Onlayn ictimai-siyasi qəzet
Azərbaycan nümayəndə heyəti 2024-cü ilin yanvarında Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib. Nümayəndə heyəti bununla bağlı bəyanat verib.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin 2025-ci ilin payız sessiyası üçün hazırladığı iş planında bir sıra beynəlxalq təşkilatlarla, həmçinin Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı inkişaf etdirmək məsələsi də yer alıb.
Ötən il AŞ PA Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edib. AŞ PA-nın 2024-cü ilin qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqlənməyib və onların səsvermə hüququ məhdudlaşdırılıb. Bundan sonra Azərbaycan nümayəndə heyəti AŞ PA ilə əməkdaşlığı qeyri-müəyyən müddətə dayandırıb.
Belə görünür ki, 2026-ci ilin əvvəlində də “buzlar əriməyə” bilər. Halbuki Azərbaycanla Ermənistan barışığa razılaşıb, sülh mətni paraflanıb, Bakını ittiham edən həmin qərar əhəmiyyətini itirib. Çünki Azərbaycan Qarabağdan köç edən erməniləri qovmayıb və Ermənistan hakimiyyəti də narazılıq bildirməyib.

Fazil Mustafa
Milli Məclisin deputatı Fazil Mustafa “Yeni Müsavat”a şərhində bildirdi ki, bu məsələ ilə bağlı münasibət bildirmək Azərbaycana düşmür, bu AŞ PA-nın qərarıdır: “Bu qərarın Azərbaycanın mövqeyinə təsiri yoxdur, çünki bu, ermənipərəst qüvvələrin çıxardığı qərəzli qərardır. BMT öz mövqeyində dəyişiklik etdi, ABŞ "907-ci düzəliş"i ləğv etdi. Primitiv, xaotik idarəetmə mövcuddur. Hələ də anlamırlar ki, artıq bu məsələlər üzərindən Azərbaycana təzyiq etmək dövrü bitib, imkanlar tükənib”.

Şəhla Cəlilzadə
Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi, beynəlxalq münasibətlər üzrə ekspert Şəhla Cəlilzadə “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, Avropa Şurası Avropa İttifaqına üzv 27 ölkə daxil olmaqla, ümumilikdə Avropa siyasi məkanına aid olan 46 ölkəni əhatə edir. O vurğuladı ki, Azərbaycan coğrafi olaraq Şərqlə Qərbin, Avropa ilə Asiyanın qovşağında yerləşsə də, Aİ ilə 1990-cı illərin sonundan etibarən inkişaf etdirilən dərin tərəfdaşlıq əlaqələrinə malikdir. 1999-cu ildə bu əlaqələr ikitərəfli “Tərəfdaşlıq və əməkdaşlıq sazişi” ilə, 2009-cu ildə isə çoxtərəfli “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində hüquqi-siyasi forma alıb: “Xüsusilə Azərbaycanın Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı rol bu əlaqələrin 2022-ci ildə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə gətirib çıxarıb. Avropa Şurası isə Avropa siyasi məkanında insan hüquqlarını və azadlıqlarını müdafiə edən bir təşkilatdır. Avropa Şurasının iki strukturu var - Nazirlər Komitəsi və Parlament Assambleyası. Azərbaycan 2001-ci ildə bu təşkilata üzv olub və dolayısıyla müvafiq strukturlarda təmsil olunur. 1998-ci ildə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə "ölüm hökmü"nün tətbiq olunan cəza növlərindən biri olaraq Cinayət Məcəlləsindən çıxarılması AŞ-yə üzvlük prosesini sürətləndirmək üçün idi. Bununla Azərbaycan beynəlxalq insan hüquqları və prinsipləri ilə ayaqlaşdığını nümayiş etdirirdi. Lakin AŞ-da 25 illik üzvlük dövrü göstərir ki, bu təşkilat insan hüquqlarının müdafiəsindən daha çox ölkələrin daxili işlərinə qarışan, qərəzli və ikili standartları olan, qətnamə və bəyanatlarının hətta Aİ vahid siyasəti üzərində belə real təsir gücü olmayan bir təşkilatdır. Məsələn, Azərbaycan torpaqlarını viran qoyan, işğal, soyqırımı kimi cinayətlər törədərək beynəlxalq hüquq prinsiplərini və təməl insan haqlarını pozan Ermənistana deyil, ölkəmizə qarşı xüsusilə II Qarabağ müharibəsindən sonra vüsət alan qarayaxma kampaniyası çərçivəsində AŞ strukturları tərəfindən qəbul edilən bəyanat və qətnamələr qeyd oluna bilər. Hətta 1 günlük antiterror əməliyyatından öncə qlobal erməni şəbəkəsi və onların havadarları Avropa Şurasının ölkəmizdə, Qarabağda faktaraşdırıcı missiyasının təsis olunmasına açıq çağırış edirdilər. Halbuki Azərbaycan 30 il idi ki, müvafiq institutları ölkəmizin üzləşdiyi işğalı və dağıntıları aktlaşdırmağa çağırır, onlar isə gəlmirdilər. Qarabağdakı vəziyyəti araşdırmaq üçün ölkəmizə gəlmək niyyətlərini 1 günlük antiterror tədbirlərindən sonra, 2023-cü ilin oktyabrında AŞ PA-da qəbul edilən qərəzli qətnamə və AŞ Nazirlər Komitəsinin müvafiq bəyanatında da görmək olar. Maraqlıdır ki, 2016-cı ildə AŞ PA-da Ermənistanın eko-terror cinayətləri törətdiyini və buna görə məsuliyyətə cəlb edilməli olduğunu nəzərdə tutan qətnamə qəbul edilmişdi. Lakin təbii ki, Ermənistan buna görə heç bir məsuliyyətə cəlb edilmədi, onların AŞ PA-dakı nümayəndələrinin fəaliyyəti dondurulmadı, əksinə, qətnaməni təşviq edən alman deputatlar hələ də təqibə məruz qalmaqdadırlar və Almaniya siyasətindən uzaqlaşdırılaraq cinayət məsuliyyətinə cəlb olunublar. Göründüyü kimi, AŞ PA-da və digər Avropa strukturlarında ölkəmizə qarşı mövcud qərəzin, ikili standartların formalaşmasında daha üstün təsir gücləri mövcuddur. Məhz bu təsir gücləri Azərbaycanın Vətən müharibəsindəki şanlı Qələbəsinə reaksiya olaraq 2024-cü ilin yanvarından ölkəmizin AŞ PA-dakı nümayəndələrinin fəaliyyətinin dondurulmasına nail olublar. Yalnız bu qərəz ortadan qalxdıqdan sonra Azərbaycan nümayəndələrinin AŞ PA-da fəaliyyəti bərpa oluna bilər. 8 avqust 2025-ci il tarixli Vaşinqton sülh bəyannaməsi bu istiqamətdə siyasət dəyişikliyi üçün mühüm istinadgah təşkil edir. Belə ki, Vaşinqton bəyannaməsini AŞ baş katibi Alan Berset də alqışlayıb, hətta sentyabr ayında BMT sessiyası çərçivəsində cənab Prezidentlə görüşüb. Bu, Azərbaycanın AŞ PA ilə nə qədər gərgin münasibətləri olsa da, Avropa Şurasında üzvlüyünün davam etdirilməsinin hər iki tərəfin marağında olduğunu göstərir".
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
30 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ