İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın yaya keçən “yaz hücumu” - “Kiyevin əla planı var, cəmi bir cəhd və...”

Hərbi ekspert: “Müharibə bu ilin sonunadək bitəcək, Ukrayna çətinliklə də olsa, ərazi bütövlüyünü təmin edəcək...”

“Ukrayna əks-hücumun vaxtı ilə əlaqədar Avropanın təzyiqini hiss etmir. Əks-hücum əməliyyatları yalnız buna 100 faiz hazırlıq olduqdan sonra başlayacaq”.

Bu barədə Ukraynanın baş naziri Denis Şmıqal “The Hill” qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, hücum əməliyyatları yay aylarında başlaya bilər.

Baş nazir bildirib ki, hücum əməliyyatları üçün Kiyevə əlavə yardımlar edilməlidir: “Əks-hücumlara başlamaq üçün daha çox artilleriyaya, sursata, orta və uzaq mənzilli raketlərə, tanklara və qırıcılara ehtiyacımız var”.

Qeyd edək ki, bu yaxınlaradək Ukraynanın yazda işğalçı qüvvələrə qarşı genişmiqyaslı əks-hücum əməliyyatına başlayacağı bildirilirdi. İndi isə məlum olur ki, “yaz hücumu” yaya keçirilir.

Bu arada ABŞ-ın müdafiə naziri Lloyd Ostin bildirib ki, Pentaqonun “sızdırılmış” sənədlərindən sonra verilən xəbərlərə baxmayaraq, Ukraynanın Rusiyaya qarşı əks-hücum əməliyyatı keçirə biləcəyinə əmindir.

Ostin deyib ki, bundan əvvəl o, ukraynalı həmkarı Aleksey Reznikovla danışıb və “onların kifayət qədər yaxşı vəziyyətdə olduqlarını hiss edir”.

Onun sözlərinə görə, Birləşmiş Ştatlar Ukrayna hücum əməliyyatlarına başlamaq qərarına gələndə uğur qazanması üçün ona yardımı davam etdirəcək. “Onların başlamaq üçün əla planı var, lakin bu planın bütün təfərrüatlarını həqiqətən yalnız prezident Vladimir Zelenski və onun rəhbərliyi bilir”, - Pentaqon rəhbəri vurğulayıb və əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin gələcək uğurları üçün “böyük imkanları” var.

Öz növbəsində britaniyalı hərbi analitik, Kral Müdafiə Tədqiqat İnstitutunun (RUSI) keçmiş direktoru Maykl Klarkın hesab edir ki, Ukraynanın əks-hücumda “hər şeyi necə lazımdır eləmək” üçün yalnız bir şansı ola bilər.

Klarkın sözlərinə görə, əks-hücumda Ukrayna Silahlı Qüvvələrinin təxminən 90-100 minlik əsgərdən ibarət 16 yeni briqadası iştirak etməlidir. Analitik deyib ki, hələlik əks-hücumun yaxın gələcəkdə başlayacağına dair heç bir əlamət yoxdur. Bundan əlavə, yeni birləşmələrin harada və nə vaxt istifadə ediləcəyi də bəlli deyil.

Hərbi ekspertin qənaətincə, Ukraynanın əks-hücum əməliyyatı uğurlu olmalıdır və bunun üçün Ukrayna Silahlı Qüvvələri “qətiyyətli” hərəkət etməlidir. “Müəyyən mənada ukraynalıların yalnız bir şansı var. Onlar hər şeyi düzgün etməlidirlər”, - Klark bildirib  və əlavə edib ki, müharibə dalana dirənsə, onda Qərbin “müharibə yorğunluğu”nun özünü göstərməsi təhlükəsi yarana bilər.

Bəs hücumun yaya keçirilməsi səbəbindən yaranan zaman fasiləsi Rusiya ordusunun təzədən toparlanmasına gətirməzmi? Ümumiyyətlə, yayda müharibə bitə bilərmi?

 Hərbi ekspert Üzeyir Cəfərov deyir ki, Ukraynanın hücumu yaya saxlaması ilə bağlı açıqlamalar olsa da, hücum 1 həftə sonra da baş verə bilər: “Verilən açıqlamalardan da aydın olur ki, Ukrayna mütləq şəkildə əks-hucum əməliyyatlarını gerçəkləşdirəcək. Bu, sadəcə, zamana bağlı məsələdir. Hücum sabah da, 1 həftə sonra da, 1 aya da ola bilər. Rusiya da Ukraynanın əks-hücumlarına hazırlaşır. Ukrayna Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov da bəzi açıqlamalar verdi. Baş nazir Denis Şmıqalla birgə belə bir açıqlama verildi ki, Ukrayna təhlükəsizlik qüvvələrinə hələ bəzi hərbi yardımlar tam şəkildə çatdırılmayıb. Bu səbəbdən əks-hücum ləngiyir”.

Təqaüdlərin artımı ehtiyatda olan zabitlərə niyə şamil olunmadı? – Üzeyir  Cəfərov “Çətin sual"da - YouTube

Üzeyir Cəfərov

Hərbi ekspert deyir ki, bu gün Qərbin Ukraynaya daha çox silah-sursat verməsi kimsəyə sirr deyil: “Bu silah-sursat bu gün müəyyən tələbatları ödəyir. Amma əks-hücum üçün daha çox silah lazımdır. Bildiyim qədər bir neçə gün sonra Ramştaynda ABŞ Müdafiə Nazirliyinin rəhbərliyi altında görüş keçiriləcək. Həmin görüşdə bu məsələ həllini tapacaq. Silah-sursatın, hərbi texnikanın Ukrayna tərəfinə verilməsində müəyyən gecikmələr var. Prezident Zelenski də qeyd edir ki, silahlı qüvvələrin təchizatı davamlı aparılır. Əks-hücum qaçılmazdır. Bu, tezliklə baş verəcək”.

Hərbi ekspertin sözlərinə görə, Rusiya tərəfi Limansk, Baxmut, Avdeyevka, Mariinsk istiqamətlərində həmlələr həyata keçirməsinə baxmayaraq böyük bir nəticə əldə edə bilmir: “Xüsusən Baxmut, Marinka uğrunda amansız döyüşlər gedir. Dünənki (srağagünkü - red.) məlumat belə idi ki, Rusiya tərəfi 50-yə yaxın hücum həyata keçirib, amma nəticə əldə edə bilməyib. Rusiyanın itkilərini sayı artıq 183 mini keçib”.

Hərbi ekspert hücumla bağlı konkret tarix söyləməyin çətin olduğunu söylədi: “Silah-sursat, təchizat, digər amillər nəzərə alınır və uyğun şərtlər olan kimi hücum qərarı verilir. Ukrayna Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov açıqladı ki, Ukrayna yalnız 1991-ci ildə olan sərhədlərini bərpa etdikdə , - Krım da o zaman Ukraynanın sərhədləri daxilində idi, - müharibə bitə bilər.

ABŞ “Lend-liz” proqramı çərçivəsində Ukraynaya hərbi yardımını davam etdirir. Bundan başqa, İngiltərədən, Polşadan və başqa ölkələrdən hərbi yardımlar davam edir. Rusiya tərəfi Ukraynaya verilmiş “Leopard” tanklarının ələ keçirilməsi haqda dezinformasiya yayır. Qarşıda Rusiya və Ukraynanı şiddətli döyüşlər gözləyir. Hər iki tərəfdən çox ciddi itkilər olacaq. Ukrayna öz torpaqlarını geri qaytarmaqda qərarlıdır. Qərb əks-hücuma imkan verən kimi Ukrayna hücum edəcək. Yaya qədər hücumun təxirə salınacağına inanmıram. Müharibə bu ilin sonunadək bitəcək. Ukrayna çox çətinliklə Krımı da qaytaracaq. Bunun üçün Ukrayna xaricdə təlim keçən 3 döyüş korpusu hazırlayıb. Bu korpuslarda “F-16" təyyarələrini, "Çelencer", “Abrams”, “Leopard” tanklarını idarə edə bilən hərbçilər var.

Rusiyanın insan resursları kifayət qədər olsa da, hazırlıq çox aşağı səviyyədədir, silahlar çox zəifdir, konservasiya olunmuş “T-34", "T-55" tanklarını işə salırlar. Həmin tanklar müasir müharibədə, sadəcə, nişangah kimi Ukrayna çöllərində vurulub “metallom”a çevriləcək. Ukrayna çox çətinliklə də olsa, öz ərazi bütövlüyünü təmin edəcək".

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR