Onlayn ictimai-siyasi qəzet
UNEC-in Türkiyənin Ege Universiteti ilə “Qida mühəndisliyi” ixtisası üzrə ikili diplom proqramı uğurla davam edir.
Musavat.com xəbər verir ki, ötən ildən qəbulu həyata keçirilən iki diplom proqramını bitirmiş birinci kurs tələbələri bu ildən II və III kurs üzrə təhsillərini Ege Universitetində davam etdirəcəklər. IV kursda isə yenidən UNEC-də təhsil alacaqlar. Proqramdan uğurla məzun olan tələbələr hər iki universitetin diplomunu əldə etmiş olacaqlar.
UNEC rektoru professor Ədalət Muradov proqramın I kursunu bitirmiş tələbələrlə görüşüb. Ege Universiteti ilə ikili diplomun texniki və texnoloji ixtisaslar üzrə ilk proqram olduğunu deyən rektor, bu proqramların sayının artırılacağını diqqətə çatdırıb.
Rektor “Qida mühəndisliyi” ixtisasının əhəmiyyətindən də danışıb. Bildirib ki, gələcəyin ixtisasları sırasında olan “Qida mühəndisliyi” sahəsi üzrə peşəkar mütəxəssislərə əmək bazarında hər zaman tələb olacaq. Rektor qeyd edib ki, tələbələr II və III kursu Ege Uniersitetində təhsil alaraq, ixtisas fənlərini Türkiyə təcrübəsi əsasında öyrənmiş olacaqlar. Bu isə onların öz sahələri üzrə beynəlxalq səviyyəli mütəxəssis kimi yetişmələri üçün önəmli rol oynayacaq.
Görüşdə bildirilib ki, bu il ikili diplom proqramına 20 tələbə qəbul olaraq, plan yeri dolub. Qəbul olan tələbələr arasında bir nəfər Türkiyə vətəndaşının olduğunu deyən rektor, proqrama Türkiyə vətəndaşlarının marağının artmasının sevindirici hal olduğunu vurğulayıb.
Tələbələrə Ege Universitetində təhsil aldıqları müddətdə lazım olacaq komminikasiya sistemi haqqında da ətraflı məlumat verilib. Bildirlib ki, onlar Ege Universitetinin yataqxanası ilə təmin olunacaqlar, eyni zamanda türkiyəli tələbələr üçün yaradılan bütün imkanlardan bərabərhüquqlu şəkildə yararlana biləcəklər.
Tələbələr UNEC-in yaratdığı fürsəti yüksək qiymətləndirərək, Türkiyədə təhsil almaq imkanının onlar üçün böyük şans olduğunu qeyd ediblər.
Sonda rektor tələbələrə təhsillərində uğurlar arzulayaraq, onlara öz tövsiyələrini verib.
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ