İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynanı indi ancaq Atatürk xilas edə bilərdi

Ölkəni bədbəxt edən ultra-millətçi ideologiyada  imtina olunmasa,  Ukrayna yeni-yeni müharibələrə, hətta vətəndaş qarşıdurmalarına meydan olacaq

Rusiya-Ukrayna müharibəsində məncə, hər şey gözlənilən sonluğa doğru gedir. Cəmi 10-11 il ərzində bu ölkə əvvəl Qara dənizə çıxışı olan Krım yarımadasını və Sevastopolu itirdi, indi isə mühüm sənaye və təbii ehtiyatlarla zəngin şərq vilayətləri də nəzarətdən çıxır. Bunun səbəbləri haqda müharibənin davam etdiyi bu üç ildə çox yazılıb. Bu dəfə isə tabu olan mühüm bir səbəb haqda danışmaq zamanı yetişib. 

Bu məğlubiyyətin səbəblərini anlamaq üçün ən əvvəl Ukraynanın bir az da “sintetik ölkə” olduğu gerçəyini qəbul etmək lazımdır. Kimsə inkar edə  bilməz ki, Ermənistan necə bizim ərazilərlə dövlət olubsa, Ukraynaya da belə səxavətlə torpaqlar veriblər.  İndi həm də onun davasıdır, bir az da IX əsrdəki ortaq Kiyev Rus dövlətinin yenidən bölüşdürülməsi həvəsidir. Amma indi hamı durub əvvəlki xəritələrlə torpaq davası açarsa, dünyanın dörd bir tərəfi od tutub yanar.  BMT-nin qəbul etdiyi sərhədlər yalnız kağız üzərindədir. 

Dəfələrlə yazmışam- Ukraynaya ağıllı rəhbər gəlməlidir, indi isə deyirəm ki, bəlkə də Mustafa Kamal (Atatürk) kimi birisi. Ki, ölkənin qalan hissəsini qorumağa nail olsun, elə bir siyasət aparsın ki, məsələn, Rumıniya  Ukraynanın Şimali Bukovina,  Bessarabiya ərazilərini, Macarıstan  Zakarpatyeni, Polşa isə Lvov, Ternopol, İvanovo-Frankovsk, Volın və Rovno adlanan  bölgələri geri almaq fikrinə düşməsin.   

2f802ac327989313318ea975008b16f1.jpg (288 KB)

İndi deyəcəklərim şəxsi rəyimdir, Ukraynanı bədbəxt edən ultra-millətçi ideologiyadan imtina  olmasa, ölkə yeni-yeni müharibələrə, hətta vətəndaş qarşıdurmalarına meydan olacaq.  “Avromeydan”dan sonra Ukraynaya  fəal şəkildə sırınan və dirçəldilən ideologiya ətrafında xalq olaraq birləşmək mümkün deyildi. “Niyə” sualına mənim cavabım subyektiv, hətta qərəzli görünə bilər. Məsələn, demokrat sifəti ilə hakimiyyətə gələn prezident Yuşşenko faşist  formasını geyinmiş birini Ukraynanın Milli Qəhrəmanı elan etməsi yanlış milli ideologiya seçimini sürətləndirdi. Yanlış milli ideologiya seçimi-yəni nasizm (nasional-sosialist) 20-ci əsrin əvvəlində Almaniyanı bədbəxtliyə sürüklədi. Birinci Dünya Müharibəsində məğlub olan imperiyalar (Osmanlı, Almaniya, Rusiya da daxil) yeni ideoloji axtarışında idi.  Almaniya Adolf Hitlerin nasist ideolojisinə tapındı. Bu ideologiya isə Almaniyaya daha böyük bəlalar gətirdi, İkinci Dünya Müharibəsinin sonunda dövlət indi də iki yerə(AFR və ADR) parçalandı.  

SSRİ dağılanda postsovet ölkələrini ideologiya axtarışında yanlış yönləndirmələr oldu. Allah Azərbaycanın  üzünə baxmışdı, tarix arxivində  Şərqdə ilk demokratik Xalq Cümhuriyyəti irsi, himni, bayrağı,  eləcə də Rəsulzadə kimi parlaq zəkalı lideri, Əhməd bəy Ağaoğlu kimi ideoloqları vardı. Ukrayna isə Rusiyadan ayrılmaq istəyi ilə daha pis seçim etdi, ya da yanlış yönləndirildi. Adını çəkmirəm, amma o şəxs ətrafında millətçilik ideologiyası qurmaq zənnimcə, ölkəyə yaxşı heç nə gətirmədi. Əlbəttə, bu müharibə  ideologiya ayrılığı səbəbindən başlamamışdı. Baxmayaraq ki, Rusiya hələ də bundan gen-bol anti-Ukrayna təbliğatı düzəldir, hərbi təcavüzünü denasifikasiya adı altında gizlətməyə çalışır. Ukraynanın döyüşkən və elit hərbi birliyi olan “Azov”çuların Mariupol dirənişi bir müharibə əfsanəsi idi, amma onların ələ keçən, təslim olanlarının faşist işarəli döymələri bu mübarizəni gözdən saldı. Dövlətə bağlı elit dəstənin faşist ideologiyasına tapınması zərurət, yoxsa məcburiyyət idi, bu da dartışmaya açıq mövzudur. 

Ekran şəkli 2025-02-14 104302.jpg (41 KB)

Rusiya özü son 100 ildə də imperialist ideyalarından əl çəkməyib. Rus şovinizmi istər aşkar, istərsə də gizli həmişə olub, olacaq da. Rusiyada  hakimiyyətdəki boşluqlardan radikal şovinizm- “başıqırxıqlar” (skinxedlər) ortaya çıxdı. Nasistlər Rusiyada meydan sulayırdılar, onların ciddi siyasi dəstəkçiləri də az deyildi.  Qərbin təbliğat ruporları çox vaxt onları görməzdən gəlirdilər ki, “dazbaşlar”  hakimiyyətin içinə də sızsınlar, ölkədə yaşayan millətlərin əleyhinə hərəkata çevrilsin. Bu təşkilatlanma daha da irəli gedə bilsəydi, əminəm ki, Rusiya içəridən çoxdan dağılmışdı, bütün milli regionlar özlərini qorumaq üçün ayağa qalxacaqdılar. Amma Putin hakimiyyəti becid tərpəndi, imperiya maraqlarına, şovinizmə fərqli “korrektələr” edildi. 

maxresdefault (3).jpg (98 KB)

Ukrayna liderlərində isə müdriklik çatmadı, müstəqil ola bilmədilər, həm də ölkənin taleyindən çox öz ciblərini güddülər. Uzun müddət nə ordu formalaşdıra, nə də milli kadrlar yetişdirdilər.  Rusiyanın “arxa baxçası” olmaqdan imtina etdikdən sonra da Qərbin yalan-palan planlarında yer aldılar, indi bütün Ukrayna bu səbatsız yönətimin cəzasını çəkir.   

Ukraynaya indən sonra çox çətin olacaq, ölkəni ağır kompromislər gözləyir. Amma bu da son olmaya bilər. Ona görə indi  ən əvvəl güclü lider lazımdır ki, heç olmasa, Ukraynanın qalan ərazilərini xilas edə bilsin...

Nazim Sabiroğlu, 
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Mart 2025

BÜTÜN XƏBƏRLƏR