Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp bildirib ki, Ukrayna lideri Volodimir Zelenskidən Kiyevin mümkün qədər tez danışıqlara başlamağa hazır olduğu barədə məktub alıb.
Musavat.com xəbər verir ki, bu barədə Tramp Konqresdəki çıxışında danışıb.
Onun sözlərinə görə, sənəddə həmçinin Kiyevin nadir metalları üzrə razılaşma da əks olunub.
“Bu gün Ukrayna prezidenti Zelenskidən vacib bir məktub aldım. Məktubda Ukraynanın uzunmüddətli sülhə nail olmaq üçün ən qısa zamanda danışıqlar masasına oturmağa hazır olduğu qeyd olunur”, - deyə ABŞ prezidenti vurğulayıb.
Tramp qeyd edib ki, milyonlarla ukraynalı və rus bu amansız müharibədə həlak olub və ya yaralanıb:
“Mən Ukraynadakı amansız münaqişəyə son qoymaq üçün yorulmadan çalışıram. Sonu görünməyən bu dəhşətli və amansız münaqişədə milyonlarla ukraynalı və rus lazımsız yerə öldürülüb və ya yaralanıb. ABŞ Ukraynanın müdafiəsini dəstəkləmək üçün yüz milyardlarla dollar göndərib”.
“Bunun daha 5 il davam etməsini istəyirsinizmi?” - soruşan Tramp bir daha bəyan edib ki, ABŞ Ukraynaya dəstək üçün Avropadan daha çox pul xərcləyib.
“Təəssüf ki, Avropa Ukraynanı müdafiə etməkdənsə, Rusiya neft və qazını almağa daha çox pul xərcləyib. Bunun üzərində düşünün,” - deyə Donald Tramp bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı ölkələri Ukraynanın müdafiəsinə 100 milyard dollar ayırıb, halbuki demokrat Co Baydenin əvvəlki administrasiyası bu məqsədə 350 milyard dollar yönəldib. Konqres zalında iştirak edən demokratlar Trampın bu sözləri ilə razılaşmayıblar.
Donald Tramp əlavə edib ki, Rusiya tərəfdən də güclü siqnallar alır və Moskva da sülh prosesinə başlamağa hazır olduğunu bildirir.
“Bu dəliliyi dayandırmağın vaxtı gəlib çatıb. Qətlləri dayandırmağın vaxtıdır. Bu mənasız müharibəyə son qoymağın vaxtıdır. Əgər siz müharibələri dayandırmaq istəyirsinizsə, hər iki tərəflə danışmalısınız”, - deyə o vurğulayıb.
ABŞ prezidenti çıxışı zamanı Vaşinqtonun Kiyevə hərbi yardımı dayandırması məsələsinə toxunmayıb.
İqbal RZAYEV
Musavat.com
06 Mart 2025
05 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ