İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukraynada 8 il həbs edilən Qarabağ qazisi Azərbaycana ekstradisiya ediləcəkmi - rəylər

Hüquq müdafiəçisi: “Ukrayna məhkəməsinin qərarından sonra daha ciddi addımlar atılmalıdır”

Dekabrın 6-da Ukrayna məhkəməsi Azərbaycan vətəndaşı, Vətən müharibəsi iştirakçısı Misir Qasımlıya və onun dostu Sübhan Quliyevə hökm oxuyub.

Ukrayna mətbuatı xəbər verir ki, adam oğurluğu, xuliqanlıq və silah saxlamaqda təqsirləndirilən Misir Qasımlı və Sübhan Quliyev səkkiz il müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən dərhal sonra Misir Qasımlı və Sübhan Quliyev məhkəmənin çıxardığı hökmə etiraz ediblər.

Məhkəmə salonunda gərginlik yaşanıb.

Xatırladaq ki, təqsirləndirilən Misir Qasımlı və Sübhan Quliyev milliyyətcə erməni olan şəxslər tərəfindən şərləndiklərini iddia edirlər.

“Ötən gün keçirilən məhkəmədə qarşı tərəf hakimə saxta rəy təqdim edib”.

Bunu Ukraynada həbsdə saxlanılan azərbaycanlı qazi, Vətən müharibəsinin iştirakçısı Misir Qasımlının vəkili Aygül Rəfiyeva Oxu.Az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, son bir neçə məhkəmədir ki, bıçaqlanma məsələsi yenidən gündəmə gətirilib:

“Zərərçəkmiş ona maşında bir bıçaq zərbəsi endirildiyini deyirdi. Şalvarı da ekspertizaya təqdim olunmuşdu. Ötən prosesdə şalvarı maddi sübut olaraq açdılar. Önündə üç deşik, arxasında 6 deşik var idi. Polislər özləri şalvarı deşik-deşik ediblər. Lakin zərərçəkmiş ifadəsində bir dəfə vurulduğunu söyləmişdi. Xəsarət də qeydə alınmayıb. Sual olunur ki, maşında əyləşən biri arxadan necə vurula bilər?

9 bıçaq zərbəsindən insanı qan aparardı. Maşından qan tapılmayıb. Daha sonra heyvan qanını töküblər. Şalvardakı qanın isə ümumiyyətlə mənşəyi bilinmir. Ekspertiza müəyyən edə bilməyib, bununla bağlı rəy verib".

Vəkil ötən gün məhkəmədə təqdim olunan rəyi hakimin qəbul etmədiyini qeyd edib: “Rəyin qəbul edilməməsi ilə bağlı etiraz etdik. Sübutları ilk məhkəmələrdə vermək mümkündür. Sonuncuda qəbul olunan deyil. Hakim də qəbul etmədi. Onlar saxta rəy alıblar. Rəy var idisə, vaxtında verilməli idi. Hakim xüsusi qərar çıxarıb, rəyi yoxlanışa göndərə bilərdi. Lakin göz yumdu. Maddi sübut kimi, sadəcə olaraq, qəbul etmədi. O hissə xeyrimizə oldu”.

A.Rəfiyeva hakimin məhkəməyə hazır qərarla gəldiyini söyləyib:

“Sübut olmadığına görə bəraət veriləcəyini düşünürdüm. Misir Qasımlı və Sübhan Quliyev 1 il 8 ay orada yatıblar. Misir ötən gün məhkəmədə hər şeyi qaydasında danışdı. Heç nəyi unutmadı. Bütün detalları dedi. Hakim hazır qərarla gəlmişdi. Hakim məhkəmə prosesində canlı efirə icazə verirdi ki, özünün hər şeyə açıq olduğunu göstərsin. Hətta Misir və Sübhan etiraz edəndə də onları zaldan kənarlaşdırmırdı”.

Aygül Rəfiyeva zərərçəkmişin məhkəməyə, ümumiyyətlə, videogörüntü ilə də qoşulmadığını söyləyib: “Zərərçəkmiş məhkəmədə yenə iştirak etmədi. Əvvəllər video ilə qoşulurdu. Bir neçə məhkəmədir ki, videogörüntü ilə də qoşulmur. Ötən gün erməni izinin olması bir daha sübut olundu. Bizdən qabaq onların xəbəri var idi. Nalayiq ifadələrlə paylaşımlar edirlər. Misiri oradan çıxmağa qoymayacaqlar. Öldürməsələr yaxşıdır. Hər şey bizim xeyrimizə olsa da, hakim xeyrimizə deyildi.

Ombudsman da onlara xəbər göndərmişdi. Biz sevindik ki, yaxşı nəticə alacağıq. Əksi ilə üzləşdik. Prokuror, zərərçəkmişin vəkili 10 il həbs istədilər. Hakim 8 il verdi. Həmin adamın psixoloji problemləri var. Narkotik maddələrin təsiri altında olub".

Bəs hazırda soydaşlarımızın vəziyyəti nə yerdədir? Onların Azərbaycana ekstradisiyası mümkündürmü?

Qazimiz azadlığa çıxacaq" - Hikmət Cavad

Hikmət Cavad

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, hüquq elmləri doktoru Hikmət Cavad “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, hakimin qərarı onlar üçün tamamilə gözlənilməz olub: “Hakim demək olar ki, bizi şoka salan qərar qəbul etdi, həm Misir Qasımlıya, həm də Sübhan Quliyeva 8 il iş kəsdi. Bu, bizim üçün tamamilə gözlənilməz oldu. Çünki proseslər etaplı şəkildə gedirdi, yəni zərərçəkmişin dindirilməsi, şahid ifadələrinin alınması prosesləri hamısı bizim xeyrimizə idi. Yəni zərərçəkmişin dindirilməsi, bu zaman onun verdiyi bəzi məlumatların yalan olduğunun üzə çıxması, həmçinin şahid ifadələri prosesi bizim xeyrimizə olan istiqamətə aparmışdı. Mən özüm şəxsən hakimlə görüşmüşdüm, məhkəmə proseslərində də iştirak edib, diaspor sədri olaraq çıxış etmişdim. Amma sonda hakim tamamilə gözləmədiyimiz bir qərar verdi”.

Diaspor rəhbəri qeyd etdi ki, təkcə son 6 ayda 30-dan çox məhkəmə prosesi keçirilib: “Qeyd edim ki, diasporumuz 6 aydan çoxdur ki, məhkəmə proseslərinə qoşulub, təşkilatımızın üzvləri bütün məhkəmə iclaslarında iştirak edib, tərəfimizdən Misir və Sübhan Ukraynada məşhur olan 2 vəkillə təmin olunub, məhkəmələrə tərcüməçilər cəlb olunub. Eləcə də təşkilatımız hüquqi şəxs olaraq Misirə  zamin durub ki, onu azadlığa buraxsınlar. Lakin Misirə qarşı olan ittihamlar ağır cinayət işləri olduğundan onun zaminə buraxılma məsələsi reallaşmadı”.

Hikmət Cavadov məsələnin kənardan göründüyü kimi sadə olmadığını dedi: “Məlum olduğu kimi, Misir 3 ağır cinayətdə adam oğurluğu, quldurluq və qanunsuz odlu silah saxlamaqda ittiham olunur.  Bu cür ağır cinayət işlərində ittiham  olunan şəxslərin zaminə buraxılması və yaxud daha tez azadlığa çıxması çox çətindir”.

Diaspor sədri qeyd edib ki, tez bir zamanda apelyasiya məhkəməsinə müraciət olunacaq: “Vəkillərimiz məhkəmənin qərarını əldə edən kimi ya bu gün, ya da ən geci sabah apelyasiyaya şikayət edəcək. Diasporumuz sona qədər Misirin yanında olacaq, onun hüquqlarını qoruyacaq, haqq-ədalətin qalib gəlməsi üçün çalışacaq”.

Çingiz Qənizadə: “Belə qərarların qəbulu hüququ zorlamaqdır”

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə də qeyd etdi ki, Ukrayna Ali Məhkəməsi tərəfindən soydaşlarımıza qarşı çıxarılan hökm Azərbaycan hüquq müdafiəçilərini də ciddi narahat edib: “Biz soydaşlarımıza, xüsusən də Qarabağ qazisi Misir Qasımlıya qarşı bağlı belə bir ciddi cəzanın veriləcəyini  ehtimal etmirdik. Əksinə, ümid edirdik ki, məhkəmə prosesi zamanı bir çox məsələlərə aydınlıq gətiriləcək, soydaşlarımız barəsində ya bəraət hökmü veriləcək, ya da daha yüngül cəza növü tətbiq olunacaq. Çünki şikayətçinin məhkəməyə gəlməməsi, erməni əsilli olması və onun polisə müraciətindən sonra  ümumiyyətlə Ukraynadan çıxıb getməsi, sonrakı proseslərdə aktiv iştirak etməməsi xeyli şübhəli məqamların olması ehtimalını  yaradırdı. Çox təəssüf ki, Ukrayna məhkəməsi bu cür qərar qəbul etdi”.

Hüquq müdafiəçisi qeyd etdi ki, Ukrayna məhkəməsinin qərarından sonra Azərbaycan tərəfindən daha ciddi addımlar atılmalıdır: “Düşünürəm ki, hüquq müdafiəçiləri də bu məsələ ilə bağlı yaxın günlərdə toplaşıb, həm Misir Qasımlının, həm də Sübhan Quliyevin azadlığa çıxması, ya da yüngül cəzaların verilməsi üçün ortaya bir mövqe qoyacaqlar”.

Çingiz Qənizadə qeyd etdi ki, soydaşlarımızın Azərbaycana ekstradisiyası üçün onların Azərbaycan vətəndaşı olması mütləqdir: “Əgər onların hansısa biri Azərbaycan vətəndaşıdırsa, onda onun özü və yaxud ailə üzvləri tərəfindən Ədliyyə Nazirliyinə müraciət etməli, bu zaman Ədliyyə Nazirliyi də bu müraciəti Ukrayna Ədliyyə Nazirliyinə göndərir və vətəndaşın özünün razılığı alınmaqla formal məhkəmə prosesi keçirilir, bundan sonra Azərbaycana ekstradisiya oluna bilər. Lakin bu proses yalnız hökm qanuni qüvvəyə mindikdən sonra həyata keçirilir. Məlum olduğu kimi, burada hələlik birinci instansiya məhkəməsinin qərarı çıxarılıb və yəqin ki, yaxın günlərdə digər instansiyalara şikayət ediləcək. Nə zaman ki, Ukrayna məhkəməsinin hökmü qanunla qüvvəyə minəcək, bundan sonra onun Azərbaycana gətirilməsi məsələsinə baxıla bilər. Təbii ki,  əgər Azərbaycan vətəndaşıdırsa”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR