Onlayn ictimai-siyasi qəzet
"Müasir dövrün çağırışları və əmək bazarının dinamikası bizdən təhsil sistemində çevik və innovativ yanaşmalar tələb edir".
Bu sözləri Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deputat Fatma Yıldırım deyib.
O qeyd edib ki, klassik ixtisaslar artıq tələbatı tam qarşılamır:
"Bu baxımdan mən təklif edirəm ki, növbəti yeni tədris ilindən etibarən ali məktəblərdə innovativ ixtisasların təşkili və inkişafı məsələsinə diqqət yetirilsin".
Millət vəkili bildirib ki, Azərbaycan artıq yaşıl enerji zonalarına keçid prosesini uğurla həyata keçirir:
"Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaşıl enerji məkanı kimi müəyyən olunub. Bu o deməkdir ki, biz gələcəkdə bu sahədə həm daxili, həm də beynəlxalq əməkdaşlıq baxımından böyük potensiala malikik. Lakin diqqət yetirməli olduğumuz əsas məqam budur ki, bütün bu texnoloji və strateji keçidlərə uyğun olaraq, insan kapitalı da bu dəyişikliklərə uyğun formalaşmalıdır. Yeni çağırışlar yeni ixtisaslar tələb edir. Buna görə də hesab edirəm ki, ali məktəblərdə və ixtisaslaşmış kollec səviyyəsində aşağıdakı yeni ixtisasların tədrisi zəruridir:
- İqlim hüququ (Climate Law) – iqlim dəyişikliyi ilə bağlı qlobal mübarizədə hüquqi baza formalaşdırmaq üçün;
- Süni intellekt etikası (AI Ethics) – texnologiyanın sürətli inkişafı fonunda etik tənzimləmələrə olan ehtiyac səbəbilə;
- Yaşıl iqtisadiyyat (Green Economy) və bərpa olunan enerji mühəndisliyi (Renewable Energy Engineering) – enerji təhlükəsizliyi və ekoloji sabitlik naminə;
- Ağıllı kənd təsərrüfatı (Smart Agriculture) – kənd təsərrüfatının texnoloji əsaslarla modernləşdirilməsi üçün;
- Rəqəmsal humanitar elmlər (Digital Humanities) – mədəni irsin və sosial elmlərin yeni texnologiyalarla inteqrasiyası üçün;
- Biotexnologiya (Biotechnology) – səhiyyə və ərzaq təhlükəsizliyi kimi sahələrdə innovativ yanaşmalar üçün.
Hesab edirəm ki, yaşıl enerji strategiyasına uyğun təhsil islahatları aparmadan real inkişaf mümkün deyil. Biz gərək bu gün bu addımı ataq ki, sabah peşəkar kadr çatışmazlığı ilə üz-üzə qalmayaq".
Deputat qeyd edib ki, bu təşəbbüs həm də sosial və iqtisadi baxımdan vacibdir:
"Çünki bu ixtisaslar gənclərin məşğulluq imkanlarını genişləndirəcək, onların həm ölkə daxilində, həm də beynəlxalq əmək bazarında rəqabətə davamlı mütəxəssis kimi yetişməsinə imkan verəcək. Bu sahələr üzrə peşəkarların hazırlanması ölkədə aparılan ekoloji siyasətin uğurla icrası üçün kadr bazasının formalaşdırılmasına da xidmət edəcək. Azərbaycanın COP29 kimi mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, ölkəmizi bu sahədə liderliyə doğru aparır və biz artıq təhsildə də bu liderliyə uyğun sürət almalıyıq. Bu baxımdan, müasir dövrün tələblərinə cavab verən ekoloji və texnoloji ixtisasların təhsilə inteqrasiyası təkcə bir təhsil qərarı deyil, eyni zamanda milli strateji çağırışdır".
Bəs klassik ixtisaslar dedikdə nələr nəzərdə tutulur? Bu ixtisasların bugünkü bazar tələblərinə cavab verməməsi nədən qaynaqlanır? İnnovativ ixtisaslar dedikdə konkret hansı sahələr nəzərdə tutulur?
Mövzu ilə bağlı təhsil ekpserti Elçin Əfəndi Musavat.com-a danışıb:
“Biz təhsil ekspertləri artıq 7-8 ildir ki, bu barədə çağırışlar edirik ki, müasir ixtisaslara daha çox üstünlük verməliyik. Əlbəttə, həmin ixtisaslar dövrün tələbinə uyğun ixtisaslar olmalıdır. Biz ənənəvi ixtisaslarda plan yerlərini azaltmalıyıq. Hazırda baxsaq, kifayət qədər pedaqoji ixtisaslardan kadr ehtiyatı var. Məsələn, hər il 9 min vakant yerə qarşı 60 min nəfər iştirak edir. Hər il də biz əmək bazarına 4-5 min pedaqoji ixtisasları bitirən şəxsləri buraxırıq.
Amma bunun əvəzinə daha çox kiber təhlükəsizlik mühəndisi, maliyyə meneceri, data mühəndisi, eyni zamanda yeni energetika mühəndisi, texnologiya mütəxəssisi hazırlamalıyıq. Həmçinin onlayn müəllim hazırlığı, robot müəllim hazırlığı kadrları, gen mühəndisi üzrə mütəxəssis, istedadlı şəxslərin müəyyənləşdirilməsi üzrə menecer, elektron ticarət üzrə mütəxəssis kimi sahələrdə də kadrlar yetişdirilməlidir.
Doğrudur, son dövrlərdə informasiya təhlükəsizliyi, informasiya texnologiyaları, daha doğrusu kompüter mühəndisliyi, data analitikası ixtisası üzrə kadrların hazırlığı üçün istiqamətlər açılıb. Lakin daha çox tələbə qəbulu həyata keçirməliyik. Bunun əvəzində isə əlbəttə ki, klassik ixtisaslar - tərcüməçilik üzrə ixtisaslar, xüsusən də ingilis, alman, rus və fransız dili tərcüməçiliyi, habelə statistika kimi sahələr - hansı ki, klassik ixtisaslardır, onların yerinə yeni innovativ ixtisaslar yaratmalıyıq və həmin ixtisaslara daha çox tələbə qəbul etməliyik.
Belə olan halda, əmək bazarında həm iş ehtiyacı aradan qalxar, konkret sahələr üzrə mütəxəssislər formalaşar, həm də dövr bizdən bunu tələb edir. Yəni, informasiya texnologiyaları ilə bağlı kadr hazırlığını genişləndirməliyik ki, gələcəkdə müxtəlif sferalarda daha müsbət irəliləyişlərə və nailiyyətlərə imza ata bilək”.
Xalidə Gəray
Musavat.com
14 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ