İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanın taleyini dəyişəcək kritik gün - bu həftə...

Nüfuzlu nəşr savaşın hansı tarixdə bitəcəyini açıqladı, analitik isə deyir ki, Kiyev tam kollapsa uğramadan vəziyyətdən çıxa bilər

Təxminən iki həftə sonra Rusiyanın qonşu, suveren Ukraynaya qarşı başlatdığı işğalçı müharibənin 3 ili tamamlanacaq. Ancaq hələ ki müharibəni dayandırıb sülh masası qurmaq mümkün olmayıb. Britaniyanın “Daily Mail” qəzeti məsələ ilə bağlı ABŞ Prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həlli ilə bağlı planlarının sızdırıldığını iddia edib. Həmin məlumatlara görə, münaqişə 2025-ci il aprelin 20-dək bitə bilər. Məqalədə bildirilir ki, Tramp Ukrayna Prezidenti Vladimir Zelenskini bu il aprelin 20-nə təsadüf edəcək Pasxa bayramı ilə bağlı atəşkəslə razılaşmağa inandırmaq niyyətindədir. Yekun razılaşmanın mayın 9-da elan ediləcəyi deyilir.

Zelenski isə hazırda ABŞ Prezidenti Donald Trampın Ukraynadakı müharibəyə son qoymaq üçün rəsmi planının olmadığına əminliyini ifadə edib. “Bu və ya digər məlumatlar əminəm ki, Trampın rəsmi planı deyil”, - deyə o vurğulayıb.

Ukrayna prezidenti eyni zamanda Putinlə danışıqlara hazır olduğunu deyib. O, müharibənin bu il başa çatdırılması üçün hər cür imkanın olduğunu bildirib: “Biz bunu çox istəyirik. Və hər il, düzünü desəm, biz çox istəyirdik ki, Qərb tərəfdaşlarımız Putini müharibəni bitirməyə məcbur etmək üçün kifayət qədər gücə malik olsunlar. İnanıram ki, bu gün bunun üçün bütün imkanlar var”.

Maraqlıdır ki, bu ərəfədə Trampın Putinlə telefon danışığı aparması barədə xəbərlər yayılıb. Daha maraqlısı isə Rusiya prezidentinin sözçüsü Dmitri Peskovun bu məlumatları nə təsdiq, nə də təkzib etməsidir. Onu da qeyd edək ki, Ağ Ev başçısı daxil olduğumuz həftə ərzində Ukrayna lideri ilə görüşünü mümkün sayıb. Bu görüş Ukraynanın taleyini dəyişə bilərmi?

Azər Hüseynov 

AG Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov “Yeni Müsavat”a deyib ki, Ukrayna münaqişəsinin nəticəsi əslində başlanğıcından etibarən müəyyən mənada proqnozlaşdırıla bilirdi: “Ölkə hələ əvvəlki rəhbərləri dövründə də separatçılarla bağlı ciddi problemlər yaşayırdı. Bununla belə, Zelenskidən əvvəlki dövlət başçıları Rusiya ilə açıq qarşıdurmadan çəkinirdilər, çünki Ukraynanın real güc potensialının fərqində idilər. Lakin Zelenski Qərbin tam dəstəyini qazanacağına inanaraq, daha kəskin mövqe tutdu və açıq şəkildə Moskva ilə ziddiyyətə girdi.  Rusiya isə bu siyasəti öz təhlükəsizliyinə qarşı təhdid kimi qiymətləndirərək, "biz belə danışmamışdıq" mesajını verməklə hərbi müdaxiləyə başladı. Münaqişənin ilkin mərhələsində Ukrayna Qərbdən müəyyən dərəcədə dəstək aldı və bu, Rusiya qüvvələrinin sürətli irəliləyişinin qarşısını müəyyən qədər aldı. Lakin zaman keçdikcə Qərb daxilində fikir ayrılıqları dərinləşdi, yardım paketləri azaldı və ABŞ-da hakimiyyət dəyişikliyi baş verdi. Xüsusilə Donald Trampın yenidən prezidentliyə qayıtması Ukrayna üçün vəziyyəti daha da çətinləşdirdi".

Siyasi şərhçi deyib ki, bu gün Ukrayna nə ərazilərini geri qaytara bilir, nə də əvvəlki kimi Qərbə güvənir: “Ölkənin iqtisadiyyatı isə ciddi şəkildə zəifləyib və demək olar ki, çöküş astanasındadır. Trampın xarici siyasəti isə əsasən iki böyük məsələyə - Çin və İrana yönəlmək məqsədi daşıyır. O, Rusiya, Türkiyə və ərəb dünyasının aparıcı dövlətləri ilə problemləri nisbətən tez həll edərək diqqətini əsas geosiyasi rəqiblərinə yönəltmək istəyir. Bu kontekstdə mümkündür ki, Tramp Zelenskini sülhə yönəltsin və Ukraynanın daha da ağır vəziyyətə düşmədən bir razılaşmaya getməsi üçün vasitəçilik etsin. Lakin belə bir sülh Ukraynanın qalibiyyətini deyil, sadəcə, tam kollapsa uğramadan münaqişəni bitirməsini təmin edə bilər”.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR