İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada savaş qlobal miqyas alır - Lavrovun tapmaca kimi çıxışı...

Siyasi şərhçinin fikrincə, Rusiyanın Ukraynada kollektiv Qərblə apardığı müharibədə qələbə çalmaq şansları çox azdır

Krım körpüsünün partladılması ilə Ukrayna müharibəsi faktiki olaraq yeni fazaya qədəm qoyub. Bir tərəfdən səfərbərlik hesabına Ukraynada hərbi qüvvələrin sayını artırmağa hazırlaşan Rusiya hazırda Ukrayna ordusunun hücumlarını dayandırmaq üçün iri şəhərlər və nəqliyyat, elektrik enerjisi və digər infrastruktura aramsız bombardman həyata keçirir.

Rusiya rəhbərliyi Ukraynadakı müharibəni Rusiya-Qərb savaşı kimi təqdim edir. Xüsusən də prezident Putin sonuncu çıxışlarında açıq mətnlə kollektiv Qərbə qarşı müharibə elan etdi. Bu günlərdə NATO baş katibinin “Rusiyanın Ukraynada qələbəsi NATO-nun məğlubiyyəti olacaq” deməsi müharibənin miqyasını açıq göstərən ifadə hesab oluna bilər.

Rusiya XİN başçısı ABŞ-ın Ukrayna ordusuna silahlar verdiyini, kəşfiyyat məlumatları ötürdüyünü xatırladıb: “Martda İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarında tərəflər razılığa gəlməyə hazır idi. Martın sonunda Ukrayna nümayəndə heyəti ilə danışıqlar masası arxasında oturduq. Həmin vaxt bu vəziyyətin həllinə yanaşma İstanbulda ukraynalıların təklif etdiyi prinsiplər əsasında razılaşdırılmışdı”.

Lavrov qeyd edib ki, Kiyevin şərtləri ilə atəşkəs haqqında razılığa gələ bilərdilər. Lakin Britaniya və ABŞ imkan verməyib:

“Danışıqlar ABŞ və Londonun birbaşa göstərişi ilə dayandırıldı. Bu müharibəni Zelenski rejiminə tamamilə nəzarət edən anqlosakslar idarə edir. Polşa və Baltikyanı ölkələr də onlara qoşulmağa çalışırlar”.

Lavrov bu çıxışı etdiyi gün isə Dövlət Departamenti belə bir açıqlama yayıb:

“Kremlin Ukraynada endirdiyi zərbələr mülki əhali arasında ölüm halları ilə nəticələnən qeyri-hərbi hədəflərə yönləndirilmişdir. Onlar kimin haqlı, kimin haqsız olduğunu bir daha nümayiş etdirdilər. Ukrayna xalqına ismaric: Birləşmiş Ştatlar sizinlədir”.

Həmçinin bu günlərdə elan olundu ki, Ukraynanı Rusiyanın raket hücumlarından qorumaq üçün ABŞ bu ölkəyə qabaqcıl hava hücumundan müdafiə sistemi göndərəcək. Ukrayna prezidenti Zelenski ilə telefon danışığında ABŞ prezidenti Bayden Ukraynanı qabaqcıl hava hücumundan müdafiə sistemləri ilə təmin edəcəklərini deyib.

Kremlin sözçüsü Dmitri Peskov ABŞ-ın Ukraynaya sözügedən müdafiə sistemini verməsinin müharibənin uzadılması anlamına gəldiyini bildirib və Vaşinqtona bir növ xəbərdarlıq edib. Peskov bu vəziyyətin "Ukraynaya acı verəcəyini" deməklə Kiyevi hədələyib. O, həmçinin vurğulayıb ki, tədarüklər Moskvanın Ukraynadakı hərbi əməliyyatının məqsədlərini dəyişməyəcək.

Bütün bu açıqlama və bəyanatlardan görünür ki, müharibə yalnız Rusiya və Ukrayna arasında deyil. NATO bu müharibədə əsgər göndərməsə də, silah, hərbi və maliyyə yardımı, informasiya və digər sahələrdə Ukraynanın yanında yer alır. Bu isə istər-istəməz müharibənin genişlənməsi riskini artırır. Çünki daha əvvəl Vyetnamda, Əfqanıstanda baş verən “mandat müharibələrindən” fərqli olaraq bu dəfə əməliyyatlar Rusiya və NATO-nun sərhədində, Avropada baş verir. Əgər Qərb kəşfiyyatına və liderlərin açıqlamalarına inansaq nüvə silahından istifadə riski yüksəkdir. Başqa sözlə, müharibənin qlobal miqyas alması riski çox yüksəkdir.

Siyasi şərhçi Zaur İbrahimli düşünür ki, NATO-nun Ukraynaya göstərdiyi dəstəyin həcmi və miqyası NATO-nun bu müharibədə tərəf olduğunu isbat edir. Ekspertin fikrincə, hazırda faktiki olaraq NATO Ukrayna müharibəsində iştirak edir, hər vasitə ilə Ukraynanın qələbəsinə çalışır:

“Hazırda Ukraynaya 50 ölkə fəal dəstək verir, Kiyevə son yeddi ayda verilən hərbi dəstəyin miqdarı Avropa ölkələrinin bir çoxunun hərbi büdcəsindən artıqdır. NATO müdafiə nazirlərinin bugünkü toplantısında isə Ukraynaya müasir hərbi hava hücumundan müdafiə vasitələri verilməsi prioritet elan edilib. Eyni zamanda Ukrayna ordusuna ardıcıl təlimlər təşkil olunur və hərbi əməliyyatların idarəolunması, planlaşdırılması, kəşfiyyat xidmətinin təşkili ABŞ, Britaniya və digər NATO üzvü ölkələr tərəfindən təşkil edilir. Son vaxtlar isə aşkar görünür ki, Ukraynanın hərbi və diplomatik strategiyasının müəyyənləşməsində də NATO aparıcı mövqe tutur. Bu baxımdan Rusiyanın kollektiv Qərblə, NATO ilə müharibə aparması iddiası həqiqətdən uzaq deyil”.

Z.İbrahimliyə görə, Qərb Ukrayna müharibəsi vasitəsilə Rusiyanı hərbi cəbhədə məğlub etmək, onun ambisiyalarını məhdudlaşdırmaq, başqa sözlə Rusiyanı kapitulyasiyaya məcbur etməkdir. Məhz bu səbəbdən hazırda siyasi danışıqlar gündəmdə deyil:

“Bir müddət əvvəl Ukrayna müharibəsində strateji prinsipi ABŞ prezidenti və Pentaqonun rəhbəri açıqlamışdı. Bu prinsipə görə Rusiya hər meydanında məğlub edilməli, yaxud o səviyyədə zəifləməlidir ki, geosiyasi ambisiyalarından əl çəksin, İkinci Dünya Müharibəsindən sonra Yaponiya, Almaniya kimi militarist imkanlardan məhrum edilsin. Bu strategiya anacaq Rusiyanın geri çəkilməsini, hərbi və diplomatik kapitulyasiyasına nail olmağı nəzərdə tutur. Bu strategiyada Moskva ilə sövdələşmək nəzərdə tutulmur və bu istiqamətdə səylər ABŞ tərəfindən, NATO tərəfindən məqbul hesab edilməyəcək. Digər tərəfdən transmilli şirkətlərin Rusiyaadan gedişi də göstərir ki, Qərb ölkələrinin siyasi, iqtisadi elitasında Moskva ilə onun təslim olmasına qədər qarşıdurmanın davam etdirilməsi ilə bağlı konsensus əldə edilib. Almaniyanın Ukraynaya fəal dəstək verməsi bir daha göstərir ki, Qərb bloku Putin Rusiyası ilə hər hansı kompromisi artıq rədd ediblər”.

Şərhçi düşünür ki, gələcək ssenarilər barədə təxminlər üçün hazırkı şəraiti diqqətlə təhlil etmək lazımdır. Z.İbrahimliyə görə, hazırda Rusiyanın bu qarşıdurmada üstünlük əldə edəcəyi qeyri-mümkün görünür. Başqa sözlə, ekspertin fikrincə, Moskvanın 24 fevraldan əvvəlki statusunu bərpa edəcəyi real görünmür. Kremldən səslənən nüvə təhdidləri də, göstərir, Moskvada da qəti hərbi üstünlüyə nail olmağa inam yoxdur. Çinlə bağlı ümidlər də doğrulmur və Pekinin kollektiv Qərbə qarşı hərb meydanında vuruşacağı indiki şərtlərdə inandırıcı görünmür”.

Kənan RÖVŞƏNOĞLU,
Xüsusi olaraq Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR