Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Ukrayna artıq hər ay 200 mindən çox döyüş dronu istehsal edir. Bu, cəmi bir il ərzində istehsalın 20 min səviyyəsindən 200 minə yüksəlməsi, yəni təxminən 900% artım deməkdir.
“Guardian”, “AP”, “Kyiv Post” və “Euromaidan Press” yazır ki, belə sürətli artım Ukraynanın müdafiə sənayesinin misilsiz səfərbərliyi və Qərblə – xüsusilə ABŞ, Avropa İttifaqı və Danimarka ilə bağlanan sazişlər sayəsində baş verir. Danimarka artıq Ukrayna ilə birgə dron istehsalına dair müqavilə imzalayıb. ABŞ və Aİ ilə isə əlavə tədarüklər və istehsal planları razılaşdırılıb.
Ukraynanın Müdafiə Nazirliyi rəsmən açıqlayıb ki, 2025-ci ildə ölkə ümumilikdə 2.5 – 3 milyon hərbi dron istehsal etməyi planlaşdırır. Bu dronların əksəriyyəti FPV tipli kamikadze aparatları olacaq və Rusiyanın mövqelərini intensiv vurmaq üçün nəzərdə tutulub.
Bu arada, “Guardian” qeyd edir ki, Kiyev yalnız dronları artırmır, həm də müxtəlif döyüş texnologiyalarının lokal istehsalını genişləndirir. Bununla Ukrayna ordusu cəbhədə üstünlüyü gücləndirməyi və Rusiyanın davamlı hücumlarını dron “divarı” ilə əngəlləməyi hədəfləyir.
Ekspertlər bildirirlər ki, yaxın aylarda Rusiya mövqelərinə dron zərbələrinin daha da intensivləşəcəyi gözlənilir. Putin isə hələlik bu rəqəmsal müharibə modelinə effektiv cavab tapmayıb.
Musavat.com
08 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ