-in hansı fəaliyyətlə məşğul olduğunu daha yaxşı görür. 6200 proqramdan 5200-nün ləğv edilməsi USAİD-in məqsəd və vəzifələrinə düzgün yanaşmadığını göstərir. Bu qərar USAİD-in fəaliyyət göstərdiyi dövlətlərin mövqeyinə əhəmiyyətli surətdə təsir göstərəcək. Artıq təşkilatın ayrı-ayrı ölkələrdə fəaliyyəti ilə bağlı hüquqi araşdırma başlanıb. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, USAİD-in yardımları Azərbaycanda ABŞ-ın maraqlarının icrasına xidmət edirdi. Bir çox fakt da bunu sübut edirdi. Fikrimcə, belə bir qurumun proqramlarının sayının azaldılması ayrı-ayrı dövlətlərin işinə müdaxilənin qarşısını xeyli dərəcədə alacaq. Əlbəttə, hər bir dövlət təşkilatın fəaliyyətini araşdırıb qiymətləndirməni aparmalı, o cümlədən nəticələr barədə ABŞ hökumətini məlumatlandırmalıdır, çünki bu proses həm də ABŞ-ın siyasi imicinə böyük zərbə vurur ki, ABŞ rəsmiləri öz qərarları ilə bunu təsdiq etdilər”. 

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Mart 2025

13 Mart 2025

BÜTÜN XƏBƏRLƏR