Onlayn ictimai-siyasi qəzet
Tanınmış jurnalistlər təklif edirlər ki, Ukrayna əvvəlcə güc toplasın, ordusunu modernləşdirsin, sonra Azərbaycan kimi ərazilərini işğaldan azad etsin; Zelenski müharibə strategiyasını dəyişir və fərqli əməliyyatlara hazırlaşır - iki rəy
Son günlər Qərbdə Ukrayna və Rusiya arasında sülh danışıqlarına başlamağın vaxtı çatdığı haqda daha ucadan danışılmağa başlanıb. Bu da belə əsaslandırılır ki, cəbhə xəttində faktiki durğunluq yaranıb, üstəlik, Yaxın Şərq konflikti fonunda Ukrayna ilə bağlı bir yorğunluq özünü göstərməkdədir.
Hərçənd Ukraynada bu cür təkliflər birmənalı qəbul olunmur. “Yeni Müsavat” bildirir ki, tanınmış jurnalist və media meneceri Yevgeni Kiselyov ukraynalı jurnalist və publisist Vitali Portnikovla söhbətində Ukraynanın aktual problemlərindən və onun hərbi əməliyyatların gedişatını kökündən dəyişdirə bilməməsindən danışarkən Azərbaycanı və onun silahlı qüvvələrini misal çəkib. “Biz Azərbaycan təcrübəsini bir daha xatırlatmalıyıq. Prezident İlham Əliyev Türkiyə ilə ittifaqda yaxşı təlim keçmiş və yaxşı təchiz olunmuş müasir ordu yaratmağa nail oldu və məqsədinə çatdı - Qarabağ məsələsini bağladı”, - Kiselyov xatırlayıb.
“Niyə Qərb Vladimir Zelenskiyə və ya başqasına, bəlkə də Ukraynanın növbəti prezidentinə bunları demir: "Bəlkə biz Azərbaycan təcrübəsindən istifadə edək. Gəlin əvvəlcə güc toplayaq və Ukrayna ordusunu daha da modernləşdirək. Əsas problem həll olunub - Rusiyanın Ukraynanı ələ keçirmək, indiki hakimiyyəti devirmək və orada marionet rejim qurmaq, Ukraynanı azadlıq, müstəqillik və suverenlikdən məhrum etmək cəhdləri uğursuzluqla nəticələnib. Gəlin indi tələsməyək, güc toplayaq və yalnız bundan sonra problemləri Azərbaycanın bacardığı kimi həll edək", - jurnalist təklif edib. Kiselyovun dedikləri nə dərəcədə mümkündür? Əlbəttə, hər bir müqayisə qüsurludur. Ancaq tutaq ki, Qərb bu strategiyaya razı oldu, köməkliyini də elədi, bəs Rusiya imkan verəcəkmi? Dayanmaq və toparlanmaq Rusiyanın da nəfəsini dərməsinə şərait yaratmaq deyilmi? Məgər Kiyev güclənəndə Moskva əl-qolunu sallayıb gözləyəcəkmi? Bəlkə başqa yollar da var, misal üçün, Ukrayna hakimiyyəti Rusiya ilə masaya oturur və müəyyən öhdəliklər (NATO-ya üzv olmamaq, ölkənin şərqində yaşayan rus əhalisinin hüquqları və s. ) götürməsi qarşılığında torpaqlarını geri alır? Hərçənd tökülən bu qədər qanlardan sonra çətin ki, nə Rusiya işğal etdiyi və özünə birləşdirdiyi əraziləri danışıqlarla qaytarmağa razılaşsın, nə də Kiyev buna inansın... Demək ki, sürünən müharibə mənasız və ümidsiz bir nöqtəyə çatıb.
Yeri gəlmişkən, Ukrayna ordusu Xerson vilayətinin sol sahilində döyüşləri davam etdirib və hətta təsdiqlənmiş uğurlar əldə edib. Bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb. “Geolokasiya videosuna istinadən verilən məlumatlara görə, Ukrayna qoşunları Podstepove yaxınlığındakı günəş panelləri fermasının cənub-qərbində irəliləyiş əldə ediblər. Eyni zamanda digər videolar da onların Krınkidəki evlərdə mövqe tutduğunu təsdiqləyir. Rusiyalı bloger də Krınki və Pesçanovka-Poyma xətti boyunca mövqe döyüşlərinin davam etdiyini təsdiqləyib”, - hesabatda qeyd olunub. Ukrayna prezidenti Vladimir Zelenski ABŞ Konqresini Ukraynaya hərbi yardımı davam etdirməyə çağırıb. O, qərara mane olan qanunvericilərə bildirib ki, əks halda, Rusiyanın NATO ölkəsinə hücum riski yüksəkdir və bu, Amerika əsgərlərini də müharibəyə cəlb edəcək. “Rusiya hamımızı öldürsə, NATO ölkələrinə hücum edəcək və siz oğullarınızı, qızlarınızı müharibəyə göndərəcəksiniz. Bağışlayın, amma qiymət daha yüksək olacaq”, - o bildirib. Zelenski, eyni zamanda Ukrayna Silahlı Qüvvələrinin Rusiya tərəfindən işğal olunmuş əraziləri azad etmək səylərinin dalana dirənməsi ilə bağlı fikirləri rədd edib.
“Ukrayna Rusiya ilə müharibə strategiyasını dəyişməyi nəzərdən keçirir”. Bunu da Ukrayna prezidenti Volodimir Zelenski “NBC News”a müsahibəsində deyib. “Hərbçilərimiz daha sürətli irəliləmək və Rusiyaya gözlənilməz hücumlar etmək üçün müxtəlif planlar, fərqli əməliyyatlar üzərində işləyirlər”, - o bildirib. Eyni zamanda Zelenski ABŞ ordusunun, digər müttəfiqlərinin və hətta Ukrayna Silahlı Qüvvələrinin baş komandanının 20 aylıq şiddətli döyüşlərdən sonra müharibənin dalana dirənməsi ilə bağlı son bəyanatlarını təkzib edib. “Onlar bizi məğlub edəcəklərini düşünürdülər, lakin bu baş vermədi. Bunun dalan olduğunu sanmıram”, - dövlət başçısı vurğulayıb. Noyabrın 6-da Ukrayna Baş Qərargahı məlumat yayıb ki, Rusiya indiyə qədər 305 970 hərbçi, 5288 ədəd tank, 9958 ədəd zirehli döyüş maşını, 7389 ədəd artilleriya sistemi, 867 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 570 hava hücumundan müdafiə sistemi, 322 ədəd hərbi təyyarə, 324 ədəd helikopter, 9744 ədəd avtomobil texnikası, 5554 ədəd PUA, 1556 qanadlı raket, 20 gəmi/kater, 1 sualtı qayıq, 1047 xüsusi avadanlıq itirib.
Alp Arslan İmamqulu
Təhlükəsizlik eksperti Alp Arslan İmamqulunun “Yeni Müsavat”a bildirdiyinə görə, Ukrayna münaqişəsi Qarabağ müharibəsindən bir sıra elementləri ilə fərqlənir. Onun sözlərinə görə, ilk fərq odur ki, uzun müddət torpaqlarımız işğal altında olub və həmin dövrdə atəşkəs imzalanıb: “Bu 30 il ərzində danışıqlar gedirdi və torpaqların sülh yolu ilə azad olunması müzakirələri aparılırdı. Sadəcə, danışıqlar nəticə vermədiyi üçün güc yolu ilə torpaqlar işğaldan azad edildi. Ukraynada isə orduya kənardan ciddi dəstək verilir. Doğrudur, Azərbaycan atəşkəs dövründə ordu quruculuğunu inkişaf etdirdi və bu mənada Ukrayna bizdən nümunə götürə bilər, amma hazırda orada isti müharibə gedir və belə ərəfədə bunu etmək çox çətindir”. Ekspertin fikrincə, bununla belə, Ukraynanın dayanıb toparlanmaq imkanları mövcuddur: “Nəzərə alsaq ki, Ukraynanın arxasında Qərbin inkişaf etmiş ölkələri dayanır, bu halda Kiyevin şansları daha böyükdür. Azərbaycan heç kəsdən bu dəstəyi almayıb və öz gücünə dayanmışdı. Ukraynanın isə NATO-dan aldığı yardımlar var və gücünə güc qatır. Bu baxımdan, onlar ordunu təkmilləşdirə, gərəkli addımlar ata bilərlər”.
Fuad Əliyev
Siyasi ekspert Fuad Əliyev Ukraynanın Rusiyanın özünə birləşdirdiyi 4 regionu geri qaytarmaq gücünə malik olmadığını düşünür. Onun sözlərinə görə, NATO-nun bu qədər silah-sursat verməsinə, ABŞ və koalisiya qüvvələrinin siyasi-hərbi dəstəyinə, Avropa Birliyinin maliyyə ayırmasına baxmayaraq, Ukrayna ordusu hədəflərinə çata bilmir: “Bunu Zalujni də etiraf etdi. Zelenski də əlavə yardıma ehtiyac olduğunu dilə gətirir. Amerikalı rəsmilər artıq yardım imkanlarının tükənməsindən danışırlar. Yəni bu qədər dəstək var, Ukrayna üçün muzdlular belə döyüşür, yenə əraziləri azad etmək mümkün olmur. Hətta dayanıb ordusunu inkişaf etdirsə belə gələcəkdə torpaqlarını geri qaytara bilməyəcək. Üstəlik, bu savaşda hamı yorulub. Kiyevin tək yolu danışıqlar aparmaqdır”. Siyasi şərhçi Rusiyanın da itkilərinin kifayət qədər çox olduğunu, sadəcə, yenə də potensialı qaldığını fikirləşir: “Rusiya canlı qüvvə, mərmi, artilleriya cəhətdən inanılmaz dərəcədə güclüdür. Onlar Qərbi tükəndirmək xəttini tutublar. Artıq rus ordusu hücum etmir, götürdüyü əraziləri müdafiə edir. Həmin müdafiə xətlərini yarmaq çətindir. Zalujni də təsdiqlədi ki, gözlənilməz dərəcədə ərazilər minalanıb, istehkamlar qurulub. Zelenskini müdafiə edən koalisiya təkrar düşünmək məcburiyyətindədir”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
12 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ