Onlayn ictimai-siyasi qəzet
“Ümumilli Lider Heydər Əliyevin 100 illiyinə” həsr olunmuş “Əczaçılıq Klubu” İctimai Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Əczaçılar Günü ərəfəsində Respublika Əczaçılarının 4-cü Konfransı keçirilib.
Bu barədə Musavat.com-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTS), Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Azərbaycan Respublikası Tarif Şurası, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi, əczaçılıq şirkətlərinin nünayəndələri iştirak ediblər.
Konfransda əczaçılıq sektorunun mövcud vəziyyəti, inkişaf perspektivləri müzakirə edilib.
Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Konfransda çıxış edən səhiyyə nazirinin müavini Rasim İsmayılov səhiyyə sahəsinin daim dövlət başçısının diqqət mərkəzində olduğunu qeyd edib: “Ümumilikdə, son 20 ildə səhiyyə sahəsində bir sıra uğurlu nailiyyətlər əldə edilib. Əhalinin sağlamlığı ilə bağlı müsbət dinamika bunun bariz nümünəsidir”.
Nazir müavini bildirib ki, əczaçılıq sahəsində görülən işlər, bu sahədə nəzərdə tutulan tədbirlər və səhiyyənin rəqəmsallaşdırılması, dərman vasitələrinin beynəlxalq qeydiyyatının tanınması, elektron resept sisteminin tətbiqi barədə məlumat verilib:
“Azərbaycanda dərmanların vahid dövlət reyestri Səhiyyə Nazirliyi tərəfindən tərtib edilir və aparılır. Ölkədə əczaçılıq sahəsində elektron resept sisteminin tətbiqinə toxunan nazir müavini qeyd edib ki, bu kimi innovasiyalar dərman sahəsində müsbət dəyişikliklərə şərait yaradır”.
Tədbirdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri əczaçılıq sahəsində fəaliyyət göstərən sahibkarların rəqabətədavamlılığının artırılmasının, onların göstərdiyi xidmətlərin daha keyfiyyətli və müasir standartlara uyğunlaşdırılmasının prioritet istiqamətlərdən olduğunu qeyd edib.
“Əczaçılar Klubu” İctimai Birliyinin sədri təşkilatın fəaliyyəti barədə məlumat verib, konfransın sektorun mövcud vəziyyətinin, perspektiv inkişaf imkanlarının müzakirə edilməsi məqsədilə təşkil olunduğunu qeyd edib.
Tədbirdə həmçinin, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədr müavini, Azərbaycan Tibb Universitetinin prorektoru, əczaçılıq üzrə yerli distribyutor şirkətlərin nümayəndələri və iş adamları da fikirlərini bölüşüblər.
Bundan sonra Konfrans Panel iclaslarla işinə davam edib. Tədbirin 1-ci Paneli “Elektron resept” və “Qiymət siyasəti”, 2-ci Paneli “Yerli dərman istehsalı biznesinin inkişafı”na həsr olunub.
“Elektron resept” Panel iclasında çıxış edən Səhiyyə Nazirliyi “Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi” Publik Hüquqi şəxsin Baş direktoru Cəbrayıl Əsədzadə qeyd edib ki, Səhiyyə Nazirliyi tərəfindən hazırlanan və tətbiq edilən vahid elektron resept sistemi Azərbaycanda mövcud olan dövlət və özəl tibb müəssisələrində vətəndaşlara yazılan reseptlərin elektron şəkildə qeydiyyatı və idarə olunması funksiyasını daşıyır:
“Sistemin əsas əhəmiyyəti vətəndaşların elektron tibbi məlumatlarının əlçatanlığı və qorunması, tibb mütəxəssislərinin müayinə və müalicə zamanı xəstəlik tarixçəsindən istifadə etməklə daha keyfiyyətli xidmət göstərməsi və ölkədə olan dərman dövriyyəsinə nəzarətin gücləndirilməsi kimi əsas dəyərləri özündə birləşdirir. Bildirilib ki, sistemin bir çox üstünlükləri mövcuddur. Səhiyyə nazirliyinin tətbiq etdiyi vahid elektron resept sistemi bütün iştirakçılara faydalı olmaqla yanaşı dövlətin dərman vasitələrinə nəzarəti sahəsində əhəmiyyətli sistemdir. Səhiyyənin keyfiyyətinin yaxşılaşdırılması və səhiyyədə rəqəmsallaşdırmanın aparılması üçün elektron resept sisteminin fəaliyyəti əsas tələblərdən biridir”.
Müzakirələr və maraqlı təkliflərlə davam edən Konfrans öz işinə yekun vurub.
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ