Onlayn ictimai-siyasi qəzet
Türkiyənin Kırşehir Ahi Evran Universitetinin rektoru Prof. Dr. Mustafa Kasım Karahocagil və onu müşayiət edən nümayəndə heyəti Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə əməkdaşlıq münasibətlərini möhkəmləndirmək məqsədilə UNEC-də səfərdə olub.
UNEC rektoru professor Ədalət Muradovla keçirilən görüşdə hər iki universitetin təhsil sahəsindəki fəaliyyətləri və əməkdaşlıq imkanları müzakirə olunub. Professor Ədalət Muradov türkiyəli qonaqlara UNEC-in təhsil imkanları, rəqəmsal idarəetmə sistemi, beynəlxalq əlaqələri, ikili diplom və mübadilə proqramları, dünya reytinqlərindəki mövqeyi, tələbə və müəllim kontingenti və digər istiqamətlər barədə ətraflı məlumat verib.
Prof.Dr. Mustafa Kasım Karahocagil UNEC-in təhsil sahəsindəki müasir yanaşmalarını yüksək qiymətləndirərək, bu ali təhsil müəssisəsi ilə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb. Müzakirələrin nəticəsi olaraq, UNEC ilə Kırşehir Ahi Evran Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memorandumda hər iki universitetin akademik inkişafına töhfə verə biləcək tələbə və müəllim mübadiləsi, birgə konfransların təşkili, elmi tədqiqatlar üzrə əməkdaşlıq və digər sahələr üzrə birgə fəaliyyət istiqamətləri yer alıb.
20 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ