İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın Vətən müharibəsi: 80-ci gün - Sülh qapıları həmişəlik bağlandı?

Rusiyanın suveren Ukraynaya qarşı işğalçılıq siyasəti davam edir. Eyni zamanda zəbt edilmiş ərazilərdə ilhaq kursu aparılır. Saxta “birləşmə referendumları”na hazırlıq gedir.

“Ukraynanın cənub əraziləri Rusiyanın tərkibinə daxil olacaq”. Bunu Krımın Rusiyadakı daimi nümayəndəsi Georgi Muradov deyib. “Şübhə etmirəm ki, keçmiş Ukraynanın cənubunda işğaldan azad edilmiş ərazilər Rusiyanın bölgəsinə çevriləcək”, - deyə o əminliklə bildirib.

Krımın daimi nümayəndəsi iddia edib ki, cənub əraziləri “vaxtilə Ukraynaya hədiyyə edilib, tarixən orada rusdilli əhali yaşayıb”. Muradova görə, artıq həmin ərazilərdə mülki-hərbi idarələr yaradılır, Rusiya televiziya kanalları fəaliyyət göstərir, rus valyutasından istifadə olunmağa, məktəblər isə Rusiya dərslikləri əsasında təhsilə başlayır.

Bu qəbildən bəyanatlar digər Rusiya rəsmiləri tərəfindən də vaxtaşırı səsləndirilir. Doğrudanmı Rusiya bu əraziləri özününkü edə biləcək? Rusiya öz nəhəng ərazisində əhalisinin güzəranını təmin edə bilmir, ağır sanksiyalar altında yeni ərazilərə necə normal həyat, rifah gətirəcək? Vəsaiti haradan tapacaq? Üstəlik, Kiyev və Moskva sülh anlaşması imzalamyınca həmin ərazilərə müharibə təhdidi davam edəcək.

Bu xüsusda Ukrayna prezidenti Vladimir Zelenski aprelin sonunda xəbərdarlıq etmişdi ki, Rusiya qoşunlarının işğal elədiyi ərazilərdə referendum keçirilərsə, Kiyev Moskva ilə danışıqlar prosesindən geri çəkiləcək. Zelenski həmçinin ölkəsinin müharibədə qalib gələcəyi və Ukraynaya aid bütün əraziləri geri alacağına dair qətiyyətli olduğunu söyləyib.

Rusiya və Ukrayna arasında son ciddi, canlı danışıqlar isə İstanbulda olub və kifayət qədər ümidverici nəticə ilə bitmişdi. Ondan sonra proses faktiki dondu. Lakin Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell deyib ki, Türkiyə və BMT Kiyev və Moskva arasında dialoqda ideal vasitəçi olaraq qalır. O zaman Ankaranın vasitəçiliyinin tezliklə bərpası realdırmı, yoxsa sülh qapıları həmişəlik qapanıb? Belə fikir var ki, Ukraynanı Rusiya ilə anlaşmaya getməyə məhz Qərb, özəlliklə ABŞ qoymur.

Arzuxan Əlizadə: “Səhiyyə təşkilatları vaksinləmədə çox zəif təbliğat  aparıb”

Arzuxan Əlizadə: “Danışıqların cızılmış ssenarinin hansı mərhələsində reallaşacağı da daha çox bu ssenarini planlaşdıran güclərin qərarına bağlıdır”

AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, fevralın 21-nə qədər, yəni Ukrayna ərazisində yaradılan iki qondarma qurumun Rusiya tərəfindən rəsmən tanınmasına qədər danışıqlar yolu ilə prosesləri fərqli məcraya yönləndirmək üçün daha münbit imkanlar var idi, nəinki indi: “Artıq 3 aya yaxındır ki, tərəflər arasında müharibənin aktiv fazası davam edir və Rusiya tərəfinin Ukrayna ərazisində törətdiyi kütləvi qırğınlar və müharibə cinayətləri fonunda münasibətlərin yaxın dövr ərzində danışıqlar yolu ilə normallaşacağı da real görünmür.

Hələ müharibədən əvvəl rəsmi Bakı və Ankaranın danışıqlar yolu ilə tərəfləri bir araya gətirmək cəhdləri oldu. Müharibənin gedişində də Türkiyənin vasitəçiliyi ilə İstanbulda keçirilən danışıqlardan pozitiv gözləntilər yaranmışdı, lakin Buçada və İrpendə həyata keçirilən soyqırım aktlarının üzə çıxması ilə danışıqlar növbəti dəfə dalana dirəndi. Bu gün artıq prezident Zelenski haqlı olaraq savaşın Ukraynanın ərazi bütövlüyü tam bərpa olunana qədər aparılacağını deyir və hər ötən gün üzə çıxan müharibə cinayətləri fonunda qarşı tərəflə bir masa arxasında oturulmasının mümkünsüzlüyünü ifadə edir. Ukraynaya ABŞ-Qərb dünyasının dəstəyi artmaqdadır. Ukraynaya dəstək verməklə yanaşı Rusiyaya ciddi sanksiyalar tətbiq etməkdə davam edən güclər də hazırki dönəmdə danışıqların baş tutmasında maraqlı görünmürlər və əsas hədəfin Rusiyanı çökdürmək, Putini sıradan çıxarmaq olduğunu da gizlətmirlər. Təbii ki, bütün müharibələr danışıqlarla sonlanır, amma düşünürəm ki, hazırkı dönəmdə danışıqların cızılmış ssenarinin hansı mərhələsində reallaşacağı da daha çox bu ssenarini planlaşdıran güclərin qərarına bağlıdır".

Abutalıb Səmədov:Populist vədlərlə hakimiyyətə gələn N.Paşinyan və  komandası son dərəcə ağır durumdadı - Yeni Zaman Mobil versiya

Abutalıb Səmədov: “Nə Rusiya qabağa gedə bilir, nə də Ukrayna onu tutduğu mövqelərdən vurub çıxara bilir”

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov isə bildirdi ki, hərbi əməliyyatlara başlayarkən Rusiya Ukraynanın ərazilərinin ən azı Kiyev də daxil olmaqla böyük hissəsini tutmaq istəyirdi: “Müharibənin ilk günlərində planın belə olduğu göz qabağında idi. Lakin sonradan aydın oldu ki, buna nail olmaq mümkün deyil və daha real planlar ortaya qoyulmalıdır. Bundan sonra Kiyev və Çerniqovdan çəkilmək qərarına gələn Moskva Krımın, Donetsk və Luqanskın mövcud statuslarının tanınmasına nail olmaq üçün ”bufer zona" yaratmaq və gələcəkdə həmin əraziləri tələblərin qəbul olunması qarşılığında geri qaytarmaq planını işə saldı. Ancaq bu onun “minimum proqramı”dır. İşlər yaxşı getsə, rusların gələcəkdə yeni “müstəqil respublikalar” yaratmaq barədə düşünə biləcəkləri də istisna olunmur. Hələlik bu mümkün görünmür. ABŞ kəşfiyyatının və Pentaqonun etiraf etdiyi kimi, bu gün müharibədə “pat” vəziyyəti yaranıb. Nə Rusiya qabağa gedə bilir, nə də Ukrayna onu tutduğu mövqelərdən vurub çıxara bilir.

ABŞ-ın “Lend-liz qanunu” ilə verməyi planlaşdırdığı hərbi texnika bütünlüklə təyinat nöqtəsinə gəlib çatdıqdan sonra vəziyyətin Ukraynanın xeyrinə dəyişməsi mümkündürmü? Çox istəyərdik ki, belə olsun və Ukrayna rus qoşunlarını işğal etdikləri ərazilərdən vurub çıxara bilsin. Ancaq bunun baş verməsi mümkün görünmür.

Çox güman ki, Ukraynanın hərbi cəhətdən güclənməsi Rusiyanın geri çəkilməsi ilə deyil, daha qəddar üsullara əl atması ilə nəticələnəcək. Bu halda taktik nüvə silahlarından, kimyəvi silahlardan və digər kütləvi qırğın silahlarından istifadə halları ortaya çıxa bilər. Rusiya hakim dairələri - “dünyanın imperialist gücləri bizə qarşı birləşiblər, biz təkbaşına birləşmiş qüvvələrlə üz-üzə qalmışıq və bu, ədalətsizlikdir” deyib, öz qəddar hərəkətlərinə haqq qazandırmağa çalışa bilərlər".

A.Səmədovun sözlərinə görə, Ukrayna prezidenti Zelenski danışıqların kəsiləcəyini və mümkünsüz olacağını gah Mariupolda mühasirədə olanların öldürülməsi ilə, gah Rusiya qoşunlarının işğal elədiyi ərazilərdə referendum keçirməsi ilə, gah da digər şərtlərlə əlaqələndirir: “Ancaq bu cür fikirlər ciddi hesab oluna bilməz və Ukrayna liderinin dalbadal bəyanatlar verərkən bir az götür-qoy etməsi, hadisələrin hansı istiqamətə gedəcəyini anlamağa cəhd göstərməsi pis olmazdı. Rusiya-Ukrayna sülh danışıqları qaçılmazdır və bu istiqamətdə dalbadal ”ultimatum"lar səsləndirmək onun özünü çətin vəziyyətə sala bilər. Bu gün sülh danışıqlarını təşkil edə biləcək yeganə ölkənin Türkiyə olduğunu hamı etiraf edir və yaxın aylarda danışıqların başlanması istisna olunmur. Sülh danışıqlarında əsas maneə bir tərəfdən ABŞ və Böyük Britaniyanın mövqeyi, digər tərəfdən Rusiyanın bir çox tələbi ifadə edən “ultimatum”lar irəli sürməsidir.

Cəbhədə “pat” vəziyyəti davam etdikcə mövqelərin dəyişməsi ehtimalı da artacaq. İlk belə siqnal Rusiyanın Avropa Birliyindəki daimi nümayəndəsi Vladimir Çijovdan gəldi. O, Sky News telekanalına verdiyi müsahibədə bir tərəfdən əməliyyatların nəzərdə tutulduğu kimi getdiyini iddia etsə də, digər tərəfdən, Rusiyanın yeni ərazilər işğal etmək istəmədiyini, Moskvanın tələblərinin Ukraynanın neytral statusu, Krımın və Donbas respublikalarının indiki statusunun tanınması olduğunu bəyan etdi. Kifayət qədər ziddiyyətli olsa da, bu bəyanat sülh danışıqlarının nəticə verəcəyinə olan ümidləri xeyli artırır. Zənnimcə, həm Rusiya, həm də Qərbin müharibədə təmsilçisi olan Ukrayna “tam və qəti qələbə” ümidlərindən imtina etsələr, Türkiyənin vasitəçiliyi ilə təşkil olunacaq sülh danışıqları nəticə verə və bu qanlı müharibəyə son qoyula bilər".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR