Onlayn ictimai-siyasi qəzet
Zaman-zaman ölkəmizdə universitetlərin tələbələrə "şortik geyinmək qadağandır", "saqqal saxlamaq olmaz" yaxud da "qızlar açıq-saçıq paltarlar geyinməsinlər" tipli qadağalar tətbiq etdiyinə şahid oluruq.
Əksər hallarda belə xəbərlər bir müddət ictimaiyyətin diqqətində qalsa da daha sonra həllini tapmadan unudulur. Ta ki növbəti belə hal yaşanana qədər...
Bəs görəsən universitetin həddi-buluğa çatmış gənclərə belə qaydalar qoymaq hüququ var? Bu halla qarşılaşan tələbə nə etməlidir? Bu nə dərəcədə qanunidir?
BAKU.WS bu və digər suallara cavab tapmaq üçün hüquqşünasa müraciət edib. Məsələyə aydınlıq gətirən vəkil Turan Abdullazadə bildirdi ki, “Təhsil haqqında” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNUN 14.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasında bütün təhsil müəssisələrində (dövlət ümumi təhsil müəssisələri istisna olmaqla) təhsilalanların geyim formaları təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir:
"Dövlət ümumi təhsil müəssisəsində təhsilalanların geyim formaları “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Təhsil müəssisəsi aşkarlıq, şəffaflıq və demokratiklik prinsipləri əsasında bu Qanuna, digər normativ hüquqi aktlara və öz nizamnaməsinə uyğun idarə edilir. Həmin Qanunun 32.5-ci maddəsinə əsasən təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə riayət etmək, təhsil sahəsində qanunvericiliyin tələblərinə, etik normalara və təlim-tərbiyə prosesi ilə bağlı qaydalara əməl etmək təhsilalanların vəzifəsidir".
T. Abdullazadə deyir ki, Qanunvericiliyin tələbindən göründüyü kimi, təhsilalanlar təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə riayət etməlidirlər. Lakin qeyd edilən saç-saqqal, geyim və s. tələblərlə ilə bağlı normativlər təhsil müəssisəsinin nizamnaməsində göstərilməlidir. Əgər nizamnamədə belə bir tələb qoyulmayıbsa təhsil müəssisəsinin tələbələrə müxtəlif qadağalar qoyması əsassızdır:
"Hər bir halda tələbələrə dress kod qaydaları ilə bağlı qoyulan qadağalar onların konstitusion və konvension hüquqlarını pozmamalıdır. Təhsil müəssisəsinin qadağalarını hüquqa uyğun hesab etməyən tələbə bunu məhkəmədə mübahisələndirə bilər".
Xatırladaq ki, yaxın keçmişdə oxşar hadisə Bakı Biznes Universitetində qeydə alınmışdı. Bu zaman saqqal saxlayan oğlanların dərsə buraxılmadığı iddia edilmişdi.
Ötən illərdə Azərbaycan Tibb Universitetində kitabxanaya qısa şalvarda (şortikdə), maykada gəlmək qadağan olunmuşdu.
27 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ