İnsanlara hürriyət, millətlərə istiqlal!

Uruddakı başdaşı və Musa Quliyevin ata evindəki girov xalça

İstərdim ki, oxucular bu yazının parlamentin əmək və sosial məsələlərlə məşğul olan komitənin sədri barədə yox, sadəcə Qərbi Azərbaycandan olan tanınmış bir insanla bağlı olduğunu qəbul edib də, oxusunlar. Ən uzağı zəngəzurlu, urudlu insandan bəhs edən yazı kimi qəbul eləsinlər. Əks təqdirdə, yazının məğzi qalacaq, bir kənarda, pensiya-əmək söhbətləri önə çıxacaq...

Deputat Musa Quliyevin feysbuk paylaşımı çox təsirləndirdi. Atasının sındırılmış başdaşından bəhs edib. Hər bir azərbaycanlı üçün valideynləri əzizdir, onların məzarı da, məzar daşları da. İndi təsəvvür edin, bir insan düşmən tapdağında olan yurd yerindəki qəbristanlıqda atasının sındırılmış qəbir daşına baxıb da, hansı hissləri keçirir...Əslən Qarakilsədən olan Musa Urud yazır: “Dünən REAL partiyasının sədri İlqar Məmmədovun sosial şəbəkələrdə Urud qəbristanlığı barədə bir paylaşımı diqqət mərkəzində oldu. Gecə yarı dostlar mənə yazdılar. İngiltərədən olan fars əsilli bir səyyahın tviterdə qeydləri əsasında İlqar bəyin paylaşımı dağıdılmış Urud qəbristanlığındakı məzar daşlarının fotoları barədə idi. İlqar bəyin zənni düzdür. Fotodakı məzar daşlarından biri mənim mərhum atamın qəbirüstü abidəsinə aiddir. Digər baş daşıları da bizim qohumlar və həmkəndlilərimizə məxsusdur”.

Fotolar da paylaşılıb. Aşırılmış başdaşının üzərində “Quliyev İsa Əli oğlu 1924-1987 Oğlu Musadan xatirə” yazılıb.

BASH.jpeg (690 KB)

Ağır mənzərədir. Musa Quliyev kəndlərindən sonuncu dəfə 31 avqust 1988-ci ildə ayrılıb. 300 minə yaxın həmyerlisi ilə eyni vaxtda. Bu tarixi Azərbaycan torpaqlarında – Ermənistan adlı qondarma ünvandakı sonuncu deportasiya idi: 1905-20, 1948-53-cü ildən sonra sonuncu və sonuncu azərbaycanlının da Ermənistandan çıxarıldığı qara tarix! Sonradan Musa Urud “Uruda iki səfər” kitabında yazmışdı ki, Gəncədə işlədiyi zaman anasını kənddən çıxartmaq üçün Uruda gedib, amma anası imtina edib. “Dedi, niyə gedirəm?! Atanın qəbri burdadı, ocağı buradadı. Ara sakitləşərsə, elə burada qalarıq, siz də yayda gələrsiniz. Həyatımızı əvvəlki kimi davam edərik. Yox sakitləşməzsə, dayıngillə gələrəm”.

Bax, məzarlara münasibəti budur azərbaycanlıların. “Atanın məzarı burdadır, hara gedirəm?” Amma heç bir dəyər daşıyıcısı olmayan erməni məzarlarla bu sayaq rəftar edib, hələ Musa Urudun atasının məzar daşı şükürlüdür, Ağdamın Qarağacı qəbristanlıqlarındakılarla müqayisədə.

Hadrut düşməndən azad ediləndə evlərin zirzəmilərindən azərbaycanlıların məzar daşlarının toplandığı sex aşkarlanmışdı, ermənilər mərmər baş daşlarını yonub, başqa məqsədlər üçün istifadə edirmişlər, şərəfsizcəsinə. Minlərlə qəbri eşib, meyitlərin qızıl dişini gəmirənlərdən, qəbristanlığı şumlayıb, taxıl (!) əkənlərdən nə gözləyəsən?

Başqa bir fakt. Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz tvitter səhifəsində foto paylaşmışdı. İşğalçılar Ağdamdakı qəbristanlığın ortasında səngər qazmışdılar, Səringül və Təyyarə adlı iki bacının qəbrinin arasından. Bəli, erməni vandalizminin mahiyyətini və miqyasını təsvir etmək üçün tək bu foto yetərdi...Amma baxır kimlər üçün.

qebristanliq_070621.jpg (300 KB)

Müharibə bitəndən sonra işğalçı Ermənistanın, Qarabağdakı separatçı-terrorçu dəstələrin hayına hay verən azmı oldu? Hətta iddia etdilər ki, Azərbaycan ermənilərə aid 3 min xaçkar dağıdıb. Həyasızların səsinə səs verməyin özü də həyasızlıq deyilmi?

Alban tarixçilərindən Moisey Kalankatli, Mxitor Qoş, Kirakos Gəncəlinin əsərlərində, hətta erməni katoliksi Ayraminin Qafqaz albanlarına məktubunda bildirilib ki, Qafqaz albanları xristianlığı ermənilərdən azı 270 il əvvəl qəbul ediblər. Bölgədəki abidələrin albanlara aid olduğunu təsdiqləyən faktları, dəlil-sübutları zaman-zaman məhv edib ermənilər, dünyanın gözü qarşısında!

Bir əsrdə 3 deportasiya ilə azı 800 min soydaşımız Qərbi Azərbaycandan didərgin salınıb, on minlərlə yer yerləri dağıdılıb, yer üzündən silinib, tarixi, mədəni abidələr, məscidlər. Təkcə 1988-ci ildən sonrakı deportasiyanın ardınca ermənilər azərbaycanlılara məxsus 2 mindən çox qəbristanlıq dağıdıblar! 2 MİN!!!

Bu ölkənin ərazisində sağ qalan təkcə Göy məsciddir, onun da adını “fars məscidi” qoyublar. Amma UNESCO başda olmaqla, dünyanın bir təşkilatı sorğu-sual etmir ki, hanı azərbaycanlılara məxsus izlər, evlər, qəbirlər?

Musa Urud danışırdı ki, bir dəfə qəbirlərdən söhbət düşəndə erməni deputat qızıl-qırmızı üzünə dayanıb ki, bəlkə orda qəbristanlıq olmayıb. 800 nəfərlik kənddə qəbristanlıq olmadığını, yəni insanların ölmədiyini iddia edəcək qədər həyasız qonşumuz var.

2006-cı ildə Musa Urud Ermənistana səfəri zamanı Uruda getmək istəyini çatdırır və israrından sonra onu doğulduğu kəndə aparırlar. Amma sonradan danışırdı ki, ona yaxından kənd qəbristanlığına baxmağa, atasının qəbrini ziyarət etməyə imkan verməyiblər. Dağıtdıqlarını niyə göstərsinlər ki?.. Amma deputat deyirdi ki, kəndinin qəbrini (!) görüb o səfərdə. Ağır ifadədir. Amma Qarabağ azad olunandan sonra biz şəhər, kənd və qəsəbələrimizin nəinki qəbrini, hətta qəbir yerlərini gördük. Ermənilərin mahiyyəti budur, nəinki qəbirləri dağıtdılar, bütövlükdə şəhərləri qəbiristanlıqların dağılmış formasına saldılar bu illər ərzində...

Musa Urud doğulduğu, yaşadığı evə gedib, ikinci mərtəbəyə qalxıb. Danışırdı ki, Pavlik adlı erməni qocanın zəbt etdiyi evdəki əşyalar da onlara məxsus imiş: soyuducu, qaz piltəsi, taxta şkaf, şifoner, servant, stol-stul, çarpayılar, yerə döşənən xalça-palaz da anasından qalma imiş. “Qonaq otağımızda divara vurulan xalçanın üstünə əsgər şəkli vurulub. Çərçivənin kənarında qara lent...”

musa_urud.jpg (258 KB)

Musa Uruddan bu haqda telekanallardan birində eşidəndə özünə zəng etmişdim, heyrətamiz fakt olduğunu demişdim. Bildirmişdi ki, bu xalçanı ulu nənəsi övladına, nənə də onun anasına cehiz veribmiş. Qoca erməniyə deyib ki, bu xalça yadigardır, sat mənə! Bir az susandan sonra xalça üzərindəki şəkli göstərb: “Bəs, üstündəki şəkli neyləyim?” deyib.

Deyib ki, bu, onun Qarabağda ölən oğlunun şəklidir.

Bir film hekayəsi, film mövzusu, hazır ssenari də var, şahidlər də, şəkillər də. Qəbir daşları da danışır. Dünyanı inandıranadək hamımız danışmalı, çəkməli, göstərməliyik! Axı, həm də yolumuz Zəngəzuradır...

Uzun sürən və hələ nə qədər davam edəcəyi bilinməyən bu davada əsir və girov götürülən təkcə insanlarımız deyil ki...Elə Musa Quliyevin ata evindəki xalça da girovluqdadır, Pavlikin əlində yesirdir...

Elşad Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR