İnsanlara hürriyət, millətlərə istiqlal!

Ursula fon der Leyendən narazılıq artır

Avropa paytaxtlarında Avropa Komissiyasının sədri Ursula fon der Leyendən narazı səslər gəlir.

Musavat.com xəbər verir ki, bu barədə “Politico” saytında xüsusi məqalə dərc olunub.

Nüfuzlu portalın xəbərinə görə, Brüsseldəki şəxsi söhbətlərində diplomatlar, qanunvericilər və Avropa Komissiyasının əməkdaşları Ursula fon der Leyenin səlahiyyətləri xaricinə çıxan hərəkətlərindən, AB hökumətlərini qərar qəbul etmək imkanından məhrum etməsindən şikayətlənirlər.

Fon der Leyenin İsrailə planlaşdırılmamış səfər etməsi avropalı diplomatların daha qəzəbli reaksiyasına səbəb olub. Onlardan bəziləri İsraildə HƏMAS hücumlarının qurbanları ilə həmrəylik ifadə edən fon der Leyenin birtərəfli hərəkət etdiyini düşünürlər. Avropalı diplomatlara görə, Komissiya sədri bununla bərabər, İsraili Qəzza zolağında beynəlxalq qanunlara hörmət etməyə çağırmalı idi.

Qərb mətbuatı AB Komissiyasının sədri və baş diplomat Jozep Borrel arasında narazılığın şiddətləndiyini yazır. Sonuncunun fikrincə, Ursula fon der Leyen xarici siyasətə dair fikirlərini təmsil etmək hüququna malik deyil və bununla bağlı mövqelər adətən üzv dövlətlər arasında razılaşdırılır.

“Xarici siyasət Avropa İttifaqının 27 ölkəsinin liderləri tərəfindən beynəlxalq sammitlərdə müəyyən edilir və xarici işlər nazirləri tərəfindən keçirilən iclaslarda müzakirə edilir”, - deyə Borrel əlavə edib.

Avropa Parlamentinin deputatı Natali Luazo da “X” platformasında fon der Leyeni tənqid edib.

“Mən Komissiya sədrinin xarici siyasətlə nə əlaqəsi olduğunu başa düşmürəm, çünki bu sahə onun məsuliyyətinə daxil deyil”, - deyə o bildirib.

Aİ diplomatlarından biri isə “fon der Leyen getdikcə özünü kraliça kimi aparır” cümləsini işlədib.

Ekspertlər almanəsilli siyasətçinin ikinci müddətə Avropa Komissiyasının sədri vəzifəsinə seçilməsi ehtimalına şübhə ilə yanaşırlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR