İnsanlara hürriyət, millətlərə istiqlal!

Ukrayna ilə Rusiya arasında müvəqqəti sülh – müharibəyə davam ya tamam?

Səudiyyə Ərəbistanında bir neçə gün davam edən danışıqlardan sonra Ukrayna və ABŞ-ın atəşkəs razılaşması əldə etdiyi açıqlananda bütün gözlər Moskvaya çevrildi. ABŞ dövlət katibi Mark Rubionun dediyi kimi, “top Rusiyanın meydançasında idi”. Gözlənilən cavab Rusiya prezidenti Vladimir Putindən gəlib. O, Ukraynadakı müharibədə müvəqqəti atəşkəs ideyasını şərti olaraq dəstəklədi, lakin ABŞ-la müzakirə edilməli olan bir sıra məsələləri qaldırdı. Ukrayna prezidenti Vladimir Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasındakı mübahisədən iki həftə sonra Kiyev, görünür, Vaşinqtonla konstruktiv dialoqu bərpa etməyi bacarıb. Ukraynanın 30 günlük atəşkəs razılaşması ABŞ-ın Kiyevlə silah tədarükü və kəşfiyyat məlumatlarının mübadiləsinin bərpasına yol açıb. Ukrayna ilə Rusiya arasında davamlı sülhə nə mane olur? Atəşkəs razılaşması Ukraynaya nə verəcək? Bu razılaşma Rusiyaya nə verir?

Siyasi şərhçi Azər Hüseynov Musavat.com-a deyib ki, Ukrayna ilə Rusiya arasında müvəqqəti atəşkəsin gündəmə gəlməsi beynəlxalq siyasət səhnəsində çoxmərhələli bir oyunun növbəti pərdəsi kimi görünür. Müharibənin əvvəlindən bəri tərəflər arasındakı münasibətlər artıq klassik müharibə-taktika strategiyasından çıxıb, qlobal geopolitik maraqların kəsişdiyi bir məkana çevrilib. Hazırkı situasiya yalnız iki ölkənin gələcəyini deyil, həm də beynəlxalq sistemin hansı istiqamətdə dəyişəcəyini müəyyən edir: “Səudiyyə Ərəbistanında keçirilən danışıqlar və ardınca ABŞ-ın Kiyevlə yenidən diplomatik və hərbi əlaqələri bərpa etməsi göstərdi ki, Ukrayna məsələsi hələ də tam olaraq bağlanmayıb. Burada ən maraqlı məqam, Vladimir Zelenskinin ABŞ-la olan münasibətlərində bir qədər müstəqillik nümayiş etdirməsidir. Tramp ilə son görüşdə sərgilədiyi dirəniş və sərt çıxışlar, dünya dövlətlərinə bir mesaj idi: ABŞ həmişə güvənilən müttəfiq olmaya bilər. Bu isə, Avropa ölkələrinin Vaşinqtona olan münasibətini də sual altına qoydu”.

Siyasi şərhçi bildirib ki, ABŞ tərəfi anlayıb ki, Zelenski artıq təkbaşına hərəkət etməyə meyilli ola bilər: “Vaşinqton onsuz da Yaxın Şərqdə yeni toqquşmaların başladığını və əsas diqqətini oraya yönəltməli olduğunu görür. Husilərin Yəməndəki hədəflərinin vurulması, Hizbullah və Suriya hökuməti arasında silahlı qarşıdurmalar, Qəzzanın bombalanması və nəhayət, İranın birbaşa hücuma məruz qalması ehtimalı – bütün bunlar göstərir ki, ABŞ-ın diqqəti artıq Ukraynadan kənara çəkilir. Ukrayna məsələsi isə artıq tükənməkdə olan bir oyun kartıdır. Lakin bu, Rusiyanın da tam qalib olduğu anlamına gəlmir. ABŞ Rusiyanı tam yarasız buraxmaq istəmir, çünki bu, Çin-Rusiya əməkdaşlığını daha da gücləndirə bilər. Bunun əvəzinə, Moskvanın Şərqi Avropada müəyyən təsir sahəsinə malik olmasını qəbul etmək, eyni zamanda Rusiya iqtisadiyyatını zəiflətmək Vaşinqtonun balans siyasətinə daha uyğundur”.

Siyasi şərhçi qeyd edib ki, Tramp-Zelenski qarşıdurmasından sonra Ukrayna diplomatik və hərbi dəstək baxımından yeni tərəfdaşlar axtarmağa məcbur olub: “Gözlənildiyi kimi, Zelenski sonda Türkiyəyə daha çox yaxınlaşdı. Prezident Ərdoğan, Ukraynanı tam süqutdan qorumaq üçün onu öz çətiri altına aldı. Bu, sadəcə humanitar və ya ideoloji bir addım deyildi. Türkiyə həm NATO üzvü, həm də Rusiya ilə yaxın əlaqələri olan bir ölkə kimi, bu məsələdə əsas vasitəçiyə çevrilə bilərdi. Türkiyənin Ukraynaya verdiyi dəstək, həm də Qərbə bir mesaj idi: Ankara regional güc kimi Qərb və Şərq arasında balans yarada biləcək yeganə ölkədir. Bu, həm Ukrayna, həm də Rusiya üçün yeni bir perspektiv açırdı – danışıqlar prosesinin Türkiyə üzərindən aparılması. Ukraynanın 30 günlük atəşkəsə razı olması, Kiyevin müharibəni sonsuz uzada bilməyəcəyini anlamasından irəli gəlir.

Siyasi şərhçi “Bu atəşkəs Ukraynaya nə verəcək” sualına belə cavab verib: “Əvvəla, bu, Kiyevə yenidən silah tədarükü və kəşfiyyat məlumatlarının bərpası üçün vaxt qazandırır. Digər tərəfdən, Ukrayna rəhbərliyi bu prosesdə beynəlxalq diqqəti üzərində saxlayır və "biz sülh istəyirik, ancaq Rusiya mane olur" narrativi ilə çıxış edə bilir. Rusiya üçün isə bu atəşkəs həm risk, həm də fürsətdir. Əgər Moskva bu fürsətdən istifadə edərək öz diplomatik manevrlərini gücləndirsə, müəyyən güzəştlər qazana bilər. Lakin Ukraynanın bu atəşkəsi sadəcə müharibəyə hazırlaşmaq üçün istədiyini düşünsə və razılaşmanı rədd etsə, bu, beynəlxalq arenada onun daha da təcrid olunmasına səbəb ola bilər. Hazırda Ukrayna ilə Rusiya arasında sülhə mane olan ən böyük amil, Ukraynanın artıq simmetrik dövlət quruluşundan çıxaraq "asimmetrikləşməsi"dir. Yəni, Kiyev artıq müstəqil şəkildə hərəkət edə bilmir, amma eyni zamanda tam olaraq Qərbin direktivlərinə də uymur. Ukraynanın "beynəlxalq sistemə böhran verəcəyi ilə təhdid etməsi" məsələsi də buradan qaynaqlanır. Əgər Ukrayna davamlı şəkildə qeyri-müəyyən bir mövqedə qalarsa və ABŞ-ın verdiyi siqnalları gözləyərək hərəkət edərsə, bu, sülh prosesinin davamlı gecikməsinə səbəb olacaq. Çünki Vaşinqtonun indi əsas prioriteti Yaxın Şərqdir, lakin Rusiya ilə balans yaratmaq üçün Ukrayna kartını tam itirmək də istəmir”.

Siyasi şərhçi qeyd edib ki, müvəqqəti sülh qərarı hələ ki, müharibənin tamamlanması anlamına gəlmir: “Ukrayna və ABŞ bu prosesdən maksimum fayda götürməyə çalışacaq, Rusiya isə yeni status-kvonun formalaşmasını gözləyəcək. Əgər ABŞ həqiqətən də Ukrayna məsələsindən qurtulub Yaxın Şərqə yönəlmək istəyirsə, bu, Rusiyaya müəyyən güzəştlər ediləcəyi anlamına gəlir. Lakin hazırkı durumda nə Rusiya, nə də Ukrayna müharibənin tam bitməsində maraqlıdır – biri daha çox qazanmaq, digəri isə daha az itirmək istəyir. Buna görə də, Ukrayna ilə Rusiya arasındakı atəşkəs müharibənin tamamlanması yox, yeni bir mərhələyə keçməsi deməkdir. Gələcək proseslər Moskvanın bu situasiyanı necə idarə edəcəyindən və ABŞ-ın prioritetlərini necə dəyişəcəyindən asılı olacaq. Yəni, müvəqqəti atəşkəs – müharibəyə davam, yoxsa tamam? Sual hələ də açıq qalır”.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Mart 2025

BÜTÜN XƏBƏRLƏR