Onlayn ictimai-siyasi qəzet
Rəsmi Kiyev bu layihədə maraqlı olduğunu gizlətmir, amma...
Rusiya qazının Ukrayna üzərindən nəqlini nəzərdə tutan sazişin müddətinin uzadılmaması Avropa İttifaqının Rusiya qazından imtina etməyə hazırlaşmasına səbəb olub. Rəsmi Brüssel buna nail olmaq üçün Azərbaycan da daxil olmaqla, enerji sahəsində özünün “daha etibarlı” tərəfdaşları ilə yeni əməkdaşlıq qurmaq istəyir. Bu məqsədlə Brüssel Azərbaycana öz qazını Rusiyanın və Ukraynanın qaz nəqli sistemindən istifadə etməklə Avropaya çatdırmağı təklif edir.
İlk dəfə bu məsələni mayın 7-də Bakıda səfərdə olan Slovakiyanın baş naziri Roberto Fitso ictimailəşdirib. O, Azərbaycan qazının Rusiya və Ukrayna üzərindən Slovakiyaya, oradan isə digər Avropa ölkələrinə nəqlini təklif edib: “Azərbaycan təbii qazının Slovakiyaya idxalını da həyata keçirə bilərik. Detallara varmaq istəməzdim. Rusiya və Ukrayna bəlli səbəblərə görə Avropaya artıq qaz ixrac edə bilmir. Slovakiyaya böyük həcmdə qazın gətirilməsində təbii ki, maraqlıyıq. İldə təxminən 20 milyard kubmetr qazdan söhbət gedir. Bu, Avropaya gələn qazın böyük ölçüdə şaxələndirilməsinə töhfə verəcək. Bu müqavilənin imzalanmasına çox yaxınıq”.
Daha sonra bu barədə tərəflər iyunun 13-də Brüsseldə baş tutmuş 5-ci Avropa-Azərbaycan Təhlükəsizlik Dialoqunda müzakirə aparıblar. Hazırda Avropa İttifaqına üzv ölkələrdən 8-i Azərbaycandan qaz alır.
Bu təklif reallaşarsa, Azərbaycandan Avropaya ikinci enerji marşrutu açılmış olacaq. Azərbaycan ilk dəfə 2020-ci ilin sonlarında Cənub Qaz Dəhlizi vasitəsilə mavi yanacağını Avropa bazarına çıxara bilib. Elə həmin ildən etibarən Azərbaycan Yunanıstan və İtaliyaya, 2021-ci ildən isə Bolqarıstana qaz satır.
2022-ci ildə isə Avropa Komissiyası ilə Azərbaycan Bakıda enerji memorandumu imzalayaraq, nəql edilən qazın həcmini iki dəfəyədək artırmaq barədə razılığa gəliblər. Bu anlaşma Rusiya-Ukrayna müharibəsinin başlamasından 5 ay sonra baş tutmuşdu: Moskvanın qaz şantajından qurtulmağa çalışan Brüssel Azərbaycan da daxil olmaqla, digər qaz hasilatçılarından alışları artırmağa çalışırdı. Memorandum imzalanandan sonra Avropa İttifaqının Azərbaycandan Avropa qaz çatdıran Cənub Qaz Dəhlizinin genişləndirilməsi məsələsi aktuallaşdı, bu istiqamətdə tezliklə real qərarların alınacağı gözləntiləri yarandı. Lakin 2022-2023-cü il qışı keçəndən sonra Avropanın qaz ehtiyatlarının bolluğu bu məsələnin arxa plana keçməsinə səbəb oldu. Burada həm də Avropa İttifaqının qalıq yanacaqlardan istifadədən imtina planları rol oynayır: bu məqsədə görə Avropanın maliyyə qurumları neft və təbii qazla bağlı layihələri maliyyələşdirməkdən imtina edirlər. Bütün bunlara görə Azərbaycan qazının Ukrayna üzərindən Avropaya çatdırılması Aİ üçün ən səmərəli həll yolu hesab edilir.
Onu da qeyd edək ki, Kiyev Rusiya qazının öz ərazisindən keçməklə Avropaya nəqlinə qarşı çıxır. Əvəzində isə Ukrayna qazın enerji ilə zəngin digər ölkələrdən alınaraq öz qaz nəqli şəbəkəsi ilə Qərbi Avropa ölkələrinə nəqlini təklif edir. Bu, həm Ukraynanın çox nəhəng qaz nəqli infrastrukturunun işlək vəziyyətdə qalmasını təmin edər, həm də Rusiyanın onu dağıtmaq fikrinə düşməsinin qarşısını alar.
Bunu əsas gətirən Ukrayna mediasının yazdığına görə, rəsmi Kiyev Azərbaycan qazının da öz ərazisindəki Rusiya kəmərlərinə vurulmasında maraqlı olduğunu bildirib. Lakin Azərbaycan qazının Ukrayna qaz nəqli sistemi vasitəsilə tranziti ilə bağlı hələ razılığa gəlməyib. Bu barədə Ukraynanın “Naftoqaz” şirkətinin rəhbəri Aleksey Çernışev danışıb. Onun sözlərinə görə, qaz nəqli sistemi Ukrayna dövlətinin əsas aktivlərindən biridir və gələcəkdə “Ukrayna qaz ixracatçısına çevriləndə” satış bazarına çıxışı təmin etmək üçün işləməlidir. “Bizim bu sistemi dayandırmağa haqqımız yoxdur. Çünki bunu dayandırsaq, Avropa bazarı üzünü başqa təchizatçılara yönləndirəcək. Əslində, biz alternativ həll yolları axtarırıq. Məsələn, Azərbaycandan iş adamları bizimlə əlaqə saxladılar. Xüsusilə, SOCAR şirkəti. Amma hazırda hazır həll yolu yoxdur. Bu barədə danışmaq hələ tezdir”, - Çernışev qeyd edib.
Bundan əvvəl Ukrayna prezidenti Vladimir Zelenski “Bloomberg”ə müsahibəsində bildirib ki, Ukrayna “Qazprom” ilə tranzit sazişi başa çatdıqdan sonra Azərbaycan qazının öz ərazisi ilə Aİ-yə nəqli imkanlarını öyrənir.
Qeyd edək ki, Azərbaycan Avropaya qaz nəql etdiyi Cənub Qaz Dəhlizinin genişləndirilməsi layihəsi üzərində işləri davam etdirməkdə qərarlıdır. Artır dəhlizin bir seqmenti olan TANAP kəmərinin genişləndirilməsi üçün müzakirələr başlanıb. Eyni zamanda dəhlizin Avropadakı hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) buraxılış gücünün artırılması da gündəmdədir.
İyulun 18-də Prezident İlham Əliyev Oksfordda “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində keçirilən “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxışı zamanı Azərbaycan qazının Avropaya ixrac həcminin artırılması məsələsindən danışıb: “Enerji sahəsində Bakıda müəyyənləşdirdiyimiz strateji tərəfdaşlıq bizim Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. Biz bu hədəfə doğru irəliləyirik. 2021-ci ildə Avropa qitəsinə bizim qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq. İxracın yarıdan çoxu Avropaya gedir. Azərbaycanın təbii qazını səkkiz ölkə alır, onlardan beşi - Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. İkisi İttifaqa daxil olmaq üçün namizəd ölkədir - Gürcüstan və Serbiya, eləcə də Türkiyə.
Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz təchizatçısı adlandırmışdır. Bu, çox böyük məsuliyyətdir və əlbəttə ki, biz yalnız Avropaya 2027-ci ilə qədər ildə 20 milyard kubmetr qazla təchiz etmək üzrə öz öhdəliyimizi yerinə yetirmək üçün əlimizdən gələni etməyə çalışırıq. Bu, bizim hədəfimizdir. Bizim resurslarımız və infrastrukturumuz var. Yeni tərəfdaşlarla, əsasən Sloveniya və Slovakiya ilə danışıqlar prosesini sürətləndirməliyik, həmçinin mövcud bazarlara qaz təchizatımızın artırılması üzərində çalışmalıyıq. Çünki bizim İtaliyaya təchizatımız 9 milyard kubmetrdirsə, İtaliyaya bizdən 20 milyard kubmetr qaz lazımdır. Bu, sadəcə, qazımıza olan tələbatın bir nümunəsidir".
İyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyev Oksfordda qarşı tərəfin müraciətinə əsasən Çex Respublikasının Baş naziri Petr Fiala ilə görüşüb. Rəsmi məlumata görə, görüşdə Azərbaycan ilə Çexiya arasında enerji, o cümlədən neft-qaz sahəsində əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Azərbaycan qazının artıq Çexiyanın qonşu ölkələrinə ixracının təmin edildiyi bildirilərək, Çexiyaya ixrac üçün də yaxşı imkanların olduğu qeyd edilib.
Azərbaycan Energetika Nazirliyinin rəsmi məlumatına əsasən 2024-cü ilin yanvar - iyun aylarında 25,1 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 6,5 milyard kubmetri AÇG-dən, 14 milyard kubmetri “Şahdəniz”dən, 0,8 milyard kubmetri Abşerondan, 3,8 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən qaz hasilatında təqribən 1 milyard kubmetr, yəni 4,3 faiz artım qeydə alınıb.
Hesabat dövründə xaricə qaz satışı təxminən 12,7 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 6 faiz çoxdur. Cari ilin yanvar-iyun aylarında Türkiyəyə təqribən 5 milyard kubmetr, Avropaya təqribən 6,4 milyard kubmetr, Gürcüstana isə 1,3 milyard kubmetr qaz satılıb.
Azərbaycan hazırda öz qaz hasilatını artırmaq üçün işləri sürətləndirir. Ölkənin ikinci əsas qaz yatağı olan “Abşeron”da ikinci mərhələ üzrə fəaliyyətlərin aktivləşməsi də bura aiddir. SOCAR-ın vitse-prezidenti Babək Hüseynovun dediyinə görə, “Abşeron” qaz-kondensat yatağının işlənilməsi layihəsinin ikinci mərhələsi üzrə investisiya qərarı bu ilin sonuna qədər verilə bilər.
Azərbaycan öz qazı ilə yanaşı həm də Türkmənistan qazının Avropaya nəqlinin təşkilində mühüm rola malikdir. Bakı Enerji Həftəsinin ilk günündə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Türkiyənin BOTAŞ şirkəti arasında təbii qaz təchizatı, nəqli və tranziti sahəsində bir sıra müqavilələr imzalanıb. İmzalanan müqavilələr iki ölkə hökumətləri arasında 14 may 2024-cü il tarixində imzalanmış “Təbii qaz sahəsində Əməkdaşlıq haqqında” Sazişdən irəli gəlməklə, SOCAR tərəfindən Türkiyəyə təbii qaz təchizatı, Azərbaycan qazının Türkiyə vasitəsilə Bolqarıstan bazarına çatdırılması, Naxçıvana qaz təchizatı sahəsində əməkdaşlıq və Türkmən qazının Azərbaycan və üçüncü ölkələr vasitəsilə Türkiyəyə nəqli ilə bağlı müddəaları əhatə edir.
Türkmən qazının Türkiyəyə çatdırılması, oradan Avropaya qaz nəqli potensialını artırır. Türkiyə aktiv şəkildə öz ərazisində qaz mərkəzinin yaradılması istiqamətində işləri davam etdirir. Bu isə Azərbaycan qazının Avropaya çatdırılması yollarının çoxşaxəli olması imkanı deməkdir.
Dünya SAKİT,
“Yeni Müsavat”
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ